Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-662/2023 12.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-372/2019 saylı qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində 2004-cü ildə cavabdeh ilə rəsmi nikaha daxil olduqlarını, birgə nikahdan iki usaqlarının-xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 doğulduğunu, cavabdehlə yola gedə bilmədiklərindən Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikahın 2020-ci ildə pozulduğunu, uşaqların onunla yaşadığını, Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)- 372/2019 saylı qətnaməsi ilə hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, uşaqların böyüdüyünü, orta məktəbdə təhsil aldıqlarını, onların saxlanması üçün xərclərin artdığını, cavabdehin ödədiyi alimentin uşaqların tələbatını ödəməyə yetmədiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq valideynləri ilə birlikdə yaşadığını, illərdir ki uşaqlara tək baxdığını, cavabdehin uşaqlarla maraqlanmadığını, təyin olunan alimenti və 100 manat aliment borcunu ödədiyini, onun qeyri-rəsmi şəkildə başqası ilə yaşadığını, buna görə də cavabdehlə barışmaq istəmədiyini, uşaqları saxlamaqda çətinlik çəkdiyini, uşaqların hazırlıqlara getdiyini, onları oxutmaq istədiyini, cavabdehin maaşdan əlavə qazancının da olduğunu, 350 manata razılaşa biləcəyini bildirib məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, 2-ci evliliyindən 1 uşağının da olduğunu, lakin 1 ildir ki ayrı yaşadığını, həmin uşağa 100 manat aliment ödədiyini, əlavə 100 manat isə iddiçıya hər ay aliment borcu kimi ödədiyini, 345 manat maaş aldığını, 400-450 manat aylıq qazancı olduğunu, Naxçıvan şəhərində yaşadığını, iş yerində qaldığını 300 manatdan artıq aliment ödəyə bilməyəcəyini bildirərək iddianın rədd olunması xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli AZ-İl № 158502 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əkbərov X3 Aytən Nazim qızı ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli AZ-İll № 305716 nömrəli və xx.xx.2016-cı il tarixli AZ-İll № 753170 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)- 372/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixdən hesablanmaqla Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa 100 (bir yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli AZ-İ № 221596 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli AZ-İV № 464690 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ikinci nikahından xx.xx.2020-ci il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Cavabdeh əmək haqqı 345 manatdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 2 uşaqları doğulmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-372/2019 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay cavabdehdən hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. İddiaçı uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin 2-ci nikahından 1 uşağı var. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışa əsasən cavabdeh aylıq 345 manat əmək haqqı alır. İddiaçı cavabdehin əlavə qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib cavabdehin 2-ci nikahından 1 uşağının olmasını və cavabdehin qazancını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30,8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-372/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq cavabdeh Şərur rayon Xanlıqlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Xanlıqlar kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30,8 manat (otuz manat səksən qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-662/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-662/2023
12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver