Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-655/2024 24.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4800 manat məbləğində pul, 800 manat dəyərində paltaryuyan və 50 manat dəyərində ətçəkən maşın həmçinin ona məxsus geyim əşyaları, mələfə-çexol və dəsmal dəstlərinin, eyni zamanda ödənilmiş 76 manat məbləğində dövlət rüsumunun Cavabdehnndan alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehin qızları Gültac və Lamiyənn bir neçə dəfə ona elçi düşərək onunla ataları arasında nikahın olmasını istədiklərini, sonuncu dəfə ötən ilin əvvələrində onlarla bərabər cavabdehin qızının qayınanası Nənəxanımın də ona elçi düşdüyünü, nəticədə cavabdehlə nikaha girməyə razı olduğunu, belə ki 2023-cü ilin fevral ayında cavadehin evinə getdiyini, onunla birgə yaşamağa başşladığını, ötən dövr ərzində bir müddət mehriban yaşadığını, birgə təsərrüfat apardıqlarını, birgə yaşadıqları vaxtdan cavabdehin bir neçə baş keçi, bir neçə hind quşu və toyuq-cücə aldığını, onların alınmasında özünün iştirak etdiyini, onlara baxımının özünün qarşıladığını, lakin cavabdehin sonradan ona qarşı münasibətinin dəyişdiyini, aralarında münasibətin pozulduğunu, 2023-cü ilin avaqust ayında cavabdehin Bakıda yaşayan qohumlarını ziyrət etmək adı ilə onu Şərur rayon Çərçiboğan kəndində yaşayan qardaşıgilə gətirdiyini, həmin vaxtı səhhətində olan narahatçılıqla bağlı bir neçə gün orada qaldığını, bundan sonra cavabdehin onun arxasıca gəlməyərək onunla maraqlanmadığını, daha sonra isə yaxınları ilə sifaris göndərərək onunla olan münasibətinin bitdiyini bildirdiyini, aralarında münasibət bitsə də ona vurduğu ziyanı ödəmədiyini, belə ki cavabdehlə birgə yaşamağa başlayarkən onun 1600 manatdan artıq pulunun olduğunu, həmin pulun bir hissəsinin (600) manatına özünə boyunbağı aldığını, pulun qalan hissəsini isə zəruri istifadə üçün tələb edilən məişət və digər əşyaların alınmasına sərf edildiyini, bundan sonra bacısının ərindən 2000 manat borc pul alıb cavabdehə verdiyini, cavabdehin həmin pulla 4 baş çəpiş aldığını qalan pulla gözlərinin əməliyyatına sərf etdiyini, həmin borcu bü günə qədər qaytarmadığını, həmçinin cavabdehlə birgə yaşadıqları 6 ay ərzində ona ödənilən 300 manata yaxın pensiya məbləğini mənimsədiyini, 1800 manat məbləğində olan pensiyanın yarısının belə onun üçün xərcləmədiyini, bundan başqa cavabdehlə birgə yaşadıqlarə dövrdə 800 manat dəyərində paltaryuyan, eyni zamanda istifadə etdiyi 50 manat dəyərində ətçəkən maşını da cavabdehin evinə apardığını, aralarındakı münasibətlər pozulduqdan sonra həmn əşyaların cavabdeh tərəfindən geri qaytarılmadığını, haliyyədə maddi və mənəvi baxımından əziyyət çəkdiydən məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqlədiyini, 2023-cü ilin fevral ayının 10-da cavabdehlə ailə həyatı qurduğunu, 2023-cü ilin avqust ayının 18-dək bərabər yaşadıqlarını, cavabdehə 2000 manat pulu şəxsən verdiyini, həmin pulla gözlərini əməliyyat etdirdiyini qalanına isə çəpiş aldığını, təzə gedən zaman isə özü ilə 1000 manat pul apardığını, ondan 570 manata özünə boyunbağı aldığını, qalanına isə evə saat, çaydan-çanik ərzaq aldığını, həmçinin cavabdehin 6 ay ərzində onun pensiyasını alıb xərclədiyini, boyunbağını gedən zaman apardığını, ona elçi düşən vaxtı evdə ikisinin olacağını bildirdiklərini, ora getdikdən sonra cavabdehin gəlini, qızı və nəvələrinin gəlib orada yaşamağa başladıqlarını, onu o evdə 6 ay qul kimi işlədiklərini, həmin vaxtı onun pulu ilə paltaryuyan maşını aldıqlarını, onu da qaytarmadığını, paltaryuyan maşını 750 manat olduğunu, onun 500 manatını şəxsən Dəmirçi kəndində yerləşən mağazanın satıcısı X1 verdiyini, verdiyi 2000 manatı isə 18 gün ərzində iki gözünün əməliyyat etdirdiyini, qalanın da çəpiş aldığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, iddiaçının dediklərinin həqiqət olmadığını, iddiaçının onlara gəldiyi zaman pensiya kartını gətirmədiyini, aprel ayında kartını gətirdiyini, 287 manat pul çəkdiyini, onu da ailənin ehtiyaclarını üçün xərclədiyini, gözünü iyun ayında əməliyyat etdirdiyini, 230 manata linza aldığını, başqa xərcini çıxmadığını, öz pulunu ona saxlamaq üçün verdiyini, sonra lazım olduqca ondan pulunu geri aldığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində və verilmiş sualara cavabında baldızının Çərçiboğan kəndində qardaşının evində yaşadığını, 2023-cü ilin mart ayı olduğunu, onun pensiya kartının onada olduğunu, kartını istədiyini, kartından 287 manat çəkdiyini, əlavə olaraq da omndan 2000 manat borc pul istədiyini, peniya kartını, 287 manat pulu və ondan borc olaraq istədiyi 2000 manatı aparıb iddiaçıya verdiyini, 2000 manat pulu bağlı şəkildə selefon torbada Yengicə yolunun üstündə Küşvərə verdiyini, həmin vaxtı da cavabdehin də maşında olduğunu, onunla görüşdüyünü, iddiaçının onun pulunu hələ də qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində və verilmiş sualara cavabında satdığı malların qeydiyyatını apardığı dəftərini gətirdiyini, xx.xx.2023-cü il tarixdə tərəflərin bərabər mağazaya gəldiklərini, onların ondan bir ədəd 750 manata “eurolux” markalı paltaryuyan maşın aldığını, 500 manat pulu Küşvərin verdiyini, qalan 250 manat pulu isə xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə isə 50 manat olmaqla Hidayət kişinin göndərdiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, təərflərin izahatını, şahid ifadələrini, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər faktiki olaraq nikah münasibətlərinə daxil olublar. Onlar birgə yaşadıqları müddətdə iddiaçı 2000 manat məbləğində pulu cavabdehə və 750 manat dəyərində olan paltaryuyan maşının 500 manatını vermişdir. Bu şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiaçının pensiya vəsaiti ailə ehtiyaclarına sərf edildiyindən iddia həmin hissədə əsassızdır. İddiaçı digər halları məhkəmədə sübut edə bilməmişdir. Cavabdeh iddianı qəbul etmədiyini bildirmiş, iddiaçı tərəfindən təqdim edilmiş sübutları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 2500 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 33,60 manat (otuz üç manat altmış qəpik) məhkəmə xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Muğanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 2500 (iki min beş yüz) manat pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 33,60 manat (otuz üç manat altmış qəpik) məhkəmə xərci olmaqla, ümumilikdə 2533,60 manat (iki min beş yüz otuz üç manat altmış qəpik) alınaraq Şərur rayon Çərçiboğan kəndində yaşayan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-655/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-655/2024
24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver