Məhkəmə qərarları › İş №2(110)-626/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-626/2023

20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-626/2023 20.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə 2019-cu ildə evləndiklərini, nikahlarının 2020-ci ildə qeydə alındığını, birgə nikahdan xx.xx.2020-ci il tarixdə X3 doğulduğunu, cavabdehlə yola gedə bilmədiyi üçün onun müraciəti əsasında Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarının pozulduğunu, uşağın onun yanında yaşadığını, uşağın saxlanması üçün Cavabdeh ilə xx.xx.2022-ci il tarixli barışıq sazişi imzaladığını, sazişə əsasən Cavabdeh hər ay 150 manat aliment ödəməyi öhdəsinə götürdüyünü, bu məbləğin uşağın saxlanması üçün yetərli olmadığını, uşağın tələbatlarını ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq cavabdehin təyin olunan alimenti ödədiyini, əlavə xərclərdə iştirak etmədiyini, özünün nənəsi ilə qaldığını, nənəsinin xadimə işlədiyini, uşağa görə işləyə bilmədiyini bildirib məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, 150 manatdan artıq aliment ödəməyə imkanının olmadığını, gələcəkdə qazancı artarsa əlavə pul ödəyəcəyini, uşaq onun yanında olanda xərclərini özünün çəkdiyini iddianın rədd olunması xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli AZ-İV № 625853 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2020-ci il tarixdə doğulmuş X3 valideynləridir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)- 123/2023 saylı qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh nikahının pozulması, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 anasının yanında qalması qət olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün hər ayın 30-dan gec olmayaraq ayda 150 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləyir və 620 manat əmək haqqı alır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə X4 doğulmuşdur. Tərəflər arasında nikah Şərur Rayon Məhkəməsinin 2(110)-123/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında bağlanan barışıq sazişinə əsasən cavabdeh 150 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim etməmişdir. Cavabdehin iş yeri üzrə əmək haqqısının 620 manat olduğu müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 95.4-cü maddəsinə görə tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni hər iki valideyn uşağın saxlanılmasında iştirak etməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını və uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, eyni zamanda cavabdehin gəlirini nəzərə aldığından cavabdehdən X2 üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə X2 üçün müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh uşaq yetkinlik yaşına çatanadək cəmi 200 manat miqdarında aliment tutularaq anası İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə uyğun olaraq alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə iş üzrə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 21,43 manat (iyirmi bir manat qırx üç qəpik) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh Şərur rayon Tumaslı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Püsyan kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 21,40 manat (iyirmi bir manat qırx qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar