Məhkəmə qərarları › İş №2(110)-620/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-620/2023

14.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-620/2023 14.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-2991/2012 saylı qətnaməsi ilə Cavabdeh aliment tutularaq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək bir uşaq üçün 220 manat alimentin, həmçinin mediasiya xərcinin əvəzi kimi 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olduqlarını, birgə nikahdan xx.xx.2011-ci il tarixdə X2 doğulduğunu, bundan sonra münasibətləri pozulduğundan aralarındakı nikahın Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-2991/2012 saylı qətnaməsi ilə pozulduğunu, uşağın onun yanında qalması və cavadehin qazancının və digər gəlirlərinin ¼ hissəsində aliment müəyyən edildiyini, cavadehin həmin vaxt xüsusi şərtlərlə Təyinat İdarəsində işlədiyini və təxminən 720 manat əmək haqqı aldığını, buna uyğun olaraq 180 manat aliment aldığını, 2012-ci ildə yaşayış minimumu 87 manat olduğundan həmin məbləğin kifayət etdiyini, hazırda cavabdehin işləmədiyini, pensiyaya çıxdığını, 520 manat pensiya aldığını, buna uyğun olaraq 130 manat aliment ödənildiyini, 2023-cü il üçün yaşayış minimumunun 220 manat müəyyən edildiyini, aldığı alimentin uşağı saxlamağa kifayət etmədiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı izahatında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq cavabdehin hazırda Kanadada yaşadığını, gəlirinin yaxşı olduğunu, alimentin artırılması ilə bağlı onunla heç bir razılıq əldə olunmadığını, özünün əvvəl 600 manat əmək haqqı aldığını, indi isə daha az aldığını, ikinci yoldaşının mühafizəçi işlədiyini, əlavə 2 uşağının olduğunu, uşağın xəstə olduğunu və uşağın tələbatlarını ödəməkdə çətinlik çəkdiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə həm poçt, həm də telefon vasitəsilə lazımi qaydada məlumatlandırılmış, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya yazılı formada münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-lll № 751250 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2011-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014cü il tarixli AZ-İ № 191855 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2012-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)- 2991/2012 saylı icra vərəqəsindən görünür ki, azyaşlı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemi üzrə çıxarışdan görünür ki, cavabdehin X1 başqa 2016-cı il təvəllüdlü Məhərrəmli İdris və 2018-ci il təvəllüdlü Məhərrəmli Yunis adlı uşaqları vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin nikahı birgə nikahından xx.xx.2011-ci il tarixdə X4 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulması, azyaşlı uşağın saxlanması üçün cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, cavabdehin hər ay kifaəyt qədər pensiya təminatı olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-2991/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30,8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə və 50 (əlli) manat mediasiya xərci iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-2991/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Muğancıq Müslüm kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30,8 manat (otuz manat səksən qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə və 50 (əlli) manat mediasiya xərci iddiaçıya ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar