Məhkəmə qərarları › İş №2(110)-497/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-497/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-497/2024 30.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Zeyvə kənd sakini Cavabdeh1 ona borclu olduğu 1528 manat və Şərur rayon Kərimbəyli kənd sakini Cavabdeh2 384 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Dərvişlər kəndində özünün torpaq sahəsində əkinçiliklə məşğul olduğunu, əldə olunmuş məhsulu bazarda sataraq ailəsinin dolanışıq vəziyyətini təmin etdiyini, bu məqsədlə ötən ilin yay aylarında kartof becərdiyini, 2023-cü ilin oktyabr ayında Cavabdeh1 kartof saxladığı anbara gələrək ondan Bakı şəhərində satmaq üçün kartof istədiyini, kartofun qiyməti barədə razılığa gəldiklərini, Araza ümumilikdə 1928 manat dəyərində olan məhsulu yük maşınına toplayıb Cavabdeh1 təhvil verdiyini, cavabdeh nağd pulunun olmadığını, bir neçə gün sonra 400 manat pul verdiyini, qalan 1528 manatı isə bir ay müddətinə ödəyəcəyinə söz verdiyini, iki gün sonra Cavabdeh1 tanışı olan Cavabdeh2 kartof saxladığı anbara gətirərək ona da satmaq üçün kartof lazım olduğunu bildirdiyini, Cavabdeh2 ondan cəmi 384 manat dəyərində olan məhsulu götürərək bir ay müddətinə ödəyəcəyinə söz verdiyini, bir ay sonra Cavabdeh2 ona ödəyəcəyi pulu Cavabdeh1 kartına yüklədiyini bildirdiyini, lakin həmin vaxtdan bir ay keçməyinə baxmayaraq cavbdehlər ona olan borclarının verilməsindən hər dəfəsində müəyyən bəhanələrlə boyun qaçırdıqlarını bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək yalnız Cavabdeh1 ümumilikdə 1912 manat və 40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında 2023-cü ilin oktyabr ayında Cavabdeh1 4819 kq kartofu 40 qəpikdən satdığını, həmin vaxt cavabdeh pulunun olmadığını, 3-4 günə kimi verəcəyini bildirdiyini, kartofun pulundan 300 manat nağd, 100 manatlıq isə kartof setkası verdiyini, 2 gün sonra Araz İlkini gətirərək ona da kartof lazım olduğunu bildirdiyini, İlkinin ondan 959 kq kartof aldığını, pulu 1 ay ərzində ödəyəcəyini bildirdiyini, bir ay sonra isə İlkin kartofun pulunu Arazın kartına yüklədiyini bildirsə də Arazın onun pulunu hələ ödəmədiyini, Arazın çox adama borcu olduğunu bildiyini, cavabdehin hərbidə işlədiyini, onu hərbidən çıxartdıqlarını, Bakı şəhərində olduğunu, onunla əlaqə saxlaya bilmədiyini, şəxsin əməlində dələduzluq cinayəti olması ilə bağlı polisə müraicət etmədiyini, Arazın borclu olduğu Kənan adlı şəxs polisə müraciət edən zaman mülki məsələ olduğundan məhkəmə müraciət edilməsi göstərildiyini, ona görə də birbaşa məhkəmə müraciət etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Sonradan əsl cavabdehlə əvəz olunmuş Cavabdeh2 məhkəmədə verdiyi izahatında 2023-cü ildə Arazın ona zəng vuraraq birlikdə kartof almağa getməyi təklif etdiyini, Arazın onu iddiaçının anbarına gətirdiyini, Araz çox təkid etsə də kartofu sata bilməyəcəyini düşündüyü üçün 900 kq kartof götürdüyünü, satışdan ona 30-40 manat pul qaldığını, iddiaçı ilə heç bir sövdələşməsi olmadığını, telefon nömrəsi belə olmadığını, onu ora Arazın gətirdiyini, Arazı tanıdığını, 3-4 gündən sora isə Araz ona zəng vuraraq kartofun pulunu onun kartına atmağını tələb etdiyini, onun da Arazın kartına 400 manat göndərdiyini, Arazın ona vatsapdan göndərdiyi səsli mesajda pulu ona göndərdiyini təsdiq etdiyini, həmin səsli mesajın telefonunda olduğunu bildirmiş və məhkəmədən həmin səsli mesajın tədqiq olunmasını xahiş etmişdir. Cavabdeh2 məxsus mobil telefondakı səsli mesaj məhkəmə iclasında tədqiq olunarkən Cavabdeh1 Cavabdeh2 göndərdiyi səsli mesajda “problem yoxdur, sənlik bir şey yoxdur. Mən verdiyin üç yüz neçə-400 manatı vermişəm, mal xarab çıxıdığı üçün qalan pulu verməmişəm” sözlərini bildirmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmişdir. Həmçinin telefonoqram göndərilən zaman cavabdeh məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini, ilkin olaraq iddiaçıya 500 manat ödədiyini, aldığı kartof yararsız vəziyyətində olduğundan ona qalan borcunu qaytara bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində 2023-cü ilin noyabr ayı olduğunu, Arazın onlardan 5 ton kartof aldığını, Uğur ilə birlikdə həmin kartofu maşına yığıb avtovağzala apardıqlarını, yükləmə pulu olan 50 manatı vermədiyini, kartofun pulu ilə bərabər verəcəyini bildirdiyini, sonrakı gün Arazın İlkin adlı şəxslə gəldiyini, İlkinin Araza “bu nə kartofdu almısan”, dediyini, Arazın da ona “gətir satıb verəcəyik” dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində 2023-cü ilin noyabr ayı olduğunu, qardaşının zəng vuraraq Arazın kartof almaq üçün gəldiyini dediyini, atasının anbarına getdiyini, İlkinin Arazla gəldiyini, bir az keçdikdən sonra Arazın getdiyini, 960 kq kartofu çəkib İlkinə verdiklərini, İlkinin Araza “bu nə kartofdu almısan” dediyini, Arazın da ona ”sənin işin yoxdu al gətir satacağıq” dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində 2023-cü ilin noyabr ayı olduğunu, 5 ton kartofu Tağı ilə birlikdə Arazın maşınına vurduqlarını, oradan da aparıb tıra vurduqlarını, ikinci dəfə kartofun verilməsində orada olmadığını bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı yuxarıda qeyd olunan miqdarda kartof almış, borcundan 400 manatını qaytarmış, lakin qalan borcunu qaytarmaqdan imtina etmişdir. Həmçinin Cavabdeh2 iddiaçıya ödəmək üçün aldığı pulu da iddiaçıya verməmişdir. Cavabdehin iddiaçıya borclu olması iş üzrə şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Cavabdehə telefonoqram göndərilən zaman iddianı qismən qəbul etdiyini bildirsədə iddiaya yazılı münasibət bildirməmiş, məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəyə görə isə əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 1912 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon, Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 1912 manat borc və 40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1952 (bir min doqquz yüz əlli iki) manat alınaraq Şərur rayon, Dərvişlər kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar