Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-532/2023 24.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən cinayət nəticəsində vurulmuş 7950 (yeddi min doqquz yüz əlli) manat və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, mən - İddiaçı 2015-ci ilin yanvar ayından etibarən İşgəncələrə qarşı Azərbaycan Komitəsində işləyirəm, əvvəllər komitə sədrinin köməkçisi işləmişəm, sonradan isə hazırki vaxtadək komitə sədrinin müavini kimi çalışmışam. Həmin Komitə qeyri-hökümət təşkilatıdır. Nizamnaməsinə əsasən komitənin fəaliyyəti işgəncə faktlarının müəyyən olunması, işgəncələrə məruz qalmış şəxslərin hüquqlarının müdafiə edilməsindən ibarətdir. Əvvəllər həmin komitənin sədri mərhum qardaşım X3 olmuşdur. Qardaşım Elşad 2018ci ilin yayında ölmüşdür. Elşadın sağlığında mən komitə üzvlərinin idarə heyətinin yığıncağında üzvlərin səsverməsi əsasında qanuni şəkildə sədr müavini seçilmişəm. Komitədə sədrin seçilməsi nizamnaməyə əsasən 2 ildən bir olur. Hələ mərhum qardaşım Elşadın sağlığında 2018-ci ilin mart-aprel ayında Elşad dövlət təşkilatlarında monitorinq keçirdiyi vaxtlarda eşitmişdir ki, X6 qeyri-qanuni şəkildə sədri kimi təsdiqlənmişdir. Buna baxmayaraq Turalın sədr kimi fəaliyyətini qanuni hesab etmirdilər. Komitədəki fəlaiyyəti ilə bağlı Cavabdeh hələ əvvəldən mərhum qardaşım Elşad sağlığında komitəyə gəlib gedən, informasiya toplayan, komitəyə aid məsələləri özünün rəhbəri olduğu “Vətənpərvərlər.az” saytında işıqlandıran bir şəxs kimi tanımışam. Səyyadla həmişə normal münasibətimiz olmuşdur. 2018-ci ilin sentyabr ayında Səyyadla Bakı Ağır Cinayətlər Məhkəməsinin yanında görüşüb söhbət edərkən Səyyad mənə bildirdi ki, Komitənin sədri Tural Hüseynov qanunsuz şəkildə sədr vəzifəsinə seçilmişdir, bunun üçün Turalın 4000 manat xərci çıxmışdır, Turala həmin pulunu qaytarmaqla vəzifəsindən azad olunmağa razılaşdırmaq olar. Səyyad həmçinin demişdir ki, Ədliyyə Nazirliyində yüksək vəzifədə işləyən, yaxın münasibətdə olan qohum və tanışlar var, onların vasitəsi ilə məni komitə sədri vəzifəsinə təsdiqlədə bilər. Bunun üçün təxminən 6.000 manat pul lazımdır. Mən Səyyadın təklifi ilə razılaşdım. Lakin bildirdi ki, yenə də dost tanışla məsləhətləşib qərar verər. Mərhum qardaşımın ölümündən sonra mən faktiki olaraq komitənin idarə heyəti üzvlərinin yığıncağının iclasında protokola əsasən komitə sədri seçilmişdim, lakin təsdiqlənməmişdim. Tural Hüseynov isə qanunsuz olaraq 22 nəfər üzvün iştirakı ilə sədr seçilib təsdiqlənmişdir. Mən Səyyadın təklifi ilə razılaşaraq bu məqsədlə 6000 manat pulu vermək qərarına gəlmişdim. 26 sentyabr 2018-ci il tarixdə saat təxminən 11 radələrində Səyyadla Bakı şəhəri 3-cü mikrorayon ərazisində “Memar Əcəmi” metrostatnsiyasının yanında görüşərək özümdə olan 6000 manat pulu və komitənin iclas protokollarını, öz ərizəmi və şəxsiyyət vəsiqəmin surətini Səyyada vermişdim. Səyyad bu zaman bildirmişdir ki, “bu məsələni heç kim bilməsin, mən həmin pulla və sənədlərlə səni komitə sədri vəzifəsinə ədliyyə nazirliyində bir həftə ərzində təsdiqlətdirəcəyəm”. Səyyad pulu və sənədləri məndən təklikdə alıb getmişdir. Mən də sevinib gözləməyə başlamışdım. Təxminən bir həftə, on gündən sonra öz işimlə maraqlanmaq üçün Səyydada zəng etdim. Səyyad ilk günlərdə mənimlə bir qədər zarafatla danışıb narahat olmamağı, səbrli olmağı bildirmiş və demişdir ki, qısa müddətdə nazirlikdə məsəslə təsdiqlənəcəkdir. 2018-ci iln oktyabr ayının əvvəllərində, Səyyad mənim yaşadığım ev ünvanına gələrək yenə də bildirmişdir ki, “narahat olma sədr vəzifəsinə təsdiqlənmək məsələn demək olar ki, hazırdır, lakin özünün baş bir qədər qarışıq olduğu üçün iş uzanıb”. Hətta Səyyad kiməsə də zəng edib bu barədə danışmışdır. Sonra isə Səyyad bildirmişdir ki, “750 manat pul ver ki, indidən bir sıra təşkilatlarda, bölgələrdə, polis orqanlarında sənin adının komitə sədri kimi yazdırılması ilə bağlı trafaretlər hazırlatdırıb müxtəlif təşkilatlarda yerləşdirilməsi məsələsini həll etdirəcəm”. Mən də buna görə Səyyada əlavə olaraq 750 manat pul vermişəm, Səyyad bu məslənin həlli üçün həmin pulu hansısa hesaba köçürdəcəyini də bildirmişdir. Elə həmin gün Səyyada 750 manatı verəndən sonra Səyyad sağollaşıb getmiş, təxminən bir saatdan sonra Səyyad yenidən mənə zəng edərək, xahiş etmişdir ki, özünün haradansa aldığı mala görə kiməsə ödəməli pul olduğu üçün özünə 1200 manat borc pul lazımdır, bir həftə ərzində həmin pulu üstündə əlavə hörməti ilə özümə qaytaracaqdır. Qeyd etmək lazımdır ki, mən hələ Səyyada 750 manatı verərkən o məndən əlavə olaraq 700 manat pul olduğunu görmüşdür. Mən isə Səyyada demişdim ki, həmin pul bacıma məxsusdur. Ona görə də Səyyada özümdə pul olmadığımı bildirdim, Səyyadın təkidli xahişindən sonra yalandan dedimki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan xalam Ulduzdan borc götürüb pul verə bilərəm. Halbuki, həmin pulun 700 manatını özüm verdim. Bundan sonra həmin pulu ondan almaq üçün Səyyad idarə etdiyi markasını və nömrəsini xatırlatmadığım bir tünd rəngli avtomobillə Lökbatan qəsəbəsinə xalam kimi yaxın olan lakin heç bir qohumluq əlaqəm olmayan Ulduzun evinə apardım, Səyyad özü məni maşında gözləmiş, mən isə Ulduzun evinə gedib öz adımdan bir həftəlik 500 manat borc pul istəmişdim. Ulduzdan pul alarkən Səyyadla aramızda olan məsələ barədə heç bir söhbət açmamışdım. Ulduzdan pulu götürüb özünə məxsus 700 manatın üstünə qoyub cəmi 1200 manatı Lökbatan qəsəbəsində maşında Səyyada vermişdim. Bundan sonra Səyyad məni evimə düşürərək çıxıb getmişdir. Həmin vaxtdan sonra mən işimlə bağlı Səyyada maraqlanmaq üçün zənglər etməyə başladım. Lakin Səyyad gah zənglərimə ümumiyyətlə cavab vermir, bəzən də telefonuna zəng çatmırdı. Telefon danışıqları baş tutanda isə Səyyad hər dəfə mənə müxtəlif bəhanələr gətirməyə başlamış, sonra isə məndən tamamilə yayınmışdır. Mən artıq başa düşmüşdüm ki, Səyyad məni aldadaraq pulumu ələ keçirmişdir. Ulduzdan bir həftəlik 500 manat aldığım üçün Səyyadın qeyd olunan vaxtda pulu qaytarmaması səbəbindən, təxminən 10 gündən sonra 500 manat pulu Ulduza qaytardım. Beləliklə, Səyyad məndən cəmi 7.950 manat məbləğində pulu qaytarmadığı üçün polisə şikayət etdim. 02 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı elan edilmiş, fakta görə cinayət işi açılmış və cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışam. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-151/2019 saylı 02 iyul 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli 28 noyabr 2018-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut "xxxx" MMC-dən 12 fevral 2019-cu il tarixli BKC/LGL-1800/19 nömrəli müşayiət məktubu ilə əldə edilmiş 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində icraatda olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin hazırlıq iclasının 24 iyul 2023-cü il tarixə saat 12:00-a təyin edildiyini, heç yerdə işləmədiyini, başqa yerdən gəlirinin olmadığını, maddi vəziyyətinin ağır olduğunu, Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına getmək üçün yalnız təyyarə ilə getmək lazım olduğunu, buna görə də həm maddi imkanı olmadığını və səhhətində həmişə təzyiq olduğu üçün təyyarədən istifadə edə bilmədiyini, göstərilənləri nəzərə alaraq iddianı müdafiə etdiyini, hazırlıq iclasını iştirakı olmadan baxılmasını, məhkəmə baxışına təyin edilməsini və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 1(005)-151/2019 nömrəli hökmünün məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbayca Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun 2021-ci il tarixli 1(102)-450/2021 nömrəli Qərarının məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlanılmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 1(005)-151/2029 nömrəli hökmünün məzmunundan görünür ki, Cavabdeh zərərçəkmiş şəxslər X7, X1, X2, İddiaçı aldatmaqla onlara xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdiyindən o, Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh tərəfindən Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli 1(005)-151/2029 nömrəli hökmündə verilmiş apellyasiya şikayəti və Baki Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Həmin hökmə əsasən iş izrə İddiaçı 7950 (yeddi min doqquz yüz əlli) manat mıəbləğində ziyan vurulması öz təsdiqini tapdığından, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Ona görə də, o, hazırki iddia tələbi üzrə Cavabdeh 7950 (yeddi min doqquz yüz əlli) manat pul alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin: - 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.1-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin dələduzluq etməsi nəticəsində iddiaçıya maddi zərər vurması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən həmin hallar üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən ona ziyan vurulmasını sübut etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və iddiaçı ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etdiyindən, ödənilmiş 100 (bir yüz)) manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Cəlilkəndində qeydiyyatda olan Cavabdeh cinayət nəticəsində vurulmuş ziyana görə 7950 (yeddi min doqquz yüz əlli) manat və məhkəməyə müraciət etməyə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 8050 (səkkiz min əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-532/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-532/2023
24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver