Məhkəmə qərarları › İş №2(110)-763/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-763/2022

01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-763/2022 01.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(111)-107/2020 saylı qətnaməsi ilə Cavabdeh aylıq qazancına olan münasibətdə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsi və hər ay 150 manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə xx.xx.2017-ci il tarixdə Kəngərli Rayon Qeydiyyat Şöbəsində 69 № ilə nikaha daxil olduqlarını, birgə nikahdan bir usaqlarının-xx.xx.2018-ci il təvəllüdlü X2 doğulduğunu, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Kəngərli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(111)-107/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikahın pozulduğunu, nikah pozulduqdan sonra uşağın onun yanında saxlanılması və cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) ¼ -i miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi müəyyən edildiyini, uşağın böyüdüyünü, 4 yaşı olduğunu, gündəlik tələbatlarını artdığını, cavabdehin ödədiyi aliment uşağın tələbatını ödəməyə yetmədiyini, özünün heç bir yerdə işləmədiyini, cavabdeh alimenti ödəməkdən başqa uşaqla maraqlanmadığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq uşağın göz xəstəliyinin olduğunu, müalicə pulunu çatdıra bilmədiyini, atasının isə uşaqla maraqlanmadığını, uşağı təkbaşına saxlamaqda çətinlik çəkdiyini, hal-hazırda valideynləri ilə birlikdə yaşadığını bildirib məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qismən qəbul etdiyini, iddiaçı ilə 2020-ci ildə ayrıldıqlarını, özünün ikinci dəfə ailə qurduğunu, 100 manat aliment ödədiyini, 120 manatdan artıq ödəməyə imkanının olmadığını, Kəngərli Rayon İcra Hakimiyyətində müvsümi ocaqçı işlədiyini, 266 manat əmək haqqı aldığını bildirərək iddianın qismən təmin olunması xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV № 462493 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2018-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Kəngərli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(111)- 107/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh nikahının pozulması, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 anasının yanında qalması və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) ¼ -i miqdarında alimentin tutularaq anası İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ№ 175505 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 28 nömrəli arayışdan görünür ki, Məmmədov X4 Rayon İcra Hakimiyyətində mövsümi ocaqçı işləyir və aylıq əmək haqqısı 266,50 manatdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə X3 doğulmuşdur. Tərəflər arasında faktiki ailə münasibətləri bitdiyindən ayrı yaşayırlar. Kəngərli Rayon Məhkəməsinin 2(111)-107/2020 saylı qətnaməsi ilə X1 üçün hər ay cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) ¼ -i miqdarında aliment təyin olunmuşdur. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətində mövsümi ocaqçı işləyir və aylıq əmək haqqısı 266,50 manatdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni hər iki valideyn uşağın saxlanılmasında iştirak etməlidir. Lakin, məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və cavabdehin qazancı nəzərə aldığından iddia qismən təmin edilməli, cavabdehdən X1 üçün 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Kəngərli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(111)-107/2020 saylı qətnaməsi ilə X1 üçün müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh uşaq yetkinlik yaşına çatanadək 140 manat miqdarında aliment tutularaq anası İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə iş üzrə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 35,47 manat (otuz beş manat qırx yeddi qəpik) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(111)-107/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq cavabdeh Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Aşağı Yaycı kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 35 (otuz beş) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar