Məhkəmə qərarları › İş №2(110)-719/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-719/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-719/2022 11.11.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan 820 (səkkiz yüz iyirmi) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat, cəmi 850 (səkkiz yüz əlli) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2022-ci ilin aprel ayının 4-də əvvəlcədən tanımadığı Şərur rayon Mahmudkənd kənd sakini Cavabdeh kəndə gələrək iribuynuzlu heyvan almaq istədiyini bildirdiyini, bir baş iribuynuzlu heyvanı satmaq istədiyini bildirdiyini, cavabdeh heyvanı 820 manata ala biləcəyini, lakin əlində pulunun olmadığını, pulu may ayının sonlarında verə bilcəyini dediyini, cavadehlə şifahi olaraq razılşaraq heyvanı ona satdığını, cavabdehdən pulunu qaytarılmasını istəyəndə imkanının olmadığını və ona vaxt verməsini istədyini, bir müddət keçdikdən sonra cavabdehdən yenə xəbər çıxmadığını, hər dəfə pulunu istəyəndə pulunun olmadığını bildirdiyini, məcbur qalıb aidiyyatı orqanlar şikayət etdiyini, xx.xx.2022-ci il tarixdə iltizam verərək avqust ayının 31-dək pulu ödəməyi öhdəsinə götürdüyünü, lakin bu zamana kimi pulu ödəmədiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində sadaladığı halları bir daha təsdiqləyərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etdiyini, imkanı olmadığına görə borcunu qaytara bilmədiyini, özünün İİ qrup əlil olduğunu, aylıq 180 manat pensiya aldığını, heç bir yedə işləmədiyini, pensiya ilə ailəsini ancaq dolandırdığını, iddiaçıya borcunu ödəyəcəyinə dair ərizə verdiyini, sadəcə çatıdırıb ödəyə bilmədiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı olan 820 manat məbləğində borcunu 2022-ci ilin avqust ayının 31-dək ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi olaraq heyvanın alqı-satqısına dair müqavilə bağlanmış və iddiaçı 2022-ci ilin aprel ayında 1 baş iribuynuzlu heyvanı 820 manat dəyərində cavabdehə satmışdır. Cavabdeh isə müəyyən olunmuş vaxt ərzində iddiaçıya olan borcunu qaytarmamışdır. Həmçinin cavabdeh əmlakın dəyərini 2022-ci ilin avqust ayının 31-dək ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin vaxtda borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh öhdəliyini icra edə bilməməsini heç bir yerdə işləməməsi ilə bağlı düşdüyü maddi vəziyyəti ilə əsaslandırmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər heyvanları və quşların alqı-satqısına dair paraqrafın müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Mülki Məcəllənin 598.2-ci madəsinə görə əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından da görünür ki, satıcı öz öhdəliyini yerinə yetirsə də alıcı öz üzərinə düşən pul məbləğini ödəmək öhdəliyini yerinə yetirməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 820 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh 820 (səkkiz yüz iyirmi) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu alınaraq Şərur rayonu Çomaxtur kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar