Məhkəmə qərarları › İş №2(110)-66/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-66/2021

05.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-66/2021 05.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(108)-97/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 üçün hər ay bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat miqdarında alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi tərəflərin arasındakı bağlanmış nikahın 2020-ci ildə pozulduğunu, yetkinlik yaşına çatmayan X3 və X2 onunla birlikdə yaşadığını, Şərur Rayon Məhkəməsi tərəfindən qət edilmiş bir uşağın saxlanması üçün 90 manat aliment təyin edildiyini, cavabdehin apelyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən bir uşaq üçün 80 manat miqdarında alimentin təyin edildiyini, bu məbləğin kifayət etmədiyini, uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında cavabdehlə 2010-cu ildə evləndiklərini, lakin nikaha 2012-ci ildə daxil olduqlarını, birgə yaşadıqları müddətdə xx.xx.2011-ci il tarixdə X3 və xx.xx.2014-cü il tarixdə X2 doğulduğunu, yola gedə bilmədiklərindən aralarında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə pozulduğunu, yetkinlik yaşına çatmayan uşaqların onun yanında qalmasının müəyyən edildiyini və hər uşaq üçün ayda 90 manat aliment qət edildiyini, cavabdehin həmin qətnamədə müəyyən edilən alimentin məbləğinin yüksək olduğunu bildirərək apellyasiya şikayəti verdiyini, apellyasiya məhkəməsində cavabdehin evində yaşamağını, cavabdehin də heç bir etirazının olmadığını bildirərək alimentdən güzəşt etməyinin təklif edildiyini, alimentin miqdarının azaldılıb bir uşaq üçün 80 manat olmasına etiraz etmədiyini, uşaqları ilə birlikdə qayınatasına məxsus olan torpaqda birgə nikah dövründə tikdikləri evdə yaşadıqlarını, məhkəmədən həmin evdən ona çatan payı tələb etsə də iddiasının rədd edildiyini, həmin evi qayınatası öz adına keçiridib onu oradan çıxartmaq istədiyini, qalacaq yerinin olmadığından kirayə tutmalı olacağını, cavabdehin ödədiyi alimentin uşaqlarının saxlanmasına belə yetərli olmadığını, iki uşaqla harada qalacağını bilmədiyini, cavabdehin alimentdən başqa heç bir köməklik etmədiyini, cavabdehin təsərrüfatla məşğul olduğunu, onunla razılığa gəlmənin mümkün olmadığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı ilə 2010-cu evləndiklərini, lakin nikaha 2012-ci ildə daxil olduqlarını, birgə yaşadıqları müddətdə xx.xx.2011-ci il tarixdə X3 və xx.xx.2014-cü il tarixdə X2 doğulduğunu, yola gedə bilmədiklərindən aralarında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə pozulduğunu, yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında qalması müəyyən edilmiş və hər uşaq üçün ayda 90 manat aliment qət edildiyini, apelyasiya şikayəti verərək şikayətinin qismən təmin edildiyini, hər ay bir uşaq üçün 80 manat miqdarında aliment qət edildiyini, 2-ci qrup əlil olduğunu, aldığı pensiyadan başqa qazancının olmadığını, heç bir yerdə işləmədiyini, birinci evliliyindən olan uşağına da ayda 80 manat miqdarında aliment ödədiyini, o qədər alimenti ödəməyə imkanının olmadığını, iddiaçının uşaqlarına baxa bilmirsə özünün saxlamaq istədiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-cu il tarixli AZ-İİ № 669027 seriyalı və xx.xx.2014-cu il tarixli AZ-İİİ № 077591 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ № 221898 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 23.102020-ci il tarixdə 75№ ilə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)- 26/2020 nömrəli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı xx.xx.2012-ci il tarixli 54 nömrəli nikahın pozulduğunu, xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 anası İddiaçı yanında qaldığı müəyyən edildiyini, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat olmaqla, ümumlikdə,180 manat miqdarında aliment alınaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün anası İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(110)-97/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-26/2020 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinin qismən təmin edildiyini, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 80 manat olmaqla, ümumlikdə,160 manat miqdarında aliment alınaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün anası İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan MR DSMF Şərur Rayon Şöbəsinin xx xxxxxx 2020ci il tarixli 08/1084 nömrəli arayışından görünür ki, Cavabdeh 2-ci qrup əlil kimi 291, 73 manat pensiya ilə təmin olunur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə tərəflər arasında nikah pozulmuşdur, yetkinlik yaşına çatmayan uşaqlar anası ilə birlikdə yaşayır. Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların saxlanılması üçün 180 manat miqdarında aliment qət edilmişdir. Cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş və 160 manat miqdarında aliment müəyyən edilmişdir. Hazırda cavabdeh iddiaçıya alimentdən başqa maddi köməklik göstərmir, uşaqların saxlanılması üçün isə 160 manat aliment kifayət etmir. Cavabdehin atası ona məxsus torpaq sahəsində tikilmiş evdə yaşayan iddiaçının və uşaqlarının həmin yaşayış sahəsindən çıxarılması ilə bağlı məghkəmədə iddia qaldırmışdır. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, lakin onun təsərrüfatla məşğul olduğunun bildirmişdir. Cavabdeh 2-ci qrup əlil olduğunu və 291 manat 73 qəpik pensiya aldığına dair arayışı məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir. Lakin məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin qərarı ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 130 manat olmaqla, ümumlikdə 260 manat miqdarında aliment alınaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün anası Şərur rayon Kürkənd kəndində yaşayan İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olaraq 20 (iyirmi) manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şərur rayon Kürkənd kəndində yaşayan Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 130 manat olmaqla, ümumlikdə 260 manat miqdarında aliment alınaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün anası Şərur rayon Kürkənd kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə münasib olaraq 20 (iyirmi) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar