Məhkəmə qərarları › İş №2(110)-533/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-533/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-533/2021 07.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMM QBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 1951,00 (bir min doqquz yüz əlli bir) AZN, faiz borcuna görə 362,00 (üç yüz altmış iki) AZN, cərimə borcuna görə 108,30 (yüz səkkiz manat otuz qəpik) AZN, cəmi 2421,30 (iki min dörd yüz iyirmi bir manat otuz qəpik) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" MMM QBKT-na məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin 23.08.2021-ci il tarixdə məhkəməyə ünvanladığı teleqramda 07.09.2021-ci il tarixə baxış iclasına təyin olunmuş 2(110)-533/2021 saylı mülki iş üzrə, Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair işdə nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq həmin işə onun iştirakı olmadan baxıb qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 12.12.2019-cu il tarixli **********0586 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 % dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) AZN məbləğində kredit verildiyini, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 AZN olmaqla bərabər hissələrlə ödəniş etməsinin razılaşdırıldığını, kredit məbləğinin kredit alana nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edildiyini, həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0586 - ******* və **********0586 - ******* saylı zaminlik müqavilələri ilə Cavabdeh2, Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olduğunu, zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən Zamin Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu həmin borca hesablanmış faizi, cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsinin borcalan tərəfindən nəzərdə tutulduğunu, lakin cavabdeh Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, beləliklə 11.06.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləğinin əsas borc üzrə 1951,00 (bir min doqquz yüz əlli bir) AZN, faiz borcuna görə 362,00 (üç yüz altmış iki) AZN cərimə borcuna görə 108,30 (yüz səkkiz manat otuz qəpik) AZN, cəmi 2421,30 (iki min dörd yüz iyirmi bir manat otuz qəpik) AZN təşkil etdiyini qeyd edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 1951,00 (bir min doqquz yüz əlli bir) AZN, faiz borcuna görə 362,00 (üç yüz altmış iki) AZN, cərimə borcuna görə 108,30 (yüz səkkiz manat otuz qəpik) AZN, cəmi 2421,30 (iki min dörd yüz iyirmi bir manat otuz qəpik) AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT -nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etdiyini, həqiqətəndə 2019-cu ildə iddiaçı bankla kredit müqaviləsi bağlayaraq 3000 (üç min) manat kredit götürdüyünü, Cavabdeh2 və Cavabdeh3 ona zamin durmaqla müqavilə imzaladıqlarını, səhhətində olan problemlərlə əlaqədar kreditini ödəyə bilmədiyini, haliyədə Banka 1951,0 (bir min doqquz yüz əlli bir) manat borcunun olduğunu, gedib bankla razılaşaraq kredit borcunu ödəyəcəyini bildirərək məhkəməyə yazılı ərizəsini təqdim edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 12.12.2019-cu il tarixli **********0586 saylı “Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə iddiaçı "xxxx" MM QBKT arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdur ki, "xxxx" MM QBKT Cavabdeh1 oğluna biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi ilə hesablanmaqla 24 ay müddətinə 3000.0 (üç min) manat kredit verməyi, “Kredit Alan” isə verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanmış faizləri və digər ödənişləri vaxtında “Kredit Verən”ə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, kreditin verilməsinə görə “Kredit Alan” “Kredit Verən”ə kredit məbləğinin 3.0 %-i miqdarında komissiya ödəyir. Həmin Müqavilənin 1.4-cü bəndində qeyd olunmuşdur ki, “Kredit Alan”kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinə” müvafiq olaraq ödəməyi öhdəsinə götürür... Həmin Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, kredit “Kredit Alan”a “Fincard” kredit kartı vasitəsi ilə və ya “Kredit Alanın” bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir. İş materiallarına əlavə olunmuş **********365736 saylı Fincard kreditvermə qəbzindən görünür ki, Cavabdeh1 3000 (üç min) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 12.12.2019-cu il tarixli Kredit Kartının Mədaxil (Qəbul) Aktından görünür ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********365736 saylı kredit kartı Cavabdeh1 oğluna təqdim edilmiş və hər iki tərəf imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş 12.12.2019-cu il tarixli **********0586 - ******* saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh2 ilə "xxxx" MMM QBKT-nın arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş 12.12.2019-cu il tarixli **********0586 - ******* saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh3 ilə "xxxx" MMM QBKT-nın arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinin şərtinə əsasən Zaminlər 12.12.2019-cu il tarixli **********0586 saylı kredit müqaviləsinə əsasən (“Kredit müqaviləsi”) həmin müqavilə üzrə Krredit alan olan Cavabdeh1 (“Kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən Kredit alan illik 28 % dərəcəsi ilə 24 ay müddətində 3000.0 manat məbləğində pul vəsaitini Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 11.06.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 11.06.2021-ci il tarixə Cavabdeh1 12.12.2019-cu il tarixli **********0586 saylı kredit müqaviləsinə əsasən 1951,00 AZN əsas borcu, 362,00 AZN faiz borcu 108,30 AZN manat məbləğində cərimə borcu olmaqla cəmi 2421,30 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 005XOH********** nömrəli, 17.02.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMM QBKT tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ37NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" MMM QBKT Cavabdeh1 biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi ilə hesablanmaqla 24 ay müddətinə 3000 (üç min) manat kredit vermiş və ona kart təqdim etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən “Kredit Verən” yuxarıda qeyd olunan məbləğdə krediti “Kredit Alan”nın mülkiyyətinə vermiş və “Kredit Alan” isə müəyyən olunmuş müddətdə kredit məbləği üzrə ödənişi “Kredit Verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında” və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı təşkilata 1951,00 (bir min doqquz yüz əlli bir) manat əsas borcu, 362,00 (üç yüz altmış iki) manat faiz borcu 108,30 (yüz səkkiz manat otuz qəpik) manat məbləğində cərimə borcu olmaqla cəmi 2421,30 (iki min dörd yüz iyirmi bir manat otuz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Həmçinin Cavabdeh2, Cavabdeh3 "xxxx" MMM QBKT ilə Zaminlik müqavilələri bağlayaraq Kredit alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Kredit alan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin kredit alan kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Kredit verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Kredit verən qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. Həmçinin Kredit alan öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" MMM QBKT-nın kredit alan və zaminlərə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda Cavabdeh1 izahatında banka borcunun olmasını etiraf etməklə, məhkəməyə yazılı ərizəsini təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit razılaşmalarının şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddia tələbi 1951,00 (bir min doqquz yüz əlli bir) manat əsas və 362,00 (üç yüz altmış iki) manat faiz borcunun tutulması hissəsində tamami ilə əsaslıdır. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 108,30 (yüz səkkiz manat otuz qəpik) manat dəbbə (cərimə) pulu hissəsi üzrə qeyd edir ki, həmin hissəsdə iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;” - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq müqavilə üzrə hesablanmış 108,30 (yüz səkkiz manat otuz qəpik) manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə (cərimə) pulunun 10 (on) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Eyni zamanda verilmiş kreditin təminatı kimi zaminlər Cavabdeh2, Cavabdeh3 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan” bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərlərinə götürmüşlər və onunla birgə məsuliyyət daşımalarını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqavilələrini imzalamaqla təsdiq etmişlər. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zaminlər Cavabdeh2, Cavabdeh3 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 ilə "xxxx" MMM QBKT arasında bağlanmış 12.12.2019-cu il tarixli **********0586 kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1951.0 (bir min doqquz yüz əlli bir) manat əsas borc, 362.0 (üç yüz altmış iki) manat faiz borcu, 10.0 (on) manat məbləğində cərimə borcu olmaqla cəmi 2323.0 (iki min üç yüz iyirmi üç) manat məbləğində pul tutularaq "xxxx" MMM QBKT-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 1 (bir) manatı iddiaçıya aid edilməli, 29 (iyirmi səkkiz) manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMM QBKT-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12.12.2019-cu il tarixli **********0586 saylı kredit müqaviləsi üzrə 1951.0 (bir min doqquz yüz əlli bir) manat əsas borc, 362.0 (üç yüz altmış iki) manat faiz borcu 10.0 (on) manat məbləğində cərimə borcu, cəmi 2323.0 (iki min üç yüz iyirmi üç) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 29 (iyirmi doqquz) manatı olmaqla, ümumilikdə 2352.0 (iki min üç yüz əlli iki) manat pul tutularaq "xxxx" MMM QBKT-nın xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar