Məhkəmə qərarları › İş №2(110)-580/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-580/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-580/2021 14.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 (bir min yüz) ABŞ dolları pulun, ödədiyi 300 (üç yüz) manat vəkil qonararının və 31 (otuz bir) manat dövlət rüsumunun, cəmi 1100 (bir min yüz) ABŞ dolları pulun və 331 (üç yüz otuz bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin 27.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “pul tələbi barədə” iddia qaldırdığını, ailə vəziyyəti ilə əlaqədar Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyini, ona görə də iddia tələbinə dair 14.09.2021-ci il tarixdə keçiriləcək məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə baxışı iclasının onun iştirakı olmadan vəkil və nümayəndəsinin iştirakı ilə baxılaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki işə iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir. İddiaçı qız iddia ərizəsində Cavabdeh bir həmkəndli kimi tanıdığını, 23.07.2019-cu il tarixdə Cavabdeh gəlib ona təcili pul lazım olduğunu bildirdiyini, ona borc olaraq qaytarmaq şərtilə 1100 (bir min yüz) ABŞ dolları pul verməsini xahiş etdiyini, iddiaçı ona inanıb, etibar edib həmin pulu verdiyini, 2019-cu ilin sonlarında Cavabdeh pulu qaytarmasını bildirdiyini, Cavabdeh pulu olmadığını, pulu indi qaytara bilməyəcəyini bildirdiyini, pulu qaytarmaq üçün ona vaxt verməsini xahiş etdiyini, iddiaçı ona əgər notariusa ondan pul alması barədə ərizə verərsə ona vaxt verəcəyini bildirdiyini, cavabdehin razılaşdığını, birlikdə Şərur rayon 2 saylı notariat ofisinə gəldiklərini, 13.12.2019-cu il tarixdə Cavabdeh ondan 1100 (bir min yüz) ABŞ dolları pul borc alması və borcunu 30.03.2020-ci il tarixdə qaytaracağına dair ərizə verdiyini, həmin tarixdən 3 ay keçsə də Cavabdeh hələ də ona olan borcunu qaytarmadığını, iddiaçı dəfələrlə Maratla görüşərək imkanının yaxşı olmadığını və pula ehtiyyacı olduğunu, aldığı pulu qaytarmasını bildirsə də, hər dəfəsində bir bəhanə ilə ondan aldığı 1100 (bir min yüz) ABŞ dolları pulu ödəməkdən bu günədək yayındığını, son zamanlar Maratla əlaqə saxlamaq istəsə də onu tapa bilmədiyini, tapdığında isə ona pulu olmadığını, borcunu qaytara bilməyəcəyini bildirdiyini, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, cavabdehin hələ də bugünə kimi borcunu qaytarmadığını, onun isə həmin pula çox böyük ehtiyacı olduğunu, cavabdehin ondan borc aldığına dair Şərur rayon 2 saylı notariat ofisinə verdiyi ərizəni iddia ərizəsinə əlavə etdiyini, yaranmış mübahisənin məhkəmə qaydasında həll olunması üçün bu sahədə təcrübəsiz olduğundan keyfiyyətli hüquqi yardım almaq üçün vəkillə müqavilə bağlamaq məcburiyyətində qaldığını bildirərək Cavabdeh 1100 (bir min yüz) ABŞ dolları pulun, ödədiyi 300 (üç yüz) manat qonararın və 31 (otuz bir) manat dövlət rüsumunun, cəmi 1100 (bir min yüz) ABŞ dolları pulun və 331 (üç yüz otuz bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 20 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxıçı iclasında iştirak edən İddiaçı izahatında xeyli vaxt Türkiyə Respublikasında yaşadıqlarını, həyat yoldaşının Türkiyə Respublikasında vəfat etdiyini, gətirib Oğlanqala kəndində dəfn etdiklərini, yenidən Türkiyə getmək istədiyini, lakin cəriməsi olduğu üşün gedə bilmədiyini, qonşusu Maratın onu Türkiyə Respublikasına keçirmək üçün kömək edə biləcəyini dediyini, Marata 23 iyul 2019-cu ildə 2000 (iki min) ABŞ dolları və əlavə 100 (bir yüz) manat verdiyini, lakin onu Türkiyə Respublikasına keçirə bilmədiyini, ondan pulunu istəsədə hərdə bir bəhanə ilə onu aldatdığını, məcbur qalıb polisə şikayət etdiyini, 2019-cu ilin dekabr ayında ona polis şöbəsində gətirib ona 900 (doqquz yüz) ABŞ dolları verdiyini, qalan 1100 (bir min bir yüz) dollarını 2020 - ci ilin mart ayının 30-da qaytaracağı barədə notariusda təsdiqlənmiş ərizə verdiyini, məcbur qalıb bankdan pul götürərək 16 yanvar 2020-ci il tarixdə cəriməsini ödəyərək Türkiyə Respublikasına getdiyini, 2021-ci ilin iyunun 2-də yenidən Şərura qayıtdığını, Maratdan pulunu istəsədə o, pulu qaytarmaqdan imtina etdiyini, məcbur qalıb məhkəməyə müraciət etdiyini, məhkəməyə müraciət etmək üçün banka 31 manat dövlət rüsumu və vəkillə müqavilə bağlayaraq 300 manat pul ödədiyini, Maratın onu əlavə xərcə saldığını qeyd edərək məhkəmədən Cavabdeh 1100 (bir min bir yüz) ABŞ dollarının, vəkilə ödədiyi 300 (üç yüz) manat qonararın və 31 (otuz bir) manat dövlət rüsumunun, cəmi 1100 (bir min yüz) ABŞ dollarının və 331 (üç yüz otuz bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxıçı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında ilk əvvəl iddiaçının keçən məhkəmə baxışı iclasında iddia ərizəsində qeyd etdiklərindən fərqli izahat verməsinin səbəbinin Maratın ona olan borcunu ödəyəcəyinə dair təsdiqlənmiş ərizə verdiyindən iddia ərizəsində o cür yazdığını, lakin məhkəmədə Maratın ona borcunun olmasından imtina etdiyi üçün həqiqəti deməyə məcbur olduğunu, iddiaçının qeyd etdiyi kimi uzun müddət ailəliklə Türkiyə Respublikasında yaşadıqlarını, iddiaçının həyat yoldaşı Türkiyə Respublikasında vəfat etdiyini, gətirib Oğlanqala kəndində dəfn etdiklərini, iddiaçı yenidən Türkiyə getmək istədiyini, lakin cəriməsi olduğu üşün gedə bilmədiyini, qonşusu Maratın onu Türkiyə Respublikasına keçirmək üçün kömək edə biləcəyini dediyini, Marata 23 iyul 2019-cu ildə 2000 (iki min) ABŞ dolları və əlavə 100 (bir yüz) manat verdiyini, 23 iyul 2019-cu ildə Marat onu İran ərazisinə keçirərək oradan yola salmaq üçün özü ilə Culfa Gömrük məntəqəsi vasitəsi ilə İrana apardığını, onu orada tanımadığı şəxslərin yanında qoyaraq özünün geri qayıtdığını, lakin Şamamanı Türkiyə Respublikasına keçirə bilmədikləri üçün 8 gün sonra Şahtaxtı Gömrük məntəqəsindən keçməklə geri qayıtdığını, Maratın onu Türkiyə Respublikasına keçirə bilmədiyini, iddiaçı ondan pulunu istəsədə cavabdeh hərdə bir bəhanə ilə onun pulunu qaytarmadığını, məcbur qalıb polisə şikayət etdiyini, 2019-cu ilin dekabr ayında Maratın polis şöbəsində gətirib iddiaçıya 900 (doqquz yüz) ABŞ dolları verdiyini, qalan 1100 (bir min bir yüz) dollarını isə 2020 - ci ilin mart ayının 30-da qaytaracağı barədə notariusda təsdiqlənmiş ərizə verdiyini, iddiaçı məcbur qalıb bankdan kredit götürərək 16 yanvar 2020-ci il tarixdə cəriməsini ödəyərək Türkiyə Respublikasına getdiyini, 2021-ci ilin iyunun 2-də yenidən Şərura qayıtdığını, Maratdan pulunu istəsədə o, pulu qaytarmaqdan imtina etdiyini, məcbur qalıb məhkəməyə müraciət etdiyini, məhkəməyə müraciət etməsi ilə əlaqədar əlavə xərc çəkdiyini qeyd edərək Cavabdeh iddiaçıya borclu olduğu 1100 (bir min yüz) ABŞ dollarının, hüquqi yardıma görə vəkilə ödədiyi 300 (üç yüz) manatın və 31 (otuz bir) manat dövlət rüsumunun, cəmi 1100 (bir min yüz) ABŞ dollarının və 331 (üç yüz otuz bir) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 20 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxıçı iclasında Cavabdeh verdiyi izahatında iddianı qəbul etmədiyini, İddiaçı onun qonşu olduğunu, xeyli vaxt Türkiyə Respublikasında yaşadıqlarını, həyat yoldaşının Türkiyə Respublikasında vəfat etdiyini, gətirib Oğlanqala kəndində dəfn etdiklərini, o yenidən Türkiyə getmək istədiyini, lakin cəriməsi olduğu üçün gedə bilmədiyini, Şamamanın ondan kömək istədiyini, Türkiyə Respublikasında yaşayan əmisi oğlu X4 vəkilə verilməsi üçün 1100 ABŞ dolları verməli olduğunu dediyini, o, da onunla birlikdə 1100 ABŞ dollarını Pərvizə göndərməsi üçün Düdəngə kəndində yaşayan Elnur adlı şəxs verməsi üçün getdiklərini, Şamamanın maşında gözlədiyini, Elnur evdə olmadığı üçün pulu onun oğluna verdiklərini, bir ay sonra ona yenidən 900 dollar da Türkiyəyə göndərməli olduğunu dediyini, sonra Pərviz zəng edərək 900 ABŞ dolarının lazım olmadığını dediyini, Şamama pulu götürmədiyi üçün 900 ABŞ dollarını Şərur rayon Polis şöbəsində polis əməkdaşları vasitəsilə iddiaçıya qaytardığını, Şamamanın dəfələrlə onu polisə şikayət etdiyi üçün məcbur qalıb ona borcunun olması barədə ərizə yaşaraq notariusda təsdiqlədiklərini, iddiaçıya heç bir borcunun olmadığını qeyd edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. 20 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxıçı iclasında İddiaçı əlavə olaraq izahatında Cavabdeh izahatında qeyd etdiklərinin hamısının yalan olduğunu, aralarında onun dediyi formada danışıqların olmadığını, Türkiyə Respublikasına kiməsə pul göndərmək üçün onunla Düdəngə kəndinə getmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək dindirilən şahid X5 ifadəsində nə vaxt olmasını dəqiq xatırlamasa təqribən 2018-ci ildə Marat ona zəng edərək Türkiyə Respublikasına əmisi oğlu Pərviz adlı şəxsə 1100 ABŞ dolları pul göndərmək istədiyini, ona kömək etməsini xahiş etdiyini, özünün həmin vaxt Bakı şəhərində olduğunu, Maratın pulu aparıb evlərinə oğluna verdiyini, o da Türkiyə Respublikasında olan dostuna zəng etdiyini, gedib orda pulu ondan götürdüklərini, pulun kim tərəfindən götürüldüyü bilmədiyini, eyni zamanda Maratın pulu Türkiyə Respublikasına hansı məqsədlə göndərməsindən də xəbərinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət edilərək dindirilən şahid X7 ifadəsində, taksi fəaliyyəti ilə məşğul olduğunu, təqribən 2-3 il bundan əvvəl Oğlanqala kəndinin içərisindən keçərkən əvvəlcədən tanıdığı Maratın onu saxlatdığını, Düdəngəyə getmək istədiyini, onu Düdəngə kəndinə apardığını, onun tək olduğunu, yanıda başqa heç kimi görmədiyini, cavabdehin yerdən müdaxiləsindən sonra onunla birlikdə avtomobilə bir qadının da əyləşdiyini bildirmişdir. Məhkəmə iddiaçının, onun vəkili və nümayəndəsinin, cavabdehin izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Oğlanqala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 320 nömrəli, 08.07.2021-ci il tarixli arayışından görünür ki, Oğlanqala kənd sakini Cavabdeh həqiqətən Şərur rayon Oğlanqala kəndində yaşayır. İş materiallarında olan və Cavabdeh tərəfindən 13.12.2019-cu il tarixli Şərur rayon 2 saylı notariat ofisində təsdiqlənmiş ərizədən görünür ki, Şərur rayon Oğlanqala kənd sakini Muradov X1 sakini İddiaçı 23.07.2019-cu il tarixdə 1100 (bir min bir yüz) ABŞ dolları borc pul aldığını, 30.03.2020-ci il tarixdə qaytaracağını, əgər pulu qaytara bilməsə qanun qarşısında məsuliyyət daşıyacağını bildirmişdir. İş materiallarında olan Naxçıvan MR Vəkillər Kollegiyasının 04/423 saylı 08.07.2021-ci il tarixli hüquqi yardım üzrə xidmət müqaviləsindən və 004612 nömrəli qəbzdən görünür ki, İddiaçı hüquqi yardıma görə vəkilə 300 (üç yüz) manat ödəmişdir. İş materiallarına əlavə olunmuş 15.07.2021-ci il tarixli 16396 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Şərur filialı vasitəsilə dövlət büdcəsinə 31 (otuz bir) manat rüsum ödəmişdir. Məhkəmə tədqiqatı zamanı İddiaçı Cavabdeh 2000 (iki min) ABŞ dolları verməsi, Şərur rayon polis şöbəsinə şikayət etdikdən sonra cavabdehin ona olan borcundan 900 (doqquz yüz) ABŞ dolları qaytardığı, qalan 1100 (bir min bir yüz) ABŞ dollarını 30.03.2020-ci il tarixdə qaytaracağına dair Şərur rayon 2 saylı notariat ofisində təsdiqlənmiş ərizə verdiyi, cavabdehin isə Şərur rayon Polis şöbəsində iddiaçıya 900 (doqquz yüz) ABŞ dolları qaytarmasını etiraf etməsi, eyni zamanda 1100 (bir min bir yüz) ABŞ dolları borcunun olması və onu 30.03.2020-ci il tarixdə qaytaracağına dair Şərur rayon 2 saylı notariat ofisində təsdiqlənmiş ərizə verdiyi müəyyən edilmişdir. Buna görə də, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Həmçinin cavabdeh məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək iddiaçıya 1100 (bir min bir yüz) ABŞ dolları borcunun olmadığını, iddiaçının dəfələrlə onu polisə şikayət etdiyi üçün məcbur qalıb ona borcunun olması barədə ərizə yaşaraq notariusda təsdiqlədiyini bildirsə də, iddiaya etiraza dair sadaladığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə cavabdehin məhkəmə baxışı iclasında verdiyi izahatlar sadəcə özünümüdafiə xarakteri daşıyır. Eyni zamanda məhkəmə cavabdehin təşəbbüsü ilə dindirilmiş şahid ifadələri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, şahid X5 ifadəsində cavadehin əmisi oğluna 1100 (bir min bir yüz) ABŞ dolları göndərdiyini bildirsə də cavabdehin pulu Türkiyə Respublikasına hansı məqsədlə göndərməsindən xəbərinin olmadığını bildirmişdir. Digər şahid X7 isə ifadəsində əvvəlcə cavabdehi Düdəngə kəndinə apararkən, onun avtomobildə tək olduğunu, yanında başqa heç kimi görmədiyini, cavabdehin yerdən müdaxiləsindən sonra onunla birlikdə avtomobilə bir qadının da əyləşdiyini bildirməklə ziddiyyətli ifadə verdiyindən məhkəmə şahid X6 ifadəsini sübut kimi qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh iddiaçıya 1100 (bir min bir yüz) ABŞ dolları borcunun olması və onu 30.03.2020-ci il tarixdə qaytaracağına dair Şərur rayon 2 saylı notariat ofisində təsdiqlənmiş ərizə versədə, həmin ərizəyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, borclu olduğu 1100 (bir min bir yüz) ABŞ dollarını müəyyən edilmiş vaxtda iddaçıya ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı öz iddia tələbini sübut etmiş, cavabdehin iddiaya qarşı etirazını yalnız öz izahatı ilə əsaslandırmışdır. Beləliklə də iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. İddiaçının iddia tələbinin əsası kimi cavabdehə 1100 (bir min yüz) ABŞ dolları verdiyini sübut edə bilmişdir. Cavabdeh tərəfindən isə hazırkı iş üzrə məhkəməyə iddiaçıya 1100 (bir min yüz) ABŞ dolları borcunun olmamasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə iddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə vəkilə ödənilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı bildirir ki, iş materiallarına əlavə olunmuş 04/423 saylı 08.07.2021-ci il tarixli hüquqi yardım üzrə xidmət müqaviləsindən və 004612 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və hüquqi xidmətə görə vəkilə 300 (üç yüz) manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və Mülki Prosesual Məcəllənin 121-ci maddəsinin tələbindən çıxış edərək hesab edir ki, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və iddiaçı ödənilmiş dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etdiyindən, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Oğlanqala kənd sakini Cavabdeh 1100 (bir min yüz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq Şərur rayon Oğlanqala kənd sakini İddiaçı ödənilsin Şərur rayon Oğlanqala kənd sakini Cavabdeh hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat və 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 331 (üç yüz otuz bir) manat da alınaraq Şərur rayon Oğlanqala kənd sakini İddiaçı ödənilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar