Məhkəmə qərarları › İş №2(110)-591/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-591/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-591/2022 31.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Dərvişlər kəndində yaşayan Cavabdeh1 3600 (üç min altı yüz) manat pulun, Cavabdeh2 2000 (iki min) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 76 (yetmiş altı) manat pulun, ümumilikdə 5676 (beş min altı yüz yetmiş altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində uzun müddətdir ki, Dərvişlər kənd İcra Nümayəndəliyində mücavir vəzifəsində işlədiyini, 2011-ci ildən isə yaşa görə əmək pensiyası aldığını, onun aylıq pensiya məbləğinin 276 manat təşkil etdiyini, onun ümumiyyətlə ailə qurmadığını, ailəsi olmadığından hər zaman qazancının müəyyən bir hissəsini öz dəfini üçün topladığını, onun qazancının müəyyən bir hissəsini öz dəfini üçün toplamağından qardaşının oğlanlar Cavabdeh1 və Cavabdeh2 xəbərdar olduqlarını, onun topladığı pullardan fərqli vaxtlarda müəyyən məqsədlər üçün Cavabdeh1 3600 manat alaraq mənimsədiyini və qaytaracağına söz versə də buna əməl etmədiyini, Cavabdeh2 isə böyük məbləğdə aliment borcu yarandığından onu Şərur rayon İcra və Probasiya şöbəsi tərəfindən məsuliyyətə cəlb olunması barədə tədbirlər görülərkən cavabdehin ona yaxınlaşaraq 2200 manat pula ehtiyacının olduğunu və 10 gün müddətinə qaytaracağına söz verərək 08 aprel 2022-ci il tarixdə ondan borc olaraq götürdüyünü, Cavabdeh2 götürdüyü həmin puldan cəmi 200 manat qaytarsa da qalan pulları qaytarmaqdan boyun qaçırdığını, Cavabdeh1 3600 manat pulu və Cavabdeh2 isə 2000 manat pulu qaytaracaqlarına söz versələr də, bu günə qədər qaytarmadıqlarını, ona görə də onun məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qaldığını qeyd edərək, Şərur rayon Dərvişlər kəndində yaşayan X2 3600 (üç min altı yüz) manat pulun, Cavabdeh2 2000 (iki min) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 76 (yetmiş altı) manat pulun, ümumilikdə 5676 (beş min altı yüz yetmiş altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək ərizəsində Şərur Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddia qaldıraraq, Cavabdeh1 3600 manat pulun, Cavabdeh2 2000 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 76 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, Cavabdeh1 veridiyi pullardan 1200 manatı cavabdehin qardaşı oğlu olduğu üçün sildiyini, buna görə də iddia tələbinin azaldılması zərurəti yarandığını, Cavabdeh1 2400 manat pulun, Cavabdeh2 2000 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 76 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə 2(110)-591/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadla mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində və iddia tələbinin azaldılması barədə ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında iddiaçının siyahıda qeyd etdiyi pulları ondan borc aldığını, amma həmin pulların hamısını qaytardığını, lakin buna dair hər hansı bir sübutunun olmadığını, Xalidənin pulları aldıqdan sonra siyahıdan silmədiyini, birinci dəfə 2020-ci ilin aprel ayında əmisi oğlu Tağıyev Dövranla icarə torpaq götürüb kartof əkdiklərini, pulu olmadığı üçün Xalidədən 10 faizlə 1000 manat pul götürdüyünü, əvvəl pandemiya sonra isə müharibə ilə əlaqdar borcunu qaytara bilmədiyini, aldığı 1000 manat pula görə Xalidənin 1400 manat faiz hesabladığını, Xalidəyə cəmi 2400 manat borcu olduğunu, onu bezdirdiyi üçün 2020-ci ilin dekabr ayında bacısı öz qızının toyuna saxladığı dananı 1350 manata sataraq Xalidəyə verməsi üçün ona verdiyini, o da aparıb Xalidənin evində həmin pulu ona verdiyini, sonra 2021-ci ilin iyul ayında öz inəyini Dəmirçili qəssab Hüseynə 780 manat satdığını, həmin pulun üstünə 20 manatda qoyaraq 800 manat puluda aparıb Xalıdənin evində ona verdiyini, Xalidədən aldığı 1000 manata görə 1150 manatda əlavə faiz olmaqla Xalidəyə cəmi 2150 manat pul ödədiyini, həmin pulları Xalidənin evində qaytardığı üçün heç kimin görmədiyini, buna dair heç bir sübutunun olmadığını, Xalidəyə 250 manat borcunun qaldığını, həmin pulu istəmədiyi üçün qaytarmadığını, haliyədə ona 250 manat borcunun olduğunu, eyni zamanda qardaşı Qalibi aliment borcuna görə bu il Bakı şəhərindən Şərur rayon İcra və Probasiya şöbəsinə gətirdiklərini, qardaşının aliment borcuna görə 2000 manat ödədikdən sonra onu buraxdıqlarını, qardaşının yenidən Bakıya getdiyini, onun da həmin 2000 manat pulu Xalidədən aldığından 2-3 ay sonra xəbərinin olduğunu, Xalidənin o pulu da qardaşına faizlə verdiyini, qardaşının həmin pulun 200 manatını poçt vasitəsilə Xalidəyə göndərdiyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. 10 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh1 təşəbbüsü ilə dəvət edilən şahid X3 ifadəsində cavabdehlər Xaliqin və Qalibin bacısı olduğunu, 2019-cu ilin noyabr ayında Xalidədən 800 manat borc aldığını, 2020-ci ilin mart ayının 2-si ya 3-də həmin pulun 500 manatını Xalidəyə qaytardığını, Xalidəyə “imkanın varsa bu pulu ver Xaliqə kartof əksin, köməklik edib birlikdə geri ödəyəcəyik” sözlərini dediyini, Xalidənin ondan aldığı 500 manatı Xaliqə verdiyini, Xalidəyə əlavə borcunun da olduğunu, Xalidə onlardan dəfələrlə borcunu tələb etdiyi üçün qızının toyuna saxladığı dananı 2020-ci il 26 dekabr tarixində satıb Xalidəyə olan 800 manat özünün borcunu, 530 manat da Xaliqin borcunu ödəməsi üçün Xaliqə 1350 manat verdiyini, Xaliqdə aparıb Xalidənin pulunu onun evində verdiyini dediyini, Xalidənin tələb etdiyi siyahıda olan pullardan xəbərinin olmadığını, yalnız Xaliqin Xalidədən mangal düzəltmək üçün 20 manat, maşın almaq üçün 400 manat borc aldığından məlumatının olduğunu, Xaliqin Xalidəyə olan borcunu ödəmək üçün 400 manat kredit götürdüyünü, inəyini satıb 800 manat da əlavə borcunu ödədiyini eşitdiyini, həmçinin qardaşı Qalibin aliment borcu olduğunu, ona görə də onu 2022-ci ilin aprelində polislər tutub Şərur rayon İcra və Probasiya şöbəsinə gətirdiklərini, qardaşının aliment borcuna görə 2000 manat ödədikdən sonra onu buraxdıqlarını, Qalibin yenidən Bakıya getdiyini, onunda həmin 2000 manat pulu Xalidədən aldığından sonradan xəbərinin olduğunu, dediyinə görə o pulu faizlə aldığını, Qalibin həmin pulun 200 manatını poçt vasitəsilə Xalidəyə göndərdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilən X4 ifadəsində tərəflər arasındakı pul məsələləri barədə məlumatının olmadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş əlyazmada Cavabdeh1 maşın alanda 2000+400 manat, Sitarə Bakıya gedəndə biletə 100 manat, Xaliq xəstə olanda 20+40 manat, azota 20 manat, manqal üçün 25 manat, bayramda 50 manat, yeri çizeldədəndə 15 manat, şitilə 50 manat, birdəfə 30 manat, inəyi alanda 300 manat, hərdən aldığı 10+10+10+5 manat, bir dəfədə 100 manat, maşının ustaya verdəndə 100 manat, bir dəfə də 140 manat, İrana gedəndə ərzaqa 25 manat, kartofa çıxardanda 60 manat, pensiya veriləndə Kürçülüdə kartof əkməsinə görə 200 manat aldığ, həmçinin Qalibin 2022-ci ilin aprelin 8-də 2000+200 aldığı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 9019 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün "xxxx" ASC Şərur filialı vasitəsilə dövlət büdcəsinə 76 (yetmiş altı) manat rüsum ödəmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 məhkəməyə təqdim etdiyi əlyazma üzrə verdiyi 3600 (üç min altı yüz) manat pulun, Cavabdeh2 isə 2000 (iki min) manat pulun alınaraq ona ödənilməsini xahiş etsə də, sonradan iddi tələbini azaldıraraq Cavabdeh1 2400 manat pulun, Cavabdeh2 2000 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 76 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 isə izahatında iddiaçının siyahıda qeyd etdiyi pulları ondan borc aldığını etiraf etmiş, amma həmin pulların hamısını qaytardığını, iddiaçının pulları aldıqdan sonra siyahıdan silmədiyini qeyd etsədə, məhkəməyə buna dair hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda Cavabdeh1 təşəbbüsü ilə dindirilmiş şahid X3 ifadəsində Xaliqin Xalidə onlardan dəfələrlə borcunu tələb etdiyi üçün qızının toyuna saxladığı dananı 2020-ci il 26 dekabr tarixində satıb Xalidəyə olan 800 manat özünün borcunu, 530 manat da Xaliqin borcunu ödəməsi üçün Xaliqə 1350 manat verdiyini, undan əlavə Xaliqin Xalidəyə olan borcunu ödəmək üçün 400 manat kredit götürdüyünü, inəyini satıb 800 manat da əlavə borcunu ödəməsi üçün Xaliqin aparıb Xalidənin pulunu onun evində verdiyini qeyd etsə də, bu iddiaçı tərəfindən rədd edilmiş, cavabdeh tərəfindən isə iddiaya etiraza dair sadaladığı hallara dair məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin məhkəmə tədqiqatı zamanı iddiaçının Cavabdeh2 pul verməsi də digər Cavabdeh1 etirafedici izahatı və onun təşəbbüsü ilə məhkəmədə şahid qismində iştirak edən cavabdehlərin bacısı X1 ifadəsi ilə öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıdan aldıqları pulları geri qaytarmamaları onların üzərilərinə götürdükləri öhdəliklərin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onlar risk dairələrinə daxil olan öhdəliklərin icra etmədikləri bütün halları üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borclarını razılaşdırdıqları kimi iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının hər iki cavabdehə qarşı iddia tələbi Cavabdeh1 tərəfindən etiraf edildiyindən iddiaçını bu faktları sübut etmək vəzifəsindən azad etmişdir. Cavabdeh1 isə iddiaçının tələb etdiyi pul məbləğini ona qaytardığını qeyd etsə də, məhkəməyə hər hansı bir sübut təqdim etməyərək, bu faktı yalnız öz izahatı ilə əsaslandırmışdır. Eyni zamanda iddiaçının digər Cavabdeh2 qarşı pul tələbi Cavabdeh1 və onun təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahid tərəfindən etiraf edilmiş, lakin Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş və həmin pulu iddiaçıya qaytarmasına dair də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda məhkəmə bildirir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsssız varlandıqlarından, İddiaçı isə əmlakından məhrum olduğundan, həmçinin cavabdehlərin varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün onlar əldə etdiklərini iddiaçıya qaytarmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzini tələb etdiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərəq qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan Cavabdeh1 2400 (iki min dörd yüz) manat, Cavabdeh2 isə 2000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərəq qaydada alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar