Məhkəmə qərarları › İş №2(110)-660/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-660/2022

04.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-660/2022 04.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahbuz rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(090)-142/2020 saylı qətnaməsi ilə Cavabdeh aliment tutularaq 14 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün ona ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək bir uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla sabit məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, 2018-ci ildə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə evləndiklərini, birgə nikahdan birgə yaşadıqları müddətdə bir övladları 14 may 2019-cu il təvəllüdlü X2 doğulduğunu, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən onunla yola gedə bilmədiklərini, ona görə də onun azyaşlı övladı ilə birlikdə 2019-cu ilin may ayından Şərur rayon Vərməziyar kəndində anasının himayəsində yaşadığını, 2020-ci ilin sentyabr ayında bir uşağın saxlanılması üçün Şahbuz rayon Məhkəməsinə müraciət etdiyini, Şahbuz rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(090)-142/2020 saylı məhkəmə qətnaməsinə əsasən cavabdehdən hər ay 100 manat olmaqla bir uşağın saxlanılması üçün alimentin tutulması müəyyən olunduğunu, uşağın böyüdüyünü, 100 manat bir uşağın saxlanılmasına, onun qidalanmasına və lazım olduqda müalicəsini təmin etməyə kifayət etmədiyini, anasının yanında qaldığını, onun maddi dəstəyi sayəsində özlərini saxladıqlarını, uşağın atası Cavabdeh uşağın sağlamlığı, qidalanması və digər xərclərinin ödənilməsində ona əlavə maddi köməklik göstərilməsindən boyun qaçırdığını, ilkin mediasiya sessiyasında alimentin artırılması barədə razılığa gələ bilmədiklərini qeyd edərək, Şahbuz rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(090)- 142/2020 saylı qətnaməsi ilə Cavabdeh aliment tutularaq 14 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün ona ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək bir uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla sabit məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında həqiqətən də, İddiaçı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarından 14 may 2019-cu il təvəllüdlü X2 doğulduğunu, iddiaçı ilə münasibətləri pozulduğundan faktiki olaraq 4 ildir ayrı yaşadıqlarını, iddiaçı ilə birgə nikahdan doğulmuş oğlunun iddiaçının yanında yaşadığını, Şahbuz Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(090)-142/2020 saylı qətnaməsinə əsasən uşağın saxlanması üçün iddiaçıya hər ay 100 manat məbləğində aliment ödədiyini, özünün ofisant işlədiyini, maddi imkanının yaxşı olmadığı üçün həmin məbləği ancaq ödəyə bildiyini, ona görə də oğlu 14 may 2019-cu il təvəllüdlü X1 üçün hər ay 140 manatdan artıq aliment ödəyə bilməyəcəyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİ № 067344 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş görünür ki, Cavabdeh ilə X6 arasında 28 mart 2018-ci il tarixdə 20 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Fətəlixanlı” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli AZ-İV № 461704 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 14 may 2019-cu il təvəllüdlü X2 valideyinləridir İş materiallarına əlavə edilmiş, Şahbuz rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(090)-142/2020 saylı qətnaməsindən çıxarışdan görünür ki, iddia qismən təmin edilməklə tərəflərin birgə nikahından olan 14 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 sentyabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh 100 (bir yüz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasına xitam verilməsi haqqında protokoldan görünür ki, Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etmədiyindən ilkin mediasiya sessiyasına xitam verilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şahbuz rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(090)-142/2020 saylı qətnaməsi ilə Cavabdeh 14 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat aliment alınaraq İddiaçı ödənilməsi müəyyən edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında övladı 14 may 2019-cu il təvəllüdlü X2 böyüdüyünü, 100 manatın uşağın saxlanılmasına, onun qidalanmasına və lazım olduqda müalicəsini təmin etməyə kifayət etmədiyini, anasının yanında qaldığını, onun maddi dəstəyi sayəsində özlərini saxladıqlarını, uşağın atası Cavabdeh uşağın sağlamlığı, qidalanması və digər xərclərinin ödənilməsində ona əlavə maddi köməklik göstərilməsindən boyun qaçırdığını, buna görə də alimentin sabit pul məbləğində artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşağın mənafeyini və uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şahbuz Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(090)-142/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 14 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X4 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq iddia tələbini qismən təmin edərək, Şahbuz Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(090)-142/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 14 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 50 manatdır ki, bu da il ərzində 600 manat (50x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Şahbuz rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(090)-142/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 14 may 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar