Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-505/2022 27.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Yengicə kənd sakini Cavabdeh darvazanın (həyət qapısının) dəyəri üçün ödədiyi 1900 (bir min doqquz yüz) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 39 (otuz doqquz) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi keçən ilin yayında Yengicə kənd sakini Cavabdeh darvaza sifariş etdiyini, Orxanla həmin darvaza üçün 2300 manata razılaşdıqlarını, Orxana 1000 manatı material alması üçün bu başdan verdiyini, bir müddət sonra Orxanın gələrək uşağı xəstə olduğu üçün təcili Türkiyə Respublikasına getməli olduğunu dediyini və ondan əlavə pul istədiyini, ona əlavə olaraq 900 manat verdiyini, sentyabr ayında Orxanın düzəltdiyi darvazanı gətirərək yerində qurduğunu, lakin onun işini bəyənməyərək həmin darvazanın verdiyi pulun dəyərində olmadığını dediyini, Orxanın darvazanı sökərək yenisi ilə dəyişdirdiyini, həmin vaxtdan da ondan darvazanı və ya ona verdiyi 1900 manatı ala bilmədiyini, Orxanın özünün də ona borclu olduğunu etiraf etdiyini, amma pulu istəyəndə hər dəfəsində darvazanı sata bilmədiyini, satdığı zaman onun pulunu verəcəyini dediyini, bununla bağlı şahidlərin də olduğunu, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq qardaşının 2021-ci ilin may ayında Cavabdeh darvaza sifariş etdiyini, 2021-ci ilin avqust ayında Orxanın düzəltdiyi darvazanı gətirərək yerində qurduğunu, darvazanın razılaşdıqları kimi hazırlanmadığını, qardaşının darvazanı ikitərəfli və 3 metr hündürlüyündə sifariş verdiyini, lakin darvazanın 2.7 metr hündürlüyündə olduğunu və 2 tərəfli olmadığını, Orxanın darvazanı sentyabr ayında dəyişdirmək üçün sökərək apardığını, bir müddət keçdikdən sonra darvazanı sataraq pulu qaytaracağını bildirdiyini, həmin vaxtdan da qardaşının verdiyi 1900 manatı ala bilmədiyini, Orxandan pulu istəyəndə hər dəfəsində darvazanı sata bilmədiyini, satdığı zaman pulu verəcəyini dediyini, iddiaçının ərazidə olmadığını, biznes fəaliyyəti ilə bağlı Dubayda olduğunu, həmin evin qardaşının mülkiyyətində olduğunu, özünün bu söhbətlərin hamısında iştirak etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixdə telefonoqram göndərilən zaman cavabdeh məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, darvaza satılan kimi iddiaçıya olan borcunu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində və ona verilən suallara cavabında 2021-ci ilin yay aylarında iddiaçının evində təmir işləri ilə əlaqədar usta olaraq işlədiyini, darvazanın sifariş verildiyi vaxt orada olduğunu, darvazanın hazırlanması iə bağlı Orxan adlı şəxsə sifariş verən zaman qapının 2 tərəfli olacağını və hündürlüyünün 3 metr olacağını bildirdiklərini, bir müddət keçdikdən sonra darvazanı gətirən vaxtı sifariş verildiyi kimi hazırlanmadığını, ölçü və forması ilə bağlı çatışmazlıqlar olduğunu, Emin bunu Orxana irad bildirəndə gəlib darvazanı düzəldəcəyini bildirdiyini, 10-15 gün keçdikdən sonra Orxanın işçilərinin gəlib darvazanı sökərək apardıqlarını, Orxanın darvazanı sataraq onların pulunu qaytaracağını bildirdiyini, darvazanın sifariş verilməsi, ölçü və forması ilə bağlı söhbətlərdə onların yanında olduğunu, onun yanında 1000 manatın verilməsini gördüyünü, amma başqa pul verməkləri barədə məlumatı olmadığını, darvaza taxılan zaman Orxanın özünün istirak etdiyini, lakin darvazanı aparan vaxtı işçilərin gəldiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində və verilən suallara cavabında 2021-ci ilin yay aylarında iddiaçının evində təmir işləri ilə əlaqədar olaraq usta olaraq işlədiyini, iddiaçının həyətində daş düzdüyünü, Eminin Orxan adlı şəxsə darvazanın hazırlanması ilə bağlı sifariş verən zaman həmin söhbətləri eşitdiyini, həmin şəxsi əvvəlcədən tanımadığını,bir müddət keçdikdən sonra Orxan və onun işçilərinin darvazanı gətirdiklərini, darvazanı istədikləri kimi düzəlmədiklərini, yəni darvazanın hündürlüyünün divarın hündürlüyündən aşağı olduğunu bildirdiklərini, bir neçə gün keçdikdən sonra Orxanın işçilərinin gəlib darvazanı apardıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində və verilən suallara cavabında iddiaçının atası olduğunu, 2021-ci ilin yay aylarında oğlunun evində təmir işləri getdiyini, Orxan adlı şəxsə 3 metr hündürlüyü olan və 2 tərəfli darvaza sifariş verdiklərini, lakin darvazanı gətirən vaxtı istədikləri kimi hazırlanmadığını, bunu Orxana irad bildirəndə yenisini düzəldəcəyini bildirdiyini, bir müddət keçdikdən sonra darvazanı satıb pulunu qaytaracağını bildirdiyini, lakin borcunu hələ də ödəmədiyini, pulun Eminə məxsus olduğunu, amma həmişə Eminin pulunu özünün saxladığını, Eminin ondan 1990 manat alaraq Orxana verdiyini bildirdi. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının nümayəndəsinin izahatını və şahid ifadələrini, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 2300 manat dəyərində fərdi yaşayış evinin həyətyanı sahəsinin girişi üçün darvaza sifariş etmiş, həmin məbləğin 1900 manatını qabaqcadan ödəmişdir. Cavabdeh düzəltdiyi darvazanı gətirib yerində qurduqdan sonra iddiaçı darvazanı bəyənməmiş, nəticədə cavabdeh yenisi ilə dəyişmək üçün darvazanı söküb aparmışdır. Lakin cavabdeh həmin vaxtdan nə darvazanı yenisi ilə dəyişmiş, nə də darvazanın pulunu qaytarmamışdır. Cavabdehlə əlaqə saxlanılan zaman borcunu etiraf etmiş, lakin borcun etirafı ilə bağlı məhkəməyə yazılı münasibət bildirməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, tərəflər arasında podrat münasibətləri olduğundan, podratçı məmulatı qüsurlu hazırladığından və həmin qüsurları aradan qaldırmadığından iddia təmin olunmalı, cavabdehdən 1900 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1900 (bir min doqquz yüz) manat pul vəsaiti və 39 (otuz doqquz) manat dövlət rüsumu alınaraq Şərur rayonu Alışar kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-505/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-505/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver