Məhkəmə qərarları › İş №2(110)-50/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-50/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-50/2023 18.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Mahmudkənd sakini Cavabdeh 76 baş xırda buynuzlu heyvanın və ya onların dəyəri olan 15000 (on beş min) manat məbləğində pulun və ödədiyi dövlət rüsumu olaraq alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində fərdi təsərrüfatında xırda buynuzlu heyvan saxladığını, kənd ərazisində otlaq sahəsi olmadığından heyvanları Cavabdeh ilə birlikdə Günnüt kəndində yaxın ərazidə saxladıqlarını, heyvanları növbəli olaraq yeddi gündən bir otardıqlarını, bu ilin sentyabr ayının 17-də onun öz növbəsində heyvanları sayaraq Cavabdeh təhvil verdiyini, 7 gün sonra isə təhvil almaq üçün sürüdən onun heyvanlarından 76 baş əksik gəldiyini gördüyünü, Süleymandan bu barədə soruşduqda onun xəbəri olmadığını, heyvanları onun çobanının otardığını, onun da heyvanlarından itdiyini bildirdiyini, Süleymanın ona narahat olma sənin heyvanlarını tapacam dediyini, onun Süleymana heyvanları tapması üçün kömək də elədiyini, onunla birlikdə bir neçə gün dağlarda heyvan axtardığını, lakin heyvanların tapılmadığını, onun heyvanları Süleymandan tələb edəndə o heyvanları çobanın itirdiyini, ondan tələb etməli olduğumu dediyini, lakin onun heyvanları sayaraq Süleymana təhvil verdiyindən onu tanıdığımı bildirdiyini, onun Süleymana güzəşt edərək heyvanların yarısını keçəcəyimi desəm də Süleymanın onunla razılığa gəlmədiyini, itən heyvanların bu günkü bazar qiymətinin 15000 manatdan artıq olduğunu, onun bu barədə Süleymanla bir neçə dəfə razılaşmaq istəsə də bir nəticə əldə edə bilmədiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd etmişdir. 12 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 76 baş xırdabuynuzlu heyvanın və ya onların dəyəri olan 15000 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, 13 baş xırdabuynuzlu heyvanın ona qaytarıldığını, 13 baş da özünün güzəşt etdiyini, buna görə də, hal-hazırda iddia tələbinin dəyişdirilməsi zərurəti yarandığını qeyd edərək, Cavabdeh 50 baş xırdabuynuzlu heyvanın və ya onların dəyəri olan 10000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 136 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 2(110)-785/2021saylı, xx.xx.2022-ci il tarixli qərardadla işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiklərini bir daha təsdiq edərək əlavə olaraq izahatında sentyabr ayının 18-də Yadigar, Əsgər və onun heyvanların yanına getdiklərini, 2 baş erkək apardıqlarını, dəyişib sürüdən 2 baş erkək gətirdiklərini, orada içki içdiklərini, sentyabr ayının 19-da çobanla əlaqə saxladıqlarını, suyun az olduğunu, heyvanlara çatmadığını dediyini, sentyabrın 24-də növbəyə gələndə “kalot” gətirəcəyini dediyini, heyvanların itməsi barədə nə ona nə də Süleymana heçnə demədiyini, sentyabrın 24-ü növbəni təhvil alanda heyvanları saydığında 143 baş heyvanın kəsir gəldiyini gördüyünü, səbəbini soruşanda sentyabrın 21-i heyvanların itdiyini dediyini, hərbiçilərdən soruşduğunda heyvanların Ermənistan ərazisinə keçdiklərini bildirdiklərini, onun Süleymanın və çoban İlqarın posta getdiklərini, orada postun komandirinin ona elə söz demədiklərini bildiriyini, burdan heyvanın keçmədiyini bildirdiyini, iki dəfə Qıvrağa hərbi polis müşahidə komandanlığı vasitəsilə heyvanların o ərazidən Ermənistan ərazisinə keçmədiyi müşahidə olunduğunu, polisə müraciət etdiklərini, izahatlarının alındığını, sonra onlara bu bizim işimiz deyil məhkəməyə müraciət edin dediklərini, məcbur qalıb məhkəməyə müraciət etdiyini, keçən məhkəmə iclasından sonra cavabdehin 13 baş xırdabuynuzlu heyvanın qaytarıldığını, 13 baş da özünün cavabdehə güzəşt etdiyini, cavabdehdən qalan 12 baş qoçun, 8 baş 8 aylıq quzunun və 30 baş qoyunun və ya onların dəyəri olan 10000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyim 136 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında sentyabrın 17-si həmin növbəyə özünün getdiyini, Zaurun heyvanları sayıb ona təhvil verdiyini, onun da heyvanları çoban İlqara təhvil verdiyini, sentyabrın 18-də Zaurun, Əsgərin və Abbasın çobanın yanına getdiklərini, orada yeyib-içdiklərini, sonra bunların gəldiyini, çobanın yatdığını, sürünün bölündüyünü, çobanın 143 baş heyvanın necə olduğunu bilmədiyini dediyini, sərhəddə olan hərbçilərdən soruşduğunu, 19 sentyabr səhər saat 06:00 radələrində Ermənistan ərazisinə keçdiyini bildirklərini, lakin Qıvraq hərbi hissəsinin hərbi polisinin dediyinə görə müşahidə kameralarına baxılarkən həmin ərazidən Ermənistan ərzisinə heç bir heyvanın keçmədiyi müşahidə olunduğunu, növbəni təhvil alarkən heyvanların kəsir olduğunu bildiklərini, çobanın isə həmin 7 gün ərzində onlara məlumat vermədiyini,səbəbini soruşduqda necə olduğunu izah edə bilmədiyini, çobana özünü 67 baş heyvanını istəmədiyini, Zaurun 40 baş heyvanın alıb verməsini dediyini, çobanın “qoy fikirləşim görüm necə edirəm” dediyini, keçən məhkəmə iclasından sonra özünün heyvanları sərhəddə otararkən 13 baş xırdabuynuzlu heyvanın minalı ərazini keçərkən minaya düşdüyünü, 3 baş qoyununun tələf olduğunu, 2-3 baş qoyununun isə yaralandığını gördükdən sonra çobanın yalan danışdığını düşündüyü, heyvanların sərhəddi keçmələrinin mümkün olmadığını, hansısa bilmədiyi səbəblərdən çobanı İlqar tərəfindən həmin heyvanların yoxa çıxarıldığını, ona görədə İlqara qarşı məhkəmədə iddia qaldıracağını, ekspertin rəyi ilə razılaşdığını, iddiaçıya olan borcunu ödəyəcəyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. 12 dekabr 2022-ci il tarixində keçirilən məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilə şahid X3 ifadəsində Cavabdeh heyvanlarını otardığını, buna görə aylıq 400 manat haqq aldığını, 17 sentyabr 2022-ci il tarixdə Cavabdeh heyvanları İddiaçı təhvil alaraq ona təhvil verdiyini, 18 sentyabr 2022-ci il tarixdə Zaurun sürüyə 2 baş qoç gətirdiyini, əvəzində isə sürüdən 2 baş qoç ayıraraq apardığını, həmin vaxt yemək yeyib spirtli içki içdiklərini, könüllü olaraq onlarla spirtli işki içdiyini, onu heç kimin məcbur etmədiyini, 19 sentyabr tarixində Zaurun ona zəng edərək vəziyyəti soruşduğunu, o da hər şeyin qaydasında olduğunu ona dediyini, həmin gün sonradan günorta saatlarında heyvanların bir hissəsinin əskik olduğunu gördüyünü, axşama qədər heyvanları axtardığını, 20 sentyabr tarixində Zaurun ona zəng edərək vəziyyəti soruşduğunu, ona heyvanların bir hissəsinin yerində olmadığını dediyini, o da “işdə olduğunu, Süleymana deyirəm sənə zəng etsin” dediyini, Süleymanın ona zəng etdiyini, nə qədər heyvanın itdiyini soruşduqda tək sürünü saya bilmədiyi üçün dəqiq bilmədiyini dediyini, 21 sentyabr tarixində sərhəddə xidmət edən hərbiçilərin yanına getdiyini, orada əsgər ona sürünün neytral zonaya keçdiyini dediyini, 24 sentyabr tarixində növbəni dəyişən zaman sürü sayılarkən 143 baş xırdabuynuzlu heyvanın yerində olmadığının məlum olduğunu, Zaurla Süleymanın sonra hərbi polisə müraciət etdiklərini, orada müşahidə kameralarına baxdıqdan sonra onlara itmiş heyvanların Ermənistan ərazisinə keçmədiyini, Ermənistanla sərhəddin minalanmış sahə olduğunu, heyvanların oranı keçəcəyi təqdirdə minaya düşəcəklərini bildirdiklərini, qoyunların aqibətini öyrənə bilmədiklərini, iddiaçı ilə cavabdeh arasındakı pul məsələləri barədə məlumatının olmadığını, Zaura itmiş heyvanlardan 13 baş xırdabuynuzlu heyvan qaytardığını bildirmişdir. 12 dekabr 2022-ci il tarixində keçirilən məhkəmə baxışı iclasına cavabdehin təşəbbüsü ilə dəvət edilən şahid X4 ifadəsində evdə olduğu zaman Süleymanın heyvanlarının itdiyini eşitdiyini, onlara gedib bu haqda maraqlandığını, səhəri gün dayısı Lətif, dayısı oğlu İsmayıl və Süleyman heyvanları axtarmağa getdiklərini, 2 gün axtarsalar da heyvanları tapa bilmədiklərini, orada olan sürü sahiblərindən də heyvanları görüb-görmədiklərini soruşduqlarını, lakin onlarında başqa heyvan görmədiklərini dediklərini, sonra geri qayıtdıqlarını bildirmişdir. 12 dekabr 2022-ci il tarixində keçirilən məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X2 ifadəsində Zaurun ona heyvanlarının itdiyini, birlikdə gedib heyvanları axtarmaqlarına kömək etməyi dediyini, o, Hüseyn, Zaur və Süleyman birlikdə heyvanları axtarmağa getdiklərini, lakin tapa bilmədiklərini, geri qayıtdıqlarını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixli 5259 nömrəli qəbzlə dövlət büdcəsinə 136 (bir yüz otuz altı) manat dövlət rüsumu ödənilmişdir. - Şərur Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(110)-785/2022 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli, 404 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən (o cümlədən Şərur rayonu) mal-qara satışı bazarlarında mövcud olan qiymətlərə, mərkəzdə olan məlumatlardan və eləcədə təqdim edilmişxx.xx.2022-ci il tarixli arayışda da qeyd edilənlərdən istifadə etməklə qərardadda adları qeyd olunan 30 baş qoyunun orta bazar qiyməti nəzəri olaraq təxminən 4200 (dörd min iki yüz) manat, 8 baş toğlu 1000 (bir min) manat, 12 baş qoçun orta bazar qiyməti nəzəri olaraq təxminən 4200 (dörd min iki yüz) manat müəyyən olunur. Beləliklə də, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur rayon Mahmudkənd sakinləri İddiaçı ilə Cavabdeh birlikdə Günnüt kəndinə yaxın ərazidə növbəli olaraq hər birinin yeddi gün olmaqla xırdabuynuzlu heyvan saxladıqları, 2022-ci ilin sentyabr ayının 17-də iddiaçının öz növbəsində heyvanları sayaraq cavabdehə təhvil verdiyi, 7 gün sonra isə təhvil almaq üçün sürüdən onun heyvanlarından 76 baş, cavabdehin isə 67 baş olmaqla, ümumilikdə 143 baş xırdabuynuzlu heyvanın əksik gəldiyi, iddiaçının cavabdehdən bu barədə soruşduğu zaman onun da bundan xəbərinin olmadığı, heyvanları onun çobanının itirdiyini deməsi, birlikdə işdə iştirak edən şahidlərin iştirakı ilə heyvanları axtarsalarda tapa bilmədikləri müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının itmiş heyvanlarından 13 başı qaytarılmış, 13 baş heyvan isə iddiaçı tərəfindən cavabdehə güzəşt edilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehdən qalan 50 baş xırdabuynuzlu heyvanın, onlardan 12 baş qoçun, 8 baş toğlunun və 30 baş qoyunun və ya onların dəyəri olan 10000 manat məbləğində pulun ona qaytarılmasını tələb etmiş, cavabdeh isə öz növbəsində iddianı qəbul edərək çobanı İlqar tərəfindən həmin heyvanların yoxa çıxarıldığını, ona görədə İlqara qarşı məhkəmədə iddia qaldıracağını, ekspertin rəyi ilə razılaşdığını, iddiaçıya olan borcunu ödəyəcəyini bildirmiş, yazı yazmağı bacarmadığını bildirərək bu barədə ərizə verə bilməyəcəyini bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 12 baş qoçun, 8 baş toğlunun və 30 baş qoyunun dəyəri olaraq 10000 manat məbləğində pul tələb etsədə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli, 404 nömrəli ekspert rəyi ilə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən (o cümlədən Şərur rayonu) mal-qara satışı bazarlarında mövcud olan qiymətlərə, mərkəzdə olan məlumatlardan və eləcədə təqdim edilmişxx.xx.2022-ci il tarixli arayışda da qeyd edilənlərdən istifadə etməklə qərardadda adları qeyd olunan 30 baş qoyunun orta bazar qiyməti nəzəri olaraq təxminən 4200 (dörd min iki yüz) manat, 8 baş toğlu 1000 (bir min) manat, 12 baş qoçun orta bazar qiyməti nəzəri olaraq təxminən 4200 (dörd min iki yüz) manat olmaqla, ümumilikdə 9400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini sübut növü kimi qiymətləndirərək, ekspertlə eyni mövqeydən çıxış edərək bu qənaətə gəlir ki, Şərur rayon Mahmudkəndində qeydiyyatda olan Cavabdeh 12 baş qoç, 8 baş toğlu, 30 baş qoyun və ya onların dəyəri olan 9400 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir; - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; - 777.2- ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; - 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; - 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; - 780.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir; vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə, tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə, icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbini sübut etmiş, cavabdeh isə məhkəməyə bunu təkzib edəcək hər hansı bir mötəbər sübut təqdim etməmiş, eyni zamanda iddiaçının əvəzsiz tapşırığı ilə iddiaçıya məxsus xırdabuynuzlu heyvanlara cavabdeh olduğundan ona vurulmuş ziyanı ödəyəcəyini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 135 manat dövlət rüsumunun 8 manatı iddiaçıya aid edilməli, 127 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Mahmudkəndində qeydiyyatda olan Cavabdeh 12 baş qoç, 8 baş toğlu, 30 baş qoyun və ya onların dəyəri olan 9400 manat məbləğində pul və 135 manat dövlət rüsumunun 127 manatı alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 8 (səkkiz) manatı iddiaçıya aid edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar