Məhkəmə qərarları › İş №2(110)-648/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-648/2025

28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-648/2025 28.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi İddiaçı Cavabdeh qarşı dələduzluq yolu ilə ələ keçirilmiş pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Şərur rayon Püsyan kənd sakini Cavabdeh 313,50 (üç yüz on üç manat, 50 qəpik) manat vəsait alınaraq Cəmiyyətin "xxxx" ASCnin Naxçıvan filialında olan hesabına ödənilməsi və eyni zamanda dövlət rüsumu üçün ödədiyi 30 (otuz ) manat vəsaitin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər tanımadığını, yalnız 10 aprel 2022-ci il tarixdə oğlu Arzu Qurbanovun onunla dostu Elsevərin icarəyə götürdüyü Sabunçu rayonu, Sabunçu qəsəbəsində, Dəmiryol vağzalının yaxınlığında yerləşən kafedə tanış olduqlarını, sonradan adlarını bildiyi Cavabdeh və Zeynalov Nadirin kafeyə gələrək Arzuya yemək sifarişi verdiklərini, onlar nahar edərkən Firdovsinin özünü Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı kimi təqdim etdiyini, hətta Firdovsi 2 vəsiqə göstərərək Azərbaycan Respublikasının milli qəhrəmanı və Prezident təqaüdçüsü olduğunu bildirdiyini, Firdovsinin Nadiri özünün köməkçisi kimi təqdim etdiyini, hərbi ilə bağlı nə işi varsa, Firdovsiyə müraciət edə biləcəyini bildirdiyini, oğlu Arzunun Firdovsiyə atası İddiaçı 1-ci Qarabağ müharibəsində iştirak etdiyini, lakin veteranlıq vəsiqəsini ala bilmədiyini dediyini, Firdovsinin bunun asan iş olmasını, rahatlıqla həll edə biləcəyini bildirdiyini, Arzunun onların yanında ona zəng vuraraq Firdovsi ilə yeyib içdiklərini, Firdovsinin Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı olmasını və ona veteranlıq düzəldə biləcəyini dediyini bildirdiyini, Firdovsinin istəyi ilə Arzunun telefonu Firdovsiyə verdiyini, Firdovsi onunla telefonda danışarkən onun kimi veteranlıq ala bilməyənlərin çox olduğunu, rəhbər işçilərin vicdansızlıq etdiklərini, onun haqqını yediklərini bildirdiyini, ondan telefonda qiymət barədə maraqlansa da, Firdovsi bu məsələnin telefon söhbəti olmadığını, görüşüb özlərinin danışmasını dediyini, lakin Firdovsi həmin vaxt oğlu Arzuya bu kimi məsələni 3.000 manata həll edə biləcəyini, lakin onun üçün 2.500 manata həll edəcəyini dediyini, Nadir Arzuya narahat olmamasını, Firdovsinin veteranlıq işini asanlıqla düzəldə biləcəyini dediyini, hətta Nadir cibindən vəsiqə çıxararaq Arzuya göstərərək həmin vəsiqənin veteranlıq vəsiqəsi olduğunu, həmin vəsiqəni Firdovsinin yaxın günlərdə onun üçün düzəltdiyini, bundan iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə günorta Firdovsi ona zəng edib görüşmək istədiyini dediyini, saat 18:00 radələrində yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsində «Ayidə park» istirahət mərkəzində görüşdüklərini, həmin tarixdə saat 18:00 radələrində Buzovna qəsəbəsində, "Ayidə park" istirahət mərkəzinin qarşısında Firdovsi və Nadirlə görüşdüklərini, istirahət mərkəzinə daxil olarkən ailə üzvləri ilə olmadıqlarına görə onları mühafizəçilərin içəri buraxmadığını, Firdovsi cibindən Müdafiə Nazirliyinin vəsiqəsini və bir neçə sənəd çıxararaq milli qəhrəman olmasını, 44 günlük 2-ci vətən müharibəsində döyüşlərdə iştirak etdiyini, "Şuşa" fatehi, prezident təqaüdçüsü olmasını deyib onları içəri buraxmadıqları üçün iradını bildirdiyini, mühafizəçilərin biribiriləri ilə məsləhətləşərək Firdovsidən üzr istədiklərini, onları istirahət mərkəzinə buraxdıqlarını, Nadir və Firdovsi ilə birgə istirahət mərkəzindəki kafedə oturaraq çay içərkən Firdovsiyə 1-ci Qarabağ müharibəsində döyüşdüyünü, lakin veteranlıq ala bilmədiyini dediyini, Firdovsi onun kimi veteranların çox olmasını, lakin haqsızlığa məruz qaldıqlarını, heç birinin veteranlıq ala bilmədiklərini dediyini, Firdovsi ona bu kimi işləri 5-6 min manata gördüyünü, lakin oğlu Arzu ilə çörək kəsdiyinə görə ona 2500 manata həll edə biləcəyini dediyini, veteranlıq vəsiqəsini düzəldib 28 iş günü ərzində ona verəcəyini bildirdiyini, Nadir Zeynalov isə işdən narahat olmamağını, Firdovsinin köməkçisi olduğunu, bu kimi işlərin sənədlərini topladığını dediyini, Nadir həmçinin onu inandırmaq üçün adi nəsildən olmadığını, keçmiş şərabçılıq naziri Yunis Rzayevin bacısı Səriyyənin nəvəsi olmasını bildirdiyini, Firdovsi və Nadirin bu məsələyə tezliklə başlayacaqlarını, lakin pulu nə qədər tez versə, bir o qədər veteranlıq almağının tez həll olunacağını bildirdiklərini, həmin vaxt üzərində pulu olmadığına görə istirahət mərkəzindən qonşusu Ramizi yığaraq təcili olaraq ona 2500 manat pul lazım olduğunu bildirdiyini, Ramiz ona cəmi 1300 ABŞ dolları düzəldə biləcəyini dediyini, Ramizə təcili pulu istirahət mərkəzinin qarşısına gətirməsini dediyini, təxminən 30 dəqiqə sonra Ramiz mərkəzin qarşısına 1300 ABŞ dolları gətirdiyini, nə məsələ olduğunu soruşduqda Müdafiə Nazirliyinin əməkdaşının ona 2500 manata veteranlıq düzəldəcəyini dediyini, həmin pulu Ramizdən alaraq istirahət mərkəzinin içərisindəki kafeyə qayıtdığını, həmin pulu, yəni 1300 ABŞ dollarını, milli pul vahidi ilə 2210 manatı onlara verdiyini, Nadir pulu sayaraq qalan 300 manatı nə vaxt düzəldə biləcəyini soruşduğunu, o da 1 ay müddətində qalan 300 manatı düzəldəcəyini dediyini, Nadiri həmin pulu Firdovsiyə verdiyini, bundan əlavə Firdovsinin istəyi ilə hərbi biletini də Firdovsiyə verdiyini, xx.xx.2022-ci il tarixdə Firdovsi özü ona zəng edib Müdafiə Nazirliyinə ərizə yazmalı olduğunu və veteran vəsiqəsinə yapışdırılması üçün 3x4 ölçüdə şəkil verməli olduğunu dediyini, həmin tarixdə mən 6 ədəd 3x4 ölçüdə şəkil çəkdirərək Firdovsi və Nadirlə Sabunçu rayonu, Maştağa qəsəbəsində «Məmmədyarov dairəsi» adlanan ərazidəki kafedə görüşdüklərini, Firdovsi və Nadirə 6 ədəd fotoşəkilini verdiyini, ərizəni yaza bilmədiyini bildirdiyini, Nadir onun əvəzinə adından Müdafiə Nazirliyinin adına ərizə yazdığını, ərizəni fotoşəkillə birgə fayla qoyub götürdüklərini, bu zaman Firdovsinin ondan qalan 300 manatı istədiyini, bu məsələni həll edən adamların istədiyini bildirdiyini, Firdovsi və Nadirin ondan 300 manatı təkidlə istəməsini görüb dostu İlqara zəng edib İlqardan 300 manat borc istədiyini, İlqarın razılıq verərək pulu götürməyi üçün onu Sabunçu rayonu, Maştağa qəsəbəsindən Buzovna qəsəbəsinə olan yol ayrıcına çağırdığını, Firdovsi və Nadirlə birlikdə həmin yerə getdiyini, orada İlqar ona 300 manat verdiyini, o da pulu alıb İlqarın yanındaca Firdovsiyə verdiyini, onlar "Nissan" markalı, sedan tipli, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək çıxıb getdiklərini, bununla da o Firdovsi və Nadirə cəmi 2510 manat verdiyini, oradaca İlqar ona bu adamların fırıldaqçıya bənzədiyini və aldada biləcəyini dediyini, o buna əhəmiyyət vermədiyini, onların onu aldatmayacaqlarını fikirləşdiyini, 28 iş günü sonra, yəni təxminən 2022-ci ilin may ayının əvvəllərində bir neçə dəfə Firdovsinin ona verdiyi ***-***-**-** və ***-***-**-** nömrələrinə zəng etsə də, Firdovsinin zənglərinə cavab vermədiyini, hərdən cavab verdikdə isə müxtəlif bəhanələr gətirdiyini, hərdən Firdovsinin özü ona zəng vuraraq onun veteran biletinin hazırlanıb möhürləndiyini, ancaq biletin Sosial Müdafiə Nazirliyi tərəfindən təsdiq edilməli olduğu üçün işin ləngidiyini, bir qədər gözləməyin lazım olmasını bildirdiyini, Firdovsinin sözlərinə inanaraq gözlədiyini, lakin xeyli vaxt keçsə də, Firdovsidən bir xəbər çıxmadığını, Firdovsiyə zəng edərək onu axtarmağa başladıqlarını, lakin Firdovsinib yenə də zənglərinə cavab vermədiyini, 13-15 sentyabr 2022-ci il tarixində Firdovsinin özü ona zəng edib veteranlıq vəsiqəsinin hazır olduğunu, harada və saat neçədə görüşməli olduğunu deyəcəyini və həmin yerdə veteranlıq vəsiqəsini verəcəyini dediyini, lakin bir xəbər çıxmadığını, neçə dəfə zəng etsə də, Firdovsinin cavab vermədiyini, sonralar oğlu Arzu Firdovsiyə zəng edərkən Firdovsi ona guya işlərinin çox olduğuna görə onunla görüşə bilmədiyini, ancaq onun veteran biletini ilk dəfə görüşdükləri kafeyə qoyduğunu, gedib oradan götürə biləcəklərini dediklərini, Arzu həmin kafeyə gedəndə Firdovsinin kafeyə qoyduğunun yalnız onun vermiş olduğu hərbi bileti olmasını, veteran biletini qoymadığını gördüyünü, bundan sonra Firdovsinin onu aldatdığını başa düşdüyünü, cavabdehin dələduzluq yolu ilə ələ keçirdiyi 1960 manat məbləğində pul vəsaitini geri qaytarmadığına görə onun əməlindən zərərçəkmiş şəxs kimi o və digər zərərçəkənlərin polisə yazdıqları şikayət ərizəsi əsasında Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi barədə ittiham irəli sürüldüyünü, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 1(011)- 28/2025 nömrəli hökmü ilə "Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, Cavabdeh üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanıldığını, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkdiyini, cəzasının əvvəli 28 fevral 2024-cü il tarixdən hesablandığını, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri "həbs" növündə qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə iclas zalından həbs edildiyini, barəsində seçilmiş "həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın." hökm edildiyini, Cavabdeh dələduzluq yolu ilə ələ keçirdiyi 1960 (bir min doqquz yüz altımış) manat məbləğində pulu və dələduzluq yolu ilə ələ keçirdikləri Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 1(011)- 28/2025 nömrəli hökmü ilə yetirildiyini, tam sübuta Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyanın bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlı olduğunu, lakin məhkəmə cinayət işinə baxarkən hüquqi savadsız olduğuna görə həmin vaxt mülki iddia ərizəsi verə bilmədiyini, buna görə də bu iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə əməl edilmədən verildiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə nəzər salındıqdan görünür ki, iddiaçı ərizənin forma və məzmununa riayət etməmiş, tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsinin məzmununda göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Həmin maddəyə əsasən iddia ərizəsində onun verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair göstərilən tələblərdən biri- iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını göstərilməsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sübutlarla birlikdə qarşı tərəfə göndərilərək, ona özünü müdafiəsinə hazırlaşmaq, həmçinin iddia tələbinə qarşı etiraz etmək imkanı yaradılır. Elə bu səbəbdən də prosessual sənəd kimi iddia ərizəsi özündə cavabdehə qarşı olan tələbin əsaslandırmasını və bunu təsdiq edəcək sübutların siyahısını özündə əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə o deməkdir ki, məhkəmə özünün sübut kimi qəbul etdiyi sübutu qarşı tərəfə təqdim etmir. İddiaçının sübut kimi qeyd etdiyi və qəbul etdiyi sənədləri cavabdehə göndərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin mahiyyətindən belə məlum olur ki, iddiaçı iddia ərizəsində tələbinin əsası kimi qeyd etdiyi halların təsdiq edən sübutları həmin prosessual sənəddə qeyd etməli, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməli, ərizəni icraatına qəbul edən məhkəmə bundan sonra məhz iddiaçının tələbində qeyd etdiyi yazılı sübutları qarşı tərəfə göndərərək, ona iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnu izah etməlidir (MPM-in 149.2, 149.2.3, 150.1.5 və 154.1-ci maddələri). Həmçinin məhkəmə iddiaçıya izah edir ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qarışdırılmamalıdır. Ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizəyə əlavə edilmiş bütün sənədlərin cəmini özündə ehtiva etdiyi halda, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı mülki icraatın həyata keçirilməsinin əsas prinsipi olan çəkişmə prinsipinin ilkin təzahürü və tələbidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı dələduzluq yolu ilə ələ keçirilmiş pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu da, iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı dələduzluq yolu ilə ələ keçirilmiş pulun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçılara izah edilsin ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar