Məhkəmə qərarları › İş №2(110)-755/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-755/2022

16.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-755/2022 16.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmamış övladları xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(110)-347/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay “Yaşayış minumum haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2022-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minumumu miqdarında sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsin, Cavabdeh ilə 28 sentyabr 2016-cı il tarixdə el adət ənənəsinə uyğun olaraq ailə qurduqlarını, onların bu nikahından bir övladları xx.xx.2017-ci il təvəllüdlü X1 doğulduğunu, xasiyyətləri uyğun gəlməməsi səbəbindən xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə aralarında bağlanmış nikah qeydinin pozulduğunu və bu nikahdan olan yazyaşlı övladlarının yaşayış yerinin onun yanında saxlanılması müəyyən edildiyini, Şərur rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(110)- 347/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, hal-hazırda övladlarının böyüdüyünü, Ayanın artıq 5 yaşı olduğunu və onun məktəbə getdiyini, onun gündəlik tələbatının da yetərincə artdığını, cavabdehin aliment ödəməkdən başqa uşağın digər tələbatı ilə maraqlanmadığını, ödədiyi aliment miqdarının isə uşağın gündəlik zəruri tələbatını ödəməyə yetmədiyini, cavabdehin isə aliment ödəməkdən başqa övladı ilə ümumiyyətlə maraqlanmadığını, böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdehin ona qarşı aliment ödəməkdən başqa heç bir diqqət və qayğı göstərmədiyini, onun özünün isə heç bir yerdə işləmədiyini, uşağın bütün qayğısını ehtiyacını tamamilə onun çəkdiyini, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatını ödəməyin tək qadın olaraq onun üçün çox çətin olduğunu, cavabdehin isə maddi vəziyyətinin yaxşı olduğunu və aliment miqdarının artırılmasının cavabdehin maddi vəziyyətinə təsir etməyəcəyini hesab etdiyini, Cavabdeh ödədiyi alimentin məbləğinin 2022-ci il üçün Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən olunmuş yaşayış minumumundan çox aşağı olduğunu, ona görə də Şərur rayon Məhkəməsinin qətnamsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmalı olduğunu hesab etdiyini, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşyış minumumunu, minimal aylıq əmək haqqının miqdarının, eləcə də cavabdehin maddi vəziyyətini nəzərə alaraq, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 (bir yüz doxsa üç) manat miqdarında müəyyən olunmalı olduğunu hesab etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında həqiqətən də, İddiaçı ilə 2016-cı il tarixdə tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X1 doğulduğunu, iddiaçı ilə münasibətləri pozulduğundan Şərur rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(110)-347/2019 saylı qətnaməsi ilə nikahlarının pozulduğunu, qızının iddiaçının yanında qalmasının müəyyən olunduğunu, qızının saxlanması üçün iddiaçıya hər ay 100 manat məbləğində aliment ödədiyini, özünün işləmədiyini, maddi imkanı yaxşı olmadığı üçün həmin məbləği ancaq ödəyə bildiyini, artırılan aliment məbləğini ödəyə bilməyəcəyini bildirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ № 221968 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah 18 sentyabr 2020-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 71 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 fevral 2018-ci il tarixli AZ-İİİ № 962933 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2017-ci il təvəllüdlü X1 valideyinləridir İş materiallarında olan Şərur rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(110)-347/2019 saylı qətnaməsindən çıxarışdan görünür ki, iddia təmin edilməklə cavabdeh Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Şərur rayonu Xanlıqlar kəndində qeydiyyatda duran İddiaçı ödənilməsi müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(110)-347/2019 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat aliment alınaraq İddiaçı ödənilməsi müəyyən edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında övladı xx.xx.2017-ci il təvəllüdlü X1 artıq 5 yaşı olduğunu və onun məktəbə getdiyini, onun gündəlik tələbatının da yetərincə artdığını, cavabdehin aliment ödəməkdən başqa uşağın digər tələbatı ilə maraqlanmadığını, ödədiyi aliment miqdarının isə uşağın gündəlik zəruri tələbatını ödəməyə yetmədiyini, cavabdehin isə aliment ödəməkdən başqa övladı ilə ümumiyyətlə maraqlanmadığını, böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdehin ona qarşı aliment ödəməkdən başqa heç bir diqqət və qayğı göstərmədiyini, onun özünün isə heç bir yerdə işləmədiyini, uşağın bütün qayğısını ehtiyacını tamamilə onun çəkdiyini, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatını ödəməyin tək qadın olaraq onun üçün çox çətin olduğunu, buna görə də alimentin sabit pul məbləğində artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşağın mənafeyini və uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(110)-347/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X4 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə alimentin miqdarının qismən artırılması qənaətinə gələrkən yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə almışdır Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 50 manatdır ki, bu da il ərzində 600 manat (50x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 2(110)-347/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar