Məhkəmə qərarları › İş №2(110)-526/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-526/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-526/2021 26.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 28.04.2019-cu il tarixli müqavilə üzrə Playstation-4 Sony və Samsung Led TV üçün 1624,4 manat əsas, 162 manat cərimə, 10.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********83735 X1 markalı telefon üçün 128 manat əsas, 12 manat cərimə borcu olmaqla, cəmi 1926,4 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 28.04.2019-cu il və 10.11.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən, cavabdehə alqı-satqı qiyməti 3208 manat olan Playstation-4 Sony və Samsung Led TV, alqı-satqı qiyməti 444 manat olan İMEİ kodu **********83735 X1 markalı telefon satılmışdır. Cavabdeh cəmi 1899,6 manat məbləğində ödəniş etmiş, lakin qalan borcunu ödəməmişdir. Bununla da cavabdeh alqı-satqı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Yazılı sübutlar: İş materiallarında olan 28.04.2019-cu il tarixli 00634309 nömrəli və 10.11.2019-cu il tarixli 01040670 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, cavabdehə cavabdehə alqı-satqı qiyməti 3208 manat olan Playstation-4 Sony və Samsung Led TV, alqı-satqı qiyməti 444 manat olan İMEİ kodu **********83735 X1 markalı telefon satılmış, cavabdeh isə hər ay alqı-satqı müqavilələri üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 28.04.2019-cu il və 10.11.2019-cu il tarixli əşyaların təhviltəslim aktlarından görünür ki, cavabdehə Playstation-4 Sony və Samsung Led TV, İMEİ kodu **********83735 X1 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 11.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya hər iki müqavilə üzrə cəmi 1752,4 manat əsas borc, 174 manat cərimə borcu olmaqla, ümumilikdə 1926,4 manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti iki min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya hər iki müqavilə üzrə cəmi 1752,4 (bir min yeddi yüz əlli iki manat, qırx qəpik) manat əsas borc, 174 (bir yüz yetmiş dörd)manat cərimə borcu olmaqla, ümumilikdə 1926,4 (bir min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat borcu yaranmışdır. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Alqı-satqı müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərindən görünür ki, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində cavabdeh mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 28.04.2019-cu il tarixli 00634309 nömrəli və 10.11.2019-cu il tarixli 01040670 nömrəli alqı-satqı müqavilələri üzrə cəmi 1752,4 (bir min yeddi yüz əlli iki manat qırx qəpik) manat əsas borc, 174 (bir yüz yetmiş dörd) manat cərimə borcu olmaqla, ümumilikdə 1926,4 (bir min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar