Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-573/2024 11.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9512/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə doğulmuş X7, xx.xx.2009-cu il tarixdə doğulmuş X8 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində alimentin miqdarını artıraraq hər uşaq üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun və 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən xeyrimə tutulması barədə qətnamə qəbul edəsiniz. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(079)-157/2014 saylı məhkəmə əmri ilə cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment 22 may 2014-cü il tarixdən başlayaraq alınıb xx.xx.2006-cı il tarixdə doğulmuş X3, xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə ödənilməsinin əmr edildiyini, lakin cavabdehin məhkəmə əmrini əsassız sayaraq bir müddət işsiz olduğunu bahanə etdiyini, sonra isə güya "xxxx" MMC-də anbardar işlədiyini, maaşının 300 manat oduğunu, həmin 300 manatla anasına, qardaşına köməklik etdiyi kimi yalan uydurmalarla alimenti ödəməkdən yayındığını, eyni zamanda cavabdehin alimenti ödəmədiyi, borclu qaldığı üçün dəfələrlə borclunun axtarılması haqqında Babək rayon İcra bölməsi tərəfindən axtarış elan edilməsinə, həmçinin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Babək Rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilməsinə baxmayaraq cavabdehin hansısa yolla Naxçıvandan çıxıb Bakı şəhərinə getdiyini, hətta Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən ər-arvadın hər birinin mülkiyyəti sayılan və nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti və əmlakı olmasına baxmayaraq cavabdehlə aralarında bağlanmış nikaha xitam verilərkən cavabdehin AR Qanunvericiliyinin tələblərinə zidd olaraq nikaha daxil olanadək, habelə nikah dövründə əldə etdikləri əmlaklardan ona çatacaq əmlak payını və özünə məxsus olan qızıl-ziynət əşyalarını belə bugünədək qaytarmadığını, maddi vəziyyətlərinin çətin olduğu üçün uşaqların artan tələbatını ödəyə bilmədiyini, cavabdehin isə bütün bunları bilə-bilə onlara yardım etmədiyini, məcbur qalaraq təkrar məhkəməyə müraciət etdiyini, iş baxılması üçün Naxçıvandan Bakıya Yasamal rayon Məhkəməsinə göndərildiyini, Yasamal rayon Məhkəməsinin 2(004)- 3897/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarının dəyişdirilərək hər ay hər bir uşaq üçün 117 manat olmaqla cəmi 351 (üç yüz əlli bir) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməli olduğunu, lakin cavabdehin apellyasiya şikayəti verdiyini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9512/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə yenidən alimentin miqdarının dəyişdirilərək cavabdehdən xx.xx.2006cı il tarixdə doğulmuş X3, xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay hər bir uşaq üçün 100 manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinin qət edildiyini, hazırda özünün işsiz, xəstə olduğunu, işləyə bilmədiyini, maddi vəziyyətlərinin də çox çətin olduğu üçün uşaqların artan tələbatını ödəyə bilmədiyini, cavabdehin isə bütün bunları görüb bir valideyn kimi uşaqlarına yardım etmədiyini, uşaqları ilə maraqlanmadığını, onların tərbiyəsilə məşğul olmadığını, hətta göndərməli olduğu aliment məbləğini onun kart hesabına deyil başqasının kart hesabına göndərdiyini, uşaqların vasitəsilə dəfələrlə cavabdehə uşaqların tələbatını ödəməsi üçün əlavə maddi yardım etməsi barədə bildirsə də onun buna əhəmiyyət vermədiyini, halbuki, cavabdehin kifayət qədər yüksək gəlirə məxsus olduğunu, istəsə hər ay hər uşaq üçün ən azı 300 manat həcmində aliment ödəyə biləcəyini, lakin bundan boyun qaçırdığını bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq uşaqları ilə bərabər valideynlərinin yanında yaşadığını, cavabdehin uşaqların saxlanması üçün 300 manat aliment ödədiyini, cavabdeh uşaqları ilə maraqlanmadığını, cavabdehlə heç bir əlaqəsinin olmadığı üçün işləməsi barədə məlumatının olmadığını, uşaqlardan birinin yetkinlik yaşına çatdığını, digər uşağının isə epilepsiya xəstəsi və İİ qrup əlil olduğunu, özünün heç bir yerdə işləmədiyini, anasının maaşı, uşaq üçün aldığı pensiya və baxım pulu ilə dolandıqlarını, cavabdehin hər ay 300 manat aliment ödədiyini, cavabdehin aliment borcu olmadığını bildirib iddianın təmin olunması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında işirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Babək Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli 2(079)- 157/2014 saylı məhkəmə əmrindən görünür ki, Babək rayon Cəhri kəndində yaşayan Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X3, xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X1 üçün hər ay cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq anaları X5 ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Babək Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(079)- 1/2015 saylı qətnaməsindən görünür ki, tərəflərin nikahın pozulmuş, yetkinlik yaşına çatmayan uşaqların ananın yanında qalması qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 3897/2016 saylı qətnaməsindən görünür ki, Babək Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(079)-157/2014 saylı məhkəmə əmri ilə uşaqların saxlanması üçün Cavabdeh iddiaçı X2 xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X3, xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər bir uşaq üçün 117 manat olmaqla cəmi 351 (üç yüz əlli bir) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-9512/2016 saylı qətnaməsindən görünür ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilməsi, Babək rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(079)-157/2014 saylı məhkəmə əmri ilə uşaqların saxlanması üçün Cavabdeh iddiaçı X2 xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X3, xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir.. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 3 uşaqları doğulmuşdur. Uşaqlardan xx.xx.2006-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatıbdır. Babək Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(079)-1/2015 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların ana ilə qalması müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9512/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay cavabdehdən 300 manat aliment ödənilməsi qət edilmişdir. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, gündəlik qayğıların ananın üzərinə düşməsini, cavabdehin gəlirləri barədə iş materiallarında sübutun olmadığını, uşaqlardan birinin yetkinlik yaşına çatdığını, uşaqların birinə görə pensiya təyin edildiyini, həmçinin iddiaçının uşağa baxım pulu aldığını, bununla yanaşı əmək qabiliyyətli valideyn kimi uşaqlarını saxlamaqla bağlı öhdəliklərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı dəyişdirilərək hər ay bir uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə Mülki-Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 6,80 manat (altı manat səksən qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə, 4,90 manat (dörd manat doxsan qəpik) mediasiya xərci isə İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(103)-9512/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 16, mənzil 81 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şərur rayon Düdəngə kəndində yaşayış yeri üzə qeydiyyatda olan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 6,80 manat (altı manat səksən qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə, 4,90 manat (dörd manat doxsan qəpik) mediasiya xərci isə İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-573/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-573/2024
11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver