Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-6/2025 11.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin və çəkilmiş xərclərin ödənilməsi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 iddiası əsasında hazırda baxılan “birgə nikah dövründə qazanılmış daşınmaz əmlakın bölgüsü” hissəsində iddiasına baxılıb yekun nəticə verilənə qədər dayandırılmasını və 1999-cu ildə həmkəndlisi X3 aldığı torpağa görə 500 ABŞ dolların ekvivalentini, evin tikintisinə görə 30000 manat, hasarın tikintisinə görə 3000 manat, yan damı və qarajın tikintisinə görə isə 5000 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində 1999-cu ildə Arpaçay kənd sakini həmkəndlisi X7 Arpaçay kənd ərazisində yerləşən JN-078A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsi əsasında 0.1328 ha həyətyanı torpaq sahəsinə 500 ABŞ dolları ödəməklə aldığını, 1999-2000-ci illərdə aldığı torpaq sahəsi üzərində bir mərtəbədən və dörd otaqdan ibarət ev, hasar, yan damı və qaraj tikdiyini, X13 torpağı ona satdıqdan sonra tez bir zamanda ailəsi ilə birlikdə işləmək üçün Türkiyə Respublikasına getdiklərini, X1 Respublikasında olduğundan aldığı torpaq sahəsini onun adına sənədləşdirə bilmədiklərini, 2012-ci ildə isə X13 ağır yataq xəstəliyinə tutulduğundan o, ailəsi ilə birlikdə Şərur rayon Arpaçay kəndinə qayıtdığını, həmin vaxtı səhhəti ilə əlaqədar Bakı şəhərində müalicə aldığını Cavabdeh1 ona zəng edərək X4 yataqda ağır xəstə olduğunu, vəziyyətinin ağır olduğunu və satdığı torpağın dərhal onun adına sənədləşdirilməsini istədiyini bildirdiyini, həmin vaxt Bakı şəhərində müalicə aldığını Cavabdeh1 onun əvəzindən X13 ilə alqı-satqı müqaviləsi bağlamasına icazə verdiyini, xx.xx.2012-ci il tarixdə X13 və Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlandığını, cavabdehlərin 2001-ci ildə ailə qurduğunu, 2004-cü ildən isə onun inşa etdiyi evdə yaşadıqlarını, haliyədə onların arasında bağlanmış nikahın pozulduğunu və ayrı yaşadıqlarını, 1999-cu ildə aldığı torpaq sahəsinin və 1999-2000-ci illərdə inşa etdiyi evin xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi Cavabdeh1 adına olduğundan birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölündüyünü, lakin həmin torpaq sahəsini və üzərində inşa edilmiş bir mərtəbədən və dörd otaqdan ibarət evi, hasarı, yan damını və qarajı öz vəsaiti hesabına tikdirdiyini həmkəndlilər usta və fəhlələrin şahidlik etdiyini, öz çəkdiyi xərclərin əvəzinin torpağa görə 500 ABŞ dolları, evə görə 30000 manat, hasara görə 3000 manat, yan damı və qaraja görə isə 5000 manat pulun ona ödənilməsi tələbi ilə cavabdehlərlə razılaşmadıqlarını, ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X5 iddiaçının qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etdiyini, 1999-ci ildə hazırkı mübahisəli evin himi açılıb, sokolunun hörüldüyünü, 2001-ci il mart ayında evin tikintisinin başa çatdığını, 2001-ci ilin oktyabr ayında təmir tikinti işlərinin tam başa çataraq evin hazır vəziyyətdə olduğunu, 14 oktyabr 2001-ci il tarixdə Cavabdeh2 ilə toylarının olduğunu, ataısının evinə gəlin köçdüyünü, evin tək oğlu olduğu üçün evləndikləri zaman valideynlərimin yanında yaşadıqlarını, 2003cü ildə ailədə münaqişə olduğu üçün atasının tikdiyi həmin evə köçdüklərini, həmin evin tikintisinə ümumiyyətlə pul xərcləmədiklərini, bütün təmir-tikinti işlərinin xərcinin hamısını atasının çəkdiyini qeyd edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qəbul etmədiyini, iddianın yalan və əsasız olduğunu, Ziyafətlə 16 oktaybr 2001-ci il tarixdə ailə qurduqlarını, hazırkı mübahisəli evin ailə qurduqdan sonra tikildiyini, hətta evin himinə nənəsinin qəpik pul atdığını, ailə qurduqdan İddiaçı evinə gəlin köçdüyünü, 2003-cü ili avqust ayından sonra ailədə münaqişə olduğu üçün hazırkı mübahisəli evə köçdüklərini, həmin vaxtı böyük qızının 6 aylıq olduğnu, sonradan isə Ziyafətlə aramızda mübahisə olduğu üçün atasının evinə getdiyini, 6 ay orada qaldıqdan sonra 2004-cü ildə yenidən həmin evə qayıtdığını, o vaxtdan həmin evdə yaşamağa başladıqlarını, toyda ona hədiyyə olaraq alınan qızıl-zinət əşyalarını satıb 3-4 aya evin kosmetik işlərini etdiklərini, otaqların tavanını, polunu düzəltdiklərini, divarlara gəc vurdurduqlarını, evin üstünə atılan ağacları əmisinin Qarahəsənli kəndində olan həyətindən kəsib onlara hədiyyə etdiyini, evin Ziyafətlə evləndiyimiz vaxtdan sonra tikilib başa çatdığını qeyd edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsu ilə dəvət edilən şahid X20 ifadəsində təxminən 1999-2000-ci illərdə onun Hidayətin evinin tikintisində Çərkəzin yanında fəhlə işlədiyini, ev tam tikilənədək orada işlədiyini, Qasımov Əhmədin onunla birlikdə bir aya yaxın orada işlədiyini, pulu Hidayətdən aldığını, evin tikintisinin təxminən altı ay çəkdiyini, sonra evin şiferini Rasimənin əmisinin vurduğunu eşitdiyini bildirmişdir. 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının dəvət edilən şahid X8 ifadəsində 2000-ci ildə İbadullah kəndindən olan Nadirin onu Hidayətin həyətinə çağırdığını, Hidayətin həyətində uzunu 36 sm, eni 17 sm ölçüdə karkaz toxuduğunu, harada istifadə olunacağını bilmədiyini, onun sadəcə xamıt əydiyini, Nadirin isə qaynaq etdiyini, 8-9 gün orada işlədiyini, pulunu Hidayətdən aldığını bildirmişdir. 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsu ilə dəvət edilən şahid X17 ifadəsində Hidayətin onun xalası oğlu olduğunu, Ziyafətə tikilən evdə Çərkəz ustanın yanında fəhlə işlədiyini, onunla birlikdə Əliyev Babək və onun oğlu Şahinin də işlədiyini, ilini xatırlamadığını, sadəcə hörgü hörülməsində və palçıq tutulmasında iştirak etdiyini, həmin evdə 3-5 gün işlədiyini, sonra Türkiyəyə işləmək üçün getdiyini, Rasimi orada görməyini xatırlamadığını bildirmişdir. 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsu ilə dəvət edilən şahid X18 ifadəsində onun Ziyafətə tikilən evin çöl fasadını işlədiyini, suvaq vurduğunu və malyar işini gördüyünü, təxminən 2000-2003-cü illər arası olduğunu, evdə Ziyafət və Rasimənin yaşadığını, onu Hidayətin çağırdığını, Kamil adlı şəxslə yalnız həftənin altı-bazar günləri işlədiklərini, çünki müəllim işlədiyini, fəhlə kimi orada Hidayət, Ziyafət və Rasimənin də işlədiyini, pulunu Hidayətdən aldığını bildirmişdir. 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh2 təşəbbüsu ilə dəvət edilən şahid X14 ifadəsində Rasimə ilə Ziyafət evlənəndən sonra Ziyafətin ev tikmək istədiyini, ona “evi neynirsən? sənin qaynatanın oğlu yoxdur, get orada yaşa” dediyini Ziyafətin razılaşmadığını, Ziyafətin “ev tikəcəm” dediyini, ilini xatırlamadığını, tikintidə iştirak etmədiyini, evin şiferini atasının pulsuz vurduğunu, əmisinin də maddi cəhətdən çox kömək etdiyini bildirmişdir. 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh2 təşəbbüsu ilə dəvət edilən şahid X9 ifadəsində hazırki evin yerləşdiyi torpağın onun əri Qasımov Musaya məxsus olduğunu, 600 dollara satdıqlarını, pulunu Ziyafətin gətirib onların həyətində ona verdiyini, ilini xatırlamadığını, 2014-cü ildə mərhum ərinin xəstə olduğunu, Rasimə ilə Ziyafətin onun görmək üçün onlara gəldiklərini, ərinin onlara gedin torpaq sahəsini adınıza keçirik dediyini, bundan sonra gedib torpağı Ziyafətin adına keçirdiklərini, evin himinin açılmasını, tikilməsini gördüyünü, şiferinin Rasimənin əmisinin vurduğunu, evi rəhmətlik Çərkəzin hördüyünü, orada əlavə fəhlələrin də işlədiyini, lakin onları tanımadığını, Ziyafətlə Rasimənin həmin vaxt evli olduğunu, evin onların evli olduğu dövrdə tikildiyini bildirmişdir. 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh2 təşəbbüsu ilə dəvət edilən şahid X10 ifadəsində 2014-cü ildə atasının xərçəng xəstəsi olduğunu, torpağı adlarına sənədləşdirsinlər deyə Ziyafəti və Rasiməni çağırtdırdığını, eyni zamanda Rasiməni uşaqlıqdan tanıdığını, orada onun əziyyətinin çox olduğunu, 3 ay bundan əvvəl Ziyafətin onlara zəng etdiyini, gəlib məhkəmədə torpaq sahəsini Hidayətə satdıqlarına dair ifadə verməyi anasına təklif etdiyini, bunun bir neçə dəfə təkrar edildiyini, hətta belə olacağı təqdirdə onların hörmət edəcəklərini də anasına dediklərini, buna qəti etiraz etdiklərini, o torpaq sahəsində onların 3 uşaqlarının haqqının olduğunu, ona görədə o uşaqların haqqını qorumaq üçün məhkəməyə gəldiklərini, Rasimənin həyətdə ustalara yemək hazırladığını, hətta özünündə işlədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyesri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* qeydiyyat nömrəli çıxarışından görünür ki, haliyədə Şərur rayon Arpaçay kəndində yerləşən 0.1328 ha ölçüdə olan torpaq sahəsi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 19/6 nömrəli reyestr kitabının 1047 nömrəli vərəqində Cavabdeh1 adına qeydiyyata alınmışdır; - Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-342/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Şərur rayon Arpaçay kəndində yerləşən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmış **-BF-*** dövlət qeydiyyat nişanlı “Gonov” markalı avtomobilə Cavabdeh2 ½ (ikidə bir) hissədə payının müəyyən olunması... qət edilmişdir; - Şərur rayon Məhkəməsinin 2(110)-570/2024 saylı 05 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin və çəkilmiş xərclərin ödənilməsi barədə” mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025ci il tarixli 104 nömrəli rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqi hissəsində göstərilənləri, baxış zamanı aşkar olunmuş faktiki vəziyyətini və mülki iş materialında olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyevin imzası ilə təsdiq edilmiş 17 yanvar 2025-ci il tarixli 04/58 saylı mütəxəssis məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Arpaçay kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,1328 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 110,1 m² olan fərdi yaşayış evinin hazırkı bazar (2025-ci il) qiyməti 26500 (iyirmi altı min beş yüz) manat dəyərində olduğu müəyyən edilmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-6/2025 saylı 10.03. 2025-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iddiaçının, onun vəkil - nümayəndəsinin, və cavabdehlərin izahatlarını iş materialında olan sübutlarla qarşılıqlı qiymətləndirərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasın araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbi üzrə çəkilən xərci tələb etmək üçün subyektiv hüquqa malikdir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur rayon Arpaçay kəndində yerləşən 0.1328 ha ölçüdə olan torpaq sahəsi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmış, Cavabdeh1 ilə Cavabdeh2 arasında nikah pozulduqdan sonra Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-342/2024 saylı qətnaməsilə Naxçınan MR DİN DYPİ-də **-BF-*** dövlət qeydiyyat nişanı ilə qeydə alınmış “Gonov” markalı avtomobilə və Şərur rayon Arpaçay kəndində yerləşən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmış 0.1328 ha həyətyanı torpaq sahəsinə Cavabdeh2 ½ (ikidə bir) hissədə payı müəyyən olunmuşdur. İddiaçı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət edərək torpağın alınmasına görə 500 ABŞ dolların pulun, evin tikintisinə görə 30000 manat, hasarın tikintisinə görə 3000 manat, yan damı və qarajın tikintisinə görə isə 5000 manat pulun cavabdehlər alınıb ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilən şahidlərin ifadələri ilə yalnız həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 110.1 kv.m fərdi yaşayış evinin tikintisinə çəkilən xərclərin iddiaçı tərəfindən ödənilməsi müəyyən olunmuşdur. X16 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli 104 nömrəli rəyi ilə Şərur rayonu, Arpaçay kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,1328 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 110,1 m² olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti 2025-ci il üçün 26500 (iyirmi altı min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Ekspertiza rəyini təkzibedən hər hansı sübut olmadığından məhkəmə məhz həmin rəyi mötəbər sübut kimi qəbul edərək qeyd edir ki, iddia tələbi evin tikintisinə çəkilmiş xərc tələbinə dair hissədə əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən iddia tələbi üzrə torpağın alınmasına görə 500 ABŞ dolları, hasarın tikintisinə görə 3000 manat, yan damı və qarajın tikintisinə görə isə 5000 manat məbləğində xərc çəkilməsinə dair isə məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edər ki, Cavabdeh2 təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahidlərdən ikisinin verdiyi ifadə torpaq sahəsinin alınması ilə bağlı olmuş, digər şahidin ifadəsi isə ümimi sözlərdən ibarət olmaqla iş üzrə heç bir hüquqi əhəmiyyət kəsb etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Göründüyü kimi iddiaçı iddia tələbinin qismən əsaslı olmasını məhkəmədə sübut etmiş, Cavabdeh1 iddia tələbini qəbul etsədə, digər Cavabdeh2n isə iddia tələbini sübut olunmuş hissədə təkzib edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin; - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X24 Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə də, məhkəmə qeyd edirki, iddia qismən təmin olunaraq Şərur rayonu, Arpaçay kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.1328 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 110.2 m2 olan fərdi yaşayış evinin dəyəri olan 26500 (iyirmi altı min beş yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etmədiyindən işə baxılması ilə əlaqədar ödənilmiş 207.0 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə iş materialında müəyyən olunmuş ekspertiza xərci ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texnki ekspertizası tədqiqatının dəyəri 30 (otuz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertizanın keçirilməsini iddiaçının və onun vəkili - nümayəndəsinin təşəbbüsü ilə həyata keçirildiyindən, iş üzrə məhkəmə tikinti-texnki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul iddiaçıdan alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edili; - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayonu, Arpaçay kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.1328 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 110.2 m2 olan fərdi yaşayış evinin dəyəri olan 26500 (iyirmi altı min beş yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Ödənilmiş 207 (iki yüz yeddi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası ilə əlaqədar ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-6/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-6/2025
11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver