Məhkəmə qərarları › İş №2(110)-77/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-77/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-77/2021 15.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 309,87 manat əsas, 909,47 manat cərimə, 42,08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla ümumilikdə 1261,42 manat borc və 30 (otuz) manat ödənilmiş məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Lakin iddiaçı təşkilatın nümayənəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair 2(110)-77/2021 saylı mülki işin xx.xx.2021-ci il saat 16:00-a təyin olunmuş məhkəmə iclasını iştirakları olmadan keçirib iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasını iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində xx xxxxxx 2014-cü il tarixli 635169 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 (üç yüz) manat kredit xətti açıldığını, müqavilənin müddətinin xx xxxxxx 2017-ci il tarixdə bitsə də borclu müqavilənin şərtlərini pozaraq öhdəliyini icra etməkdən imtina etdiyini, xx xxxxxxxx 2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 309,87 manat əsas, 909,47 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxx 2017-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42.08 manat borc, ümumilikdə 1261,42 manat məbləğində kredit borcu olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən imtina etdiyini qeyd edərək Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 309,87 manat əsas, 909,47 manat cərimə, 42,08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla ümumilikdə 1261,42 manat borc və 30 (otuz) manat ödənilmiş məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq teleqramda İddiaçı ASC məhkəmədə ona qarşı iddia qaldıraraq 1261.42 manat borc tələb etdiyini, lakin onun banka 310 manat əsas borcunun qaldığını, digər məbləği qəbul etmədiyini, bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2014-cü il tarixli 635169 saylı Kredit kartının verilməsi və istifadəsi Müqavilələrdən aydın olur ki, həqiqətən Cavabdeh ilə "İddiaçı" ASC arasında kredit müqavilələri imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2.1 və 2.2-ci bəndinə əsasən Bank “Müştəri” üçün 24 (iyirmi dörd) ay müddətinə kart buraxır. Bank tərəfindən buraxılmış kart Bankın xüsusi mülkiyyətidir. Kart üzrə bərpa olunan kredit xətti açılır. Bərpa olunan kredit xəttində kredit xəttinin limiti tranşlar üzrə istifadə oluna bilər və bu halda ssuda borcu üzrə ödənişlər kredit xəttinin limitini bərpa edir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Bank “Müştəri”yə 300 (üç yüz) manat məbləğində kredit xətti açır... Həmin Müqavilənin 3.9-cu bəndinə əsasən kredit xətti üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi minimum 40.81 faiz, maksimum 48 faiz təşkil edir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən kredit xətti üzrə ödənişlər kartdan hər növbəti vəsaitin məxaric olduğu gündən etibarən Müqavilədə göstərilən qaydada hesablanmaqla hər növbəti ayın 10-dək bərabər hissələrlə həyata keçirilir. Hər növbəti ayın 10-dək ödəniş olunmayıbsa ödənilməyən borc məbləğinə illik 54 % dərəcəsi ilə cərimə hesablanır. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixə Cavabdeh Banka 309,87 manat əsas, 909,47 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik faiz məbləği 42,08 manat borc olmaqla, ümumilikdə 1261,42 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmişdir. Lakin cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-3194/17 saylı xx xxxxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, "İddiaçı” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəmə daxil olmuş teleqramda İddiaçı ASC məhkəmədə ona qarşı iddia qaldıraraq 1261.42 manat borc tələb etdiyini, lakin onun banka 310 manat əsas borcunun qaldığını, digər məbləği qəbul etmədiyini, bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 635169 saylı Kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə 300 (üç yüz) manat məbləğində kredit xətti açmış və kart verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan" müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə “Kreditor” qarşısında məsuliyyət daşıyaraq kredit borcu yaranmışdır. İddiaçının tələbinə görə haliyədə cavbdehin xx xxxxxxxx 2020ci il tarixə 309,87 manat əsas, 909,47 manat cərimə, 42,08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla ümumilikdə 1261,42 manat borcu vardır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Eyni zamnda Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq Banka 310 manat əsas borcunun qaldığını etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əsas və faiz borcuna dair hissədə Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 309.87 (üç yüz doqquz manat səksən yeddi qəpik) manat, faiz borcuna görə 42.08 (qırx iki manat səkkiz qəpik) manat məbləğində pulun tutulmasında iddiaçının tələbi tam əsaslıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə hesablanmış 909.47 (doqquz yüz doqquz manat qırx yeddi qəpik) manat cərimə (dəbbə) borcunun tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəfindən kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, kredit razılaşması üzrə 909.47 (doqquz yüz doqquz manat qırx yeddi qəpik) manat məbləğində hesablanmış cərimə (dəbbə pulu) məbləğinin əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, dəbbə pulunun 90 (doxsan) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 19.49 manatı iddiaçıya aid edilməli, 10.51 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək xx xxxxxx 2014-cü il tarixli 635169 saylı Kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, həmin müqavilə üzrə Cavabdeh 309.87 (üç yüz doqquz manat səksən yeddi qəpik) əsas borc, 42.08 (qırx iki manat səkkiz qəpik) manat faiz borcu və 90 (doxsan) manat cərimə borcu olmaqla, cəmi 441.95 (dörd yüz qırx bir manat doxsan beş qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun 10.51 (on manat əlli bir qəpik) manatı olmaqla, ümumilikdə 452.46 (dörd yüz əlli iki qırx altı qəpik) manat borc pul tutularaq “Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 309.87 (üç yüz doqquz manat səksən yeddi qəpik) əsas borc, 42.08 (qırx iki manat səkkiz qəpik) manat faiz borcu və 90 (doxsan) manat cərimə borcu olmaqla, cəmi 441.95 (dörd yüz qırx bir manat doxsan beş qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun 10.51 (on manat əlli bir qəpik) manatı olmaqla, ümumilikdə 452.46 (dörd yüz əlli iki qırx altı qəpik) manat borc pul tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar