Məhkəmə qərarları › İş №2(110)-584/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-584/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-584/2021 18.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1522 (bir min beş yüz iyirmi iki) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC (bundan sonra Cəmiyyət) iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunduğunu, “X2” haqqında müqavilə imzalandığını, 04.10.2019-cu il tarixli 437-K saylı əmrlə administrator vəzifəsinə keçirildiyini, 13.01.2019-cu il tarixdə öz ərizəsi əsasında 021-K saylı əmrlə vəzifəsindən azad edildiyini, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verdiyini, belə ki, 18.08.2020-ci il və 01.11.2020-ci il tarixlərində Oba-Binə 24 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurmasının müəyyən edildiyini, 18.08.2020-ci il və 01.11.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 1475 (bir min dörd yüz yetmiş beş) manat məbləğində zərər vurması məlum olduğunu, maliyyə arayışına əsasən ümumi borcdan 590 (beş yüz doxsan) manat güzəşt edildiyini, 94 (doxsan dörd) manat hissəsi isə şirkətdən alacağı vasitəsilə qarşılandığını, beləliklə cavabdehin Cəmiyyət qarşısında borcunun 1522 (bir min beş yüz iyirmi iki) manat təşkil etdiyini, qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilmədiyini bildirərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1522 (bir min beş yüz iyirmi iki) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin 18.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı MMC-nin Cavabdeh qarşı (İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyyatlar) vurulmuş ziyanın ödənilməsi barədə) tələbinə dair müdafiə etdiklərini, Cavabdeh barəsində olan mülki iş üzrə 18.10.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasına onların iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 03.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1522 (bir min beş yüz iyirmi iki) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında 2019-cu ilin iyul ayında İddiaçı MMC-də satıcı kassir vəzifəsinə işə başladığını, daha sonra 04.10.2019-cu il tarixdə administrator vəzifəsinə keçdiyini, 7 sentyabr 2020-ci il tarixində məzuniyyətə çıxdığını, 19 noyabr 2020-ci il tarixdə məzuniyyətdən qayıtdığını, inventarizasiyanın 1 noyabr 2020-ci il tarixində olduğunu, iştirak etmədiyini, mağazanı başqa şəxsə təhvil verdiklərini, ona başqa mağazada işləməyi təklif etsələr də, qəbul etmədiyini və işdən kənarlaşdırıldığını, 2021-ci ilin yanvar ayının 13-də isə öz ərizəsi əsasında işdən azad olunduğunu, 18.08.2020-ci il tarixində keçirilən inventarizasiyada iştirak etmədiyini, 1218 manat kəsir olduğunu bildiyini, birinci dəfə aparılan inventarizasiyaya görə 590 manat borcunun qaldığını, onu ödəməyə hazır olduğunu, 2-ci kəsirin isə onunla əlaqəsinin olmadığını, axırıncı dəfə 6 sentyabr 2020-ci il tarixində işdə olduğunu qeyd edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə, cavabdehlərin izahatına iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materillarına əlavə olunmuş 26.07.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materillarına əlavə olunmuş 26.07.2019-cu il il tarixli 319-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-də 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “X2” haqqında 26.07.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq və s. barədə X2i öz öhdəsinə götürmüşdür. İş materillarına əlavə olunmuş 04.10.2019-cu il il tarixli 437-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış Departamentinə Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış “X2” haqqında 04.10.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq və s. barədə X2i öz öhdəsinə götürmüşdür. İş materillarına əlavə olunmuş 04.10.2019-cu il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 04.10.2019-cu il tarixdən Cəmiyyətin satış Departamentinə Administrator vəzifəsinə keçirilmişdir. İş materillarında olan satış departamenti-vəzifə təlimatı barədə sənədin surətindən görünür ki, Administrator işlədiyi mağazada çalışan əməkdaşların fəaliyyətinə nəzarət edir, satış hədəflərinin reallaşmasına məsul olan şəxsdir və üzərinə bir sıra vəzifələr qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 04.09.2020-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktdan görünür ki, 18 avqust 2020-ci il tarixdə OBA – Binə 24 mağazasında maddi-məsul şəxs Cavabdeh iştirakı ilə onun öhdəsində olan mal-material qiymətlərinin siyahıya alınmış aktivlər üzrə üzləşdirilməsi aparılmış, itki və imhanın cəmi -1218.81 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 04.09.2020-ci il tarixli İmtina Aktından görünür ki, maddi-məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrinin araşdırılmasında iştirak etsə də yoxlamanın nəticələrinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-1218.81 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş 07.12.2020-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktdan görünür ki, 01 noyabr 2020-ci tarixdə OBA –Binə 24 mağazasında maddi-məsul şəxs Cavabdeh öhdəsində olan mal-material qiymətlərinin siyahıya alınmış aktivlər üzrə üzləşdirilməsi aparılmış, itki və imhanın cəmi -1475.36 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 07.12.2020-ci il tarixli İmtina Aktından görünür ki, maddi-məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrinin araşdırılmasında iştirak etsə də yoxlamanın nəticələrinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-1475.36) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materillarına əlavə olunmuş 13.01.2021-ci il tarixli 21 saylı əmrdən çıxarışdan görünür ki, əmək müqaviləsinə Cavabdeh öz xahişi ilə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş 12.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 18.08.2020-ci il və 01.11.2020-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 1219 manat və 1475 manat, ümumi olaraq 2694 (iki min altı yüz doxsan dörd) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği birinci əksikgəlməyə görə 590 (1219-125819*0,5%) manat, ikinci əksikgəlmədən isə 1026 (1475-89954*0,5%) manat və ümumi olaraq 1616 (bir min altı yüz on altı) manat qalmışdır. Ümumi kənarlaşma məbləğindən 94 (doxsan dörd) manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə Cavabdeh 12.05.2021-ci il tarixə olan borcu 1522 (bir min beş yüz iyirmi iki) manat təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 05.02.2021-ci il tarixli, DN-412 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 1521,66 manat (bir min beş yüz iyirmi bir manat altmış altı qəpik) qalıq borcu olması, qeyd olunan borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 07.07.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də əvvəlcə satıcı kassir, 04.10.2019-cu il tarixdən isə administrator vəzifəsinə qəbul olunmuşdur. 18.08.2020-ci il və 01.11.2020-ci il tarixdə aparılmış “İnventarizasiya Nəticələrinə” dair tərtib olunmuş Aktlara əsasən cavabdeh tərəfindən Cəmiyyətə 2694 (iki min altı yüz doxsan dörd) manat məbləğində zərər vurulmuşdur. Zərərin müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq Cəmiyyət tərəfindən 0.5 % dövriyyə güzəşti tətbiq edildikdən sonra cavabdehin Cəmiyyətə vurduğu zərərin miqdarının birinci əksikgəlməyə görə 590 manat, ikinci əksikgəlmədən isə 1026 manat olmaqla, ümumi olaraq 1616 (bir min altı yüz on altı) manat olduğu müəyyən edilmişdir. Eyni zamanda 1616 (bir min altı yüz on altı) manatdan cavabdehin Cəmiyyətdən alacağı 94 (doxsan dörd) manat hissəsidə çıxıldıqdan sonra, cavbdehin vurulmuş zərərə görə Cəmiyyətə 1522 (bir min beş yüz iyirmi iki) manat borcu qalmışdır. Beləliklə də məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir; - 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; - 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. - 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.; - 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; - 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsaən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Cavabdeh İddiaçı əmlakına vurulmuş ziyana görə 1522 (bir min beş yüz iyirmi iki) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1552 (bir min beş yüz əlli iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar