Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-585/2023 02.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3600 manat pul, hüquqi yardım almaq üçün ödədiyi 420 manat vəkil qonorarı və 56 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4076 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2 il bundan əvvəl N saylı hərbi hissədə işçi qüvvədə baş gizir vəzifəsində xidmət edərkən işində bəzi problemlər yarandığını, həmin müddətdə hərbi qospitalda müalicə aldığını, bacanağı Şərur rayon Düdəngə kənd sakini Cavabdeh1 həmkəndlisi Cavabdeh2 ilə birlikdə hərbi qospitala gələrək Şərur rayon Düdəngə kəndində Xəlil adlı şəxsə 8000 manat pul versə onun məhkəmə işlərinin həll olunmasına köməklik edəcəyini dediyini, həmin vaxtı hərbi qospitalda müalicə aldığından, Cəbrayılın isə bacanağı olduğunu nəzərə alaraq ona inandığını, rəsmi sənəd olmadan X1 yanında Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 8000 manat pul göndərdiyini, lakin Cavabdeh2 ona heç bir köməklik göstərmədiyini, Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə ona 2 il 6 ay müddətinə şərti cəza təyin edildiyini, ona görə Cəbrayıla zəng edərək pulu qaytarmasını bildirdiyini, 4000 manat pulu qardaşı X2 qaytararaq pulun qalanını da bir neçə günə qaytaracaqlarını bildirsə də qaytarmadıqlarını, ayrı-ayrı vaxtlarda 250 manat və 152 manat olmaqla cəmi 402 manat qaytardığını, qalan 3600 manatı qaytarmadığını bildirmişdir. Məhkəmənin əsaslandırması: İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, ərizənin məzmunundan da göründüyü kimi iddiaçı ərizəsində cavabdeh tərəfindən aldadılaraq 8000 manat pul vəsaitinin ələ keçirildiyini göstərmiş və faktiki olaraq cavabdehin dələduzluq cinayəti törətməsi barədə məlumat vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərdiyi məlumatlara hüquqi qiymət verilməsi cinayət mühakimə icraatının predmetidir. Bununla bağlı iddiaçı daxili işlər orqanlarına müraciət etsə də, sonradan özünün ərizəsi əsasında baxılmamış saxlanılmışdır. Yalnız iddiaçının ərizəsində göstərilən hallara hüquqi qiymət verildikdən sonra, yəni cinayət mühakimə icraatı çərçivəsində dəymiş ziyanın müəyyən olunması və ödənilməsi, yaxud cinayət işi üzrə məhkəmənin ittiham hökmü qanuni qüvəyyə mindikdən sonra hökmlə müəyyən olunmuş vurulmuş ziyanın ödənilməsi ilə bağlı müstəqil iddianın qaldırılması mümkündür. Lakin iş üzrə şəxsin əməli ilə bağlı daxili işlər orqanları tərəfindən yekun qərar qəbul olunmamışdır. Buna görə də məhkəmə hazırkı vəziyyətdə iddianın məhkəmənin icraatına qəbul olunmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə görə işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını qərardadda göstərir. Buna görə də, iddiaçıya ərizəsində göstərdiyi hallarla bağlı aidiyyəti üzrə Şərur Rayon Polis İdarəsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunduğundan iddiaçı tərəfindən ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı tərəfindən Şərur Rayon Məhkəməsinə verilmiş iddia ərizəsini icraata qəbul etməkdən imtina edilsin. İddiaçıya ərizəsində göstərdiyi hallarla bağlı aidiyyəti üzrə Şərur Rayon Polis İdarəsinə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 11458 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-585/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-585/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver