Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-672/2022 25.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Vərməziyar kənd sakini Cavabdeh ona verdiyi 5 baş iribuynuzlu heyvana görə 1900 (bir min doqquz yüz) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 39 (otuz doqquz) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Vərməziyar kənd sakini Cavabdeh 5 baş iri buynuzlu mal - dana verdiyini, həmin danaların qarşılığında 1900 manata razılaşdıqlarını, aradan bir müddət keçdikdən sonra Fuaddan heyvanların pulunu soruşanda Fuad heyvanların satıldığını, lakin əlində pul olmadığı üçün pulu verə bilmədiyini deyib ona bir az vaxt verməyini istədiyini, bir müddət keçdikdən sonra Fuaddan yenə xəbər çıxmadığını, hər dəfə ona zəng vuranda vaxt istədiyini, məcbur qalıb aidiyyatı orqanlar şikayət etdiyini, Fuad yazılı iltizam verərək iyul ayının 31-dək pulu ödəməyi öhdəsinə götürdüyünü, lakin bu zamana kimi pulu ödəmədiyini, Ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində sadaladığı halları bir daha təsdiqlədiyini, Vahid adlı tanışının onu Fuadla tanış etdiyini, Fuadın ondan 2 baş iribuynuzlu heyvan alaraq pulunu tez bir zamanda qaytardığını, sonra isə 2021-ci ilin avqust ayında 5 baş buzov aldığını və həmin buzovların qarşılığında 1900 manata razılaşdıqlarını, lakin razılaşdığı müddətdə pulunu qaytarmadığını, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etdiyini, Elşaddan 7000 manatlıq heyvan aldığını, onun pulunun çox hissəsini qaytardığını, halhazırda isə 1900 manat məbləğində borcunun qaldığını, iddiaçıdan aldığı heyvanları Ruslan adlı şəxsə verdiyini, həmin şəxsin ona 9800 manat məbləğində borcu olduğunu, Ruslanın ona olan borcunu qaytarmadığı üçün Elşadın pulunu qaytara bilmədiyini, avtomobilini satıb tezliklə borcunu ödəyəcəyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan borcun etirafına dair sazişdən görünür ki, Cavabdeh İddiaçı olan 1900 manat məbləğində borcunu 2022-ci ilin iyul ayının 31-dək ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi olaraq heyvanların alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı 2021-ci ilin avqust ayında 5 baş iribuynuzlu heyvanı 1900 manat məbləğində cavabdehə satmaq barədə razılaşmışdır. Cavabdeh isə müəyyən olunmuş vaxt ərzində iddiaçıya olan borcunu qaytarmamışdır. Həmçinin cavabdeh borcunu 2022-ci ilin iyul ayının 31-dək ödəməyi öhdəsinə götürməklə iddaçı ilə saziş bağlamışdır. Lakin həmin vaxtda borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər heyvanları və quşların alqı-satqısına dair paraqrafın müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 1900 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Vərməziyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh 1900 (bir min doqquz yüz) manat borc pul vəsaiti və 39 (otuz doqquz) manat dövlət rüsumu alınaraq Culfa rayonu Bəyəhməd kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-672/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-672/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver