Məhkəmə qərarları › İş №2(110)-51/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-51/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-51/2021 11.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, “İddiaçı X1” MMM-nin Cavabdeh Mammed oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Mammed oğlundan kredit müqaviləsi üzrə yaranmış 2000 manat əsas borc, 499 manat faiz borcu, 80,99 manat cərimə borcu olmaqla ümumilikdə 2579,99 manat borcun və 30 manat dövlət rüsumunun alınıb bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi borclu Cavabdeh Mammed oğlu ilə “İddiaçı X1” MMM arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********3771 saylı kredit müqaviləsinin bağlanıldığını, cavabdehə istehlak məqsədləri üçün illik 29% dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verildiyini, cavabdehin 2577,99 manat məbləğində borcunun olduğunu üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, borcun qaytarılması ilə bağlı cavabdehlə danışıqlar aparılmasına baxmayaraq heç bir nəticə əldə olunmadığını göstərmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddianı müdafiə etdiklərini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh Mammed oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********3771 nömrəli kredit müqaviləsinədən görünür ki, Cavabdeh Mammed oğluna 18 ay müddətinə illik faiz dərəcəsi 29% olmaqla 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Mammed oğluna 2000 manat təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli kredit kartının qəbul aktından görünürki, Cavabdeh Mammed oğluna **********578107 saylı kredit kartı təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Mammed oğlunun müqavilə üzrə kredit borcunun qalığı 2000 manat əsas, 499 manat faiz borcu, 80,99 manat cərimə borcu olmaqla 2579,99 manat borcu təşkil edir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “İddiaçı X1” MMM ilə Cavabdeh Mammed oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdehin iddiaçıya ümumilikdə 2579,99 manat məbləğində borcu yaranmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə( kredit müqaviləsi, məxaric orderi, maliyyə arayışı) sübuta yetirmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən kredi alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun tam ödənildiyini təsdiq edən sübutları (ödəniş qəbzlərini) məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməsi qeyd edilmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-543/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadına əsasən “İddiaçı X1” MMM-nin Cavabdeh Mammed oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair ərizə baxılmamış saxlanılmışdır. Ərizə baxılmamış saxlanıldığında iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmışdır. İddiaçının nümayəndəsi qəbul edilmiş qərardad üzrə şikayət vermiş və şikayət Şərur Rayon Məhkəməsi tərəfindən təmin edilmişdir. Lakin həmin vaxtı dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbz iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s`übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Çərçiboğan kəndində yaşayan Cavabdeh Mammed oğlundan 2000 manat (iki min manat) əsas borc, 499 manat faiz borcu (dörd yüz doxsan doqquz manat) faiz borcu, 80,99 manat(səksən manat doxsan doqquz qəpik) cərimə borcu olmaqla, ümumilikdə 2579,99 manat (iki min beş yüz yetmiş doqquz manat doxsan doqquz qəpik) “İddiaçı X1” MMM-in hesabına köçürülsün və cavabdehdən 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar