Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-496/2020 07.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək Cavabdeh 56486 (əlli altı min dörd yüz səksən altı) manat məbləğində borcun, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin məhkəməyə teleqramlar ünvanlayaraq iddialarını müdafiə etdiklərini, Cavabdeh işi üzrə məhkəmə iclasına iştirakları olmadan baxıb qərar verilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir. İddiaçı “İddiaçı" MMC-nin nümayəndəsi iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlandığını, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 56486 (əlli altı min dörd yüz səksən altı) manat borcunun olduğunu etiraf etdiyini, həmin məbləği tam olaraq İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürdüyünü, cavabdeh X2 tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilmədiyini, borc məbləğinin ödənilməmiş vəziyyətdə qaldığını, qeyd edərək, Cavabdeh 56486 (əlli altı min dörd yüz səksən altı) manat əsas borcun və iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, borclu Cavabdeh kreditor İddiaçı MMC-yə 56486 (əlli altı min dörd yüz səksən altı) manat məbləğində borcunun yarandığını tam etiraf edib. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu xx xxx 56486 (əlli altı min dörd yüz səksən altı) manat borcun yarandığı, həmin məbləği xx.xx.2020-ci il tarixindən hər ay 4707,17 (dörd min yeddi yüz yeddi manat on yeddi qəpik) manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürür; Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu tərəfindən ödəniş hər ayın bağlandığı gündən edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə kreditor məhkəməyə müraciət edə bilər; Həmin müqavilənin 2.4-cü bəndinə əsasən Ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə borclu borc məbləğindən əlavə ödənilmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5 % miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı MMC tərəfindən “xxxx” ASC vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı Xəzinə hesabına 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və Pretenziya məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə 5 gün müddətində 56486 (əlli altı min dörd yüz səksən altı) manat məbləğində borcunu İddiaçı MMC-nin hesabına köçürülməsini xahiş etmiş, əks təqdirdə İddiaçı MMC tərəfindən müvafiq məhkəmə orqanlarına həmin məbləğin ödənilməsi tələbi ilə müraciət olunacağı və iddia təmin olunacağı təqdirdə bu məbləğlə yanaşı məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin ödənilməsi öhdəliyi onun üzərinə düşəcəyi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən borclu Cavabdeh kreditor İddiaçı MMC-yə 56486 (əlli altı min dörd yüz səksən altı) manat məbləğində borcu olduğunu etiraf etmiş və onu 12 aya hər ay 4707,17 (dörd min yeddi yüz yeddi manat on yeddi qəpik) manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya heç bir ödəniş etməmiş, bununla da onun iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 882.1-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi tərəflər arasında yazılı formadan istifadə edilməklə xx xxxxxx 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığından iddiaçı tələbində haqlıdır. Məhz buna görə də iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 56486 (əlli altı min dörd yüz səksən altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 56516 (əlli altı min beş yüz on altı) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-496/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-496/2020
07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver