Məhkəmə qərarları › İş №2(110)-56/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-56/2024

15.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-56/2024 15.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından doğulmuş övladı-xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin 2(110)-755/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, onunla Cavabdeh arasında 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmaqla rəsmi nikah bağlanıldığını, onların birgə nikahdan-xx.xx.2017-ci il tarixdə X8 adında bir övladının doğulduğunu, cavabdehlə ilk vaxtlar yaxşı yola getsələr də sonradan ailə münasibətlərinin pozulduğunu və aralarındakı nikaha Şərur Rayon Məhkəməsinin 2(110)- 347/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulduğunu, qəbul edilmiş qətnamə ilə birgə nikahdan doğulmuş övladının da onunla birlikdə qalmasının müəyyən edildiyini, eyni zamanda onun saxlanılması üçün Cavabdeh 100 (bir yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasının da qət edildiyini, ödənilən bu alimentin məbləğinin azyaşlı övladının tələbatını ödəməyə yetmədiyi üçün tərəfindən aliment məbləğinin artırılması məqsədilə məhkəməyə müraciət edildiyini və Şərur Rayon Məhkəməsinin 2(110)-755/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 2019-cu ildə təyin edilmiş aliment məbləğinin dəyişdirilərək 150 (bir yüz əlli) manat miqdarında müəyyən edildiyini, qeyd edilən sonuncu qətnamənin qətnamənin qəbulundan artıq bir ilə yaxın vaxt keçdiyini, bu müddət ərzində də cavabdehin ona hər ay 150 (bir yüz əlli) manat məbləğində alimentin ardıcıl xarakter daşımadan ödədiyini, eyni zamanda ödənilən aliment məbləğinin hazırki şəraitdə də övladının tələbatını ödəmək üçün yetərli olmadığını, cavabdehin ödədiyi aliment miqdarının “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2023-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan çox-çox aşağı olduğunu, eyni zamanda qızının artıq məktəbli olduğunu və məktəbdən kənar əlavə məşğələlərə cəlb olunduğunu, bu səbəbdən tələbatının günbəgün artmaqda olduğunu, buna görə də məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğinin artırılmasını istədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında haliyədə övladının böyüdüyünü, orta məktəbdə təhsil aldığını, onun saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də, ödənilən alimentin məbləğinin onun tələbatını ödəmədiyini, uşağın normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, uşağın atası Cavabdeh uşağın sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında həqiqətən də, iddiaçı ilə 2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarından bir övladları xx.xx.2017-ci il təvəllüdlü X3 doğulduğunu, iddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən 2019-cu ildə nikahlarının pozulduğunu, uşağın ananın yanında qalmasının müəyyən olunduğunu, məhkəmənin qətnaməsi ilə uşağın saxlanması üçün əvvəlcə 100 manat məbləğində, daha sonra isə artırılaraq 150 manat məbləğində alimentin müəyyən edildiyini, həmin alimenti işsiz olduğu üçün çətinliklədə olsa vaxtında ödədiyini, əlavə olaraq birinci evliliyindən olan uşağ üçün də 160 manat aliment ödədiyini, eyni zamanda yenidən 3-cü dəfə də ailə qurduğunu, yeni evliliyindən də bir uşağının doğulduğunu, onun maddi tələbatlarının daha çox olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını, təyin olunmuş alimentdən artıq məbləğdə aliment ödəməyə maddi imkanının çatmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 fevral 2018-ci il tarixli AZ-İİİ № 962933 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2017-ci il təvəllüdlü X3 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-755/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(110)-347/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli AZ-V № 212856 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 atasıdır; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli AZ-İİ № 516035 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında 11 yanvar 2024-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir; - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3111/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh iddiaçı X1 xeyrinə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(110)-755/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə Şərur Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(110)-347/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində haliyədə övladının böyüdüyünü, orta məktəbdə təhsil aldığını, onun saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də, ödənilən alimentin məbləğinin onun tələbatını ödəmədiyini, uşağın normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, uşağın atası Cavabdeh uşağın sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını, eyni zamanda cavabdehin birinci evliliyindən olan uşağınada 160 (bir yüz altmış) manat aliment ödəməsini, əlavə üçüncü nikahından da bir qızının doğulmasını, işsiz olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(110)-755/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X7 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 20 manatdır ki, bu da il ərzində 240 manat (20x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(110)-755/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 28 noyabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar