Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-510/2023 14.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Diadin kənd sakini Cavabdeh ona borclu olduğu 1550 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Diadin kənd sakini Cavabdeh ilə ona məxsus torpaq sahəsində artezian quyusu qazılması barədə aramızda şifahi razılığa gəldiklərini, quyunun çəkilməsi üçün 1550 manat xərc çəkdiyini, sonradan cavabdehdən qaynaqlanan səbəblərə görə iş başa çatdırılmadığını, cavabdehdən çəkdiyi xərclərin ona qaytarılmasını tələb etsə də müxtəlif bəhanələrlə bundan yayındığını, Qüdrətin onun şikayətinə görə yazılı iltizam verərək 2023-cü ilin fevral ayından başlayaraq hər ay 200 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin bu zamana kimi heç bir ödəniş ödəmədiyini, buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azadılması ilə bağlı ərizə təqdim etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə azaldılmış iddia tələbi hüdudlarında baxılmışdır. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq cavabdeh ona olan borcundan 500 manatı ödədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı olan 1550 manat borcunu 2023-cü ilin fevral ayından başlayaraq hər ay 200 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə ona məxsus torpaq sahəsində artezian quyusunun qazılması ilə bağlı razılaşmışlar. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və işini başa çatdırmamışdır. Bunun nəticəsində iddiaçıya 1550 manat ziyan dəymişdir. Cavabdeh borcunu 2023-cü ilin fevral ayından başlayaraq ödəməsi barədə iltizam vermişdir. Cavabdeh iddiaçıya olan borcunun 500 manatını ödəmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 1050 manat alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. İş üzrə İddiaçı şəhid ailəsinin üzvü olduğundan dövlət rüsumunu ödəməkdən azad olunmuşdur. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan 30,5 manat (otuz manat əlli qəpik) dövlət rüsumu cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Şərur rayon Diadin kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1050 (bir min əlli) manat pul vəsaiti alınaraq Şərur rayon Dərvişlər kəndində yaşayan İddiaçı ödənilsin. Məhkəmə xərci olaraq 30,5 (otuz manat əlli qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-510/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-510/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver