Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-611/2023 12.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Zeyvə kənd sakini Cavabdeh 3650 manat borcun və dövlət rüsumu olaraq ödədiyi 58 manat, cəmi 3708 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh 9450 manat dəyərində “Mersedes” markalı ** BB *** qeydiyyat nömrəli avtomobil satdığını, satan vaxtı cavabdehlə razılıq ərizəsi əsasında razılşadıqlarını, ilkin olaraq 3500 manat ödəniş etdiyini, 5950 manatı isə 10 ay müddətinə kreditlə ödəyəcəyini, cavabdeh borcundan 2300 manatı ödədiyini, 3650 manatı ödəmədiyini, cavabdehdən dəfələrlə borcunu ödəyəcəyini istəsədə də hər dəfəsində onu aldadaraq verəcəyini bildirdiyini, Elvinin hələ də borcunu qaytarmaq fikrinin olmadığından buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq avtomobilin ili köhnə olduğuna görə onu adına rəsmiləşdirə bilmədiyini, sonra bu məhdudiyyət aradan qalxdıqdan sonra Elvinin ondan xəbərsiz, borcunu ödəmədən avtomobilin mülkiyyətçisi Elnurun adından öz adına keçirdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, avtomobilin 9450 manata satılması barədə razılaşdıqlarını, 2022-ci ilin iyun ayında 3500 manatı verdiyini, Orxan adlı şəxsə başqa avtomobilini sataraq fevral ayında qalan 5800 manatı qaytardığını, iddiaçının ona avtomobili etibarnamə ilə satdığını, sonra onu öz adına rəsmiləşdirdiyini, 5800 manatı iddiaçının evinin yanındakı mağazada ona verdiyini, iddiaçının pulunun hamısı qaytardığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Məmmədov X1 Fikrət Yaqub oğluna olan 3500 manat vermiş, qalan 5950 manat borcu 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin əlyazmanın ona məxsus olduğunu təsdiq etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində və verilmiş sualara cavabından 2022-ci ildə avtomobili 8200 manata Fikrətə etibarnamə ilə satdığını, həmin avtomobli Elnur adlı şəxsdən aldığını, avtomobilin rəsmi sahibi Elnur olduğunu, Elvinə etibarnamə vermədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində və verilmiş sualara cavabından sözüdən avtomobili 5-6 il bundan əvvəl aldığını, onun mülkiyyətində olduğunu, avtomobilin ili 1989-cu il olduğundan və Naxçıvanda o zaman köhnə avtomobillərin rəsmi alqı-satqısı mümkün olmadığından onu etibarnamə ilə Çəmənli kənd sakininə satdığını, sonradan həmin avtomobilin bir neçə nəfərə satıldığını, hər dəfə etibarnamə verməsi üçün çağırıldığını və bundan bezdiyini, tərəflər arasında alqı-satqı barədə məlumatının olduğunu, son zamanlar artıq köhnə maşınların alqı-satqısına qadağa götürüldüyündən Şərur Rayon Polis İdarəsindən İsmayıl müəllimin ona zəng vuraraq avtomobili Elvinin adına keçirtməyi xahiş etdiyini, onun da bundan sonra etibarnamə verməkdən canı qurtarsın deyə , həmçinin avtomobilin mülkiyyətçisi olduğundan avtomobillə bağlı hər hansı qanun pozuntusu onun üstünə qalmasın deyə avtomobili Elvinin adına rəsmiləşdirdiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını, şahid ifadələrini, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair sövdələşmə olmuş və 9500 manata satılması barədə razılıq əldə etmişlər. İlkin olaraq cavabdeh 3500 manat ödəniş etmiş, qalan 5800 manat borcu isə hissə-hissə ödəməyə dair yazılı öhdəlik götürmüşdür. Cavabdeh borcundan 2300 manat ödəmiş, lakin qalan borcunu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıya olan borcunun hamısını ödədiyini bildirsədə bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 3650 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən 58 (əlli səkkiz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Şərur rayon Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 3650 (üç min altı yüz əlli) manat pul vəsaiti və 58 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3708 (üç min yeddi yüz səkkiz) manat alınaraq Babək rayon Şəkərabad kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-611/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-611/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver