Məhkəmə qərarları › İş №2(110)-66/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-66/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-66/2022 11.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli 035-EMB-0861-20 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh əsas borcu 2358.32 (iki min üç yüz əlli səkkiz manat otuz iki qəpik) manat, cərimə borcu 353.75 (üç yüz əlli üç manat, qəpik) manat, həmçinin iddia ərizəsinə görə ödənilmiş 47.17 (qırx yeddi manat, on yeddi dörd qəpik) dövlət rüsumunun əvəzi ümumilikdə 2759.64 (iki min yeddi yüz əlli doqquz manat altmış dörd qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərtilə 2960.00 AZN (iki min doqquz yüz altmış manat 00 qəpik) manat məbləğində kredit verildiyini və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 08 dekabr 2020-ci il tarixli 035-EMB-0861-20 saylı kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan“ müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tələb edə biləcəyini, kredit müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödəilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməli olduğunu, hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 20.10.2021-ci il tarixə əsas borcu 2358.32 (iki min üç yüz əlli səkkiz manat otuz iki qəpik) manat, cərimə borcu 353.75 (üç yüz əlli üç manat, yetmiş beş qəpik) manat, ümumi borcunun 2712.07 (iki min yeddi yüz on iki manat yeddi qəpik) manat təşkil etdiyini, bu borcunda cavabdeh tərəfindən ödənilməsinin təmin edilmədiyini, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə 17 avqust 2021-ci il tarixli, 16199/21 saylı pretenziya (xəbərdarlıq) məktubunun da göndərildiyini, göründüyü kimi cavabdehin müqavilənin şərtlərini pozduğunu və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid edənlərdən haqı çatanlardan məhrum etdiyini qeyd edərək, Cavabdeh əsas borcu 2358.32 (iki min üç yüz əlli səkkiz manat otuz iki qəpik) manat, cərimə borcu 353.75 (üç yüz əlli üç manat, yetmiş beş qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 47.17 (qırx yeddi manat, on yeddi dörd qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 2759.64 (iki min yeddi yüz əlli doqquz manat altmış dörd qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi məhkəmə iclasında iştirak etməmiş, lakin 05.03.2022-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə teleqram vuraraq Cavabdeh qarşı iddia tələbləri üzrə 07.03.2022-ci il tarixə təyin edilmiş baxış iclasında iştirak edə bilməyəcəklərindən 2(110)-66/2022 saylı mülki işə iştirakları olmadan baxıb, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cü maddəsinə əsasən mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 08 dekabr 2020-ci il tarixli 035-EMB-0861-20 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı BOKT "xxxx" QSC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a "xxxx" MMC-nin istehsal etdiyi mebel(lər)i almaq məqsədilə 2960.00 AZN (iki min doqquz yüz altmış manat 00 qəpik) manat məbləğində istehlak kreditə verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən alınmış Yataq dəsti 010 Embawood / 186041 Nirvana dəst 1 ədəd “Borcverən”in xeyrinə girov qoyulur. Girov predmeti “Borcalan”da qalır. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kredit “Borcalan”a kreditdən istifadə haqqı illik 0% hesablanmaqla 18 ay müddətinə verilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan“ bu müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverən”ə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. İş materiallarına əlavə olunmuş 08 dekabr 2020-ci il tarixli 035-EMB-0861-20 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən BOKT "xxxx" QSC tərəfindən Cavabdeh illik 0 faiz dərəcəsi ilə 18 ay müddətinə 2960.0 (iki min doqquz yüz altmış) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti 08.01.2021- 09.05.2022 tarixləri ərzində ayda 164 manat, 08.06.2022 tarixində isə 172 manat olmaqla, cəmi 2960.0 (iki min doqquz yüz altmış) manat pulu BOKT "xxxx" QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 20.10.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 20 oktyabr 2021-ci il tarixə Cavabdeh Banka əsas borcu 2358.32 (iki min üç yüz əlli səkkiz manat otuz iki qəpik) manat, cərimə borcu 353.75 (üç yüz əlli üç manat, qəpik) manat, ümumilikdə 2712.07 (iki min yeddi yüz on iki manat yeddi qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 12.11.2021-ci il tarixli ********* nömrəli, Mədaxil Qəbzindən görünür ki, BOKT “Embafinans“ QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 47.17 (qırx yeddi manat, on yeddi dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunu 3 gün ərzində ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli 035-EMB-0861-20 saylı kredit müqaviləsinə əsasən Borcverən tərəfindən Borcalana illik faiz dərəcəsi 0% olmaqla 18 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1 ədəd yataq dəsti 010 Embawood/186041 Nirvana almaq üçün 2960.0 (iki min doqquz yüz altmış) manat məbləğində kredit verilmiş, Borcalan isə aldığı krediti 08.01.2021- 09.05.2022 tarixləri ərzində ayda 164 manat, 08.06.2022 tarixində isə 172 manat olmaqla, cəmi 2960.0 (iki min doqquz yüz altmış) manat pulu BOKT "xxxx" QSC-yə ödəməyi öhdəsinə götürsədə, lakin Borcalan kreditin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Borcverənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Borcalan öhdəliyini vaxtında icra etmədiyi üçün Borcverən ona qarşı məhkəmədə borc tələbinə dair iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bu qənaətə gəlir ki, Borcalan Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəyi lazımınca yerinə yetirmədiyindən Borcverən borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Eyni zamanda məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə tələb olunan 353.75 (üç yüz əlli üç manat, yetmiş beş qəpik) manat məbləğində cərimənin tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Məhkəmə müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 353.75 manat cərimə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 36 (otuz altı) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 08 dekabr 2020-ci il tarixli 035-EMB-0861-20 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2358.32 (iki min üç yüz əlli səkkiz manat otuz iki qəpik) manat, cərimə olaraq 36 (otuz altı) manat olmaqla, cəmi 2394.32 (iki min üç yüz doxsan dörd manat otuz iki qəpik) manat pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 47.17 manat dövlət rüsumunun 6.17 manatı iddiaçıya aid edilməli, 41.0 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 08 dekabr 2020-ci il tarixli 035-EMB-0861-20 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2358.32 (iki min üç yüz əlli səkkiz manat otuz iki qəpik) manat, cərimə olaraq 36 (otuz altı) manat, cəmi 2394.32 (iki min üç yüz doxsan dörd manat otuz iki qəpik) manat və 47.17 manat ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manatı olmaqla, ümumilikdə 2435.32 (iki min dörd yüz otuz beş manat otuz iki qəpik) manat borc pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar