Məhkəmə qərarları › İş №2(110)-492/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-492/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-492/2021 09.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu İddiaçı Məhdud Məsuluyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1989-cu il tarixdə Şərur şəhərində doğulmuş və Şərur rayon Cəlilkənd kəndində qeydiyyatda olan Cavabdeh 1246 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumu olmaqla, cəmi 1276 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 27.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı MMC-dən dəyəri 189 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra 130 manat borcu qalmışdır. 17.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, dəyəri 1860 manat olan məişət avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra 1116 manat borcu qalmışdır. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 1246 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1276 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan 27.09.2019-cu il tarixli HAK474748 saylı borc müqaviləsindən görünür ki, borc verən dəyəri 189 manat olan məişət avadanlığı verməyi, borcalan isə hər ay müqavilə üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 17.10.2019-cu il tarixli HAK474869 saylı borc müqaviləsindən görünür ki, borc verən dəyəri 1860 manat olan məişət avadanlığı verməyi, borcalan isə hər ay müqavilə üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 15.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 27.09.2019-cu il tarixli HAK474748 saylı müqavilə üzrə 130 manat, 17.10.2019-cu il tarixli HAK474869 saylı müqavilə üzrə 1116 manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti iki min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında borc müqavilələri bağlanmış və cavabdeh müqavilələrdən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya hər iki borc müqaviləsi üzrə cəmi 1246 (bir min iki yüz qırx altı) manat borcu yaranmışdır. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Borc müqavilələrindən görünür ki, müqavilə müddəti bitdikdən sonra şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər gecikən günə ödəniş məbləğinin 1%-i dəyərində cərimə əlavə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 27.09.2019-cu il tarixli HAK474748 saylı müqavilə üzrə 130 (bir yüz otuz) manat, 17.10.2019-cu il tarixli HAK474869 saylı müqavilə üzrə 1116 (bir min yüz on altı) manat manat borc olmaqla cəmi 1246 (bir min iki yüz qırx altı) və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar