Məhkəmə qərarları › İş №2(110)-78/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-78/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-78/2025 21.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı kartofun pulunun qalanını, 11000 (on bir min) manat borcunu və dövlət rüsumu olaraq ödədiyi 123 (yüz iyirmi üç) manat olmaqla cəmi 11123 (on bir min yüz iyirmi üç) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində heç bir dövlət idarə və müəssisədə işləmədiyini, təsərrüfatla əkinçiliklə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğunu, Şərur rayon Aşağı Aralıq kənində kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarı olduğunu, Şərur rayon Zeyvə kənd sakini Cavabdeh əvvəllər tanımadığını, 12 12.2023-cü il tarixdə Cavabdeh onun işlətdiyi 060- ***-**-** nömrəli mobil telefonuna zəng edərək nömrəsini Şərur rayon Kürçülü kənd sakini X4 aldığını, Bakı şəhərinə göndərdiyi 24000 (iyirmi dörd min) kiloqram kartofu almaq istədiyini bildirdiyini və onlar kiloqramını 0.50 manata onunla razılaşdıqlarını və kartofun dəyəri olan ona 12000 (on iki) min manat pulu bir həftə ərzində ödəyəcəyini bildirdiyini, iki gün sonra Cavabdeh X1 1000 (bir min) manat Aşağı Aralıq kəndinə gələrək Bakı şəhərində satmaq üçün kiloqramı 0.50 manat pul atdığını və pulun qalanını da yenə də bir həftəyə ödəyəcəyini bildirdiyini, Şərur rayon Aşağı Aralıq kəndində yerləşən soyuducu anbardan üç nəfər, Şərur rayon Aşağı Aralıq kənd sakinləri X10 (060-256- 05-35), X5 (060315-75-50) və Şərur rayon Yuxarı Aralıq kənd sakini X11 (***-***-**-**) tərəfindən Naxçıvan şəhər sakini X6 məxsus ** KF *** (qoşqu 10 ZG214) nömrəli dövlət qeydiyyat nişanlı DAF markalı, qırmızı rəngli tıra yüklədiyim 24000 (iyirmi dörd min) kiloqram, 873 (səkkiz yüz yetmiş üç) kisə kartof sayılaraq Bakı şəhərində qohumu Şərur rayon Çərçiboğan kənd sakini X8 (tel. ***-***-**-**) tərəfindən Bakı şəhərində Məhəmmədiyyə qəsəbəsində Cavabdeh dayısı Qənimətə (tel: ***-***-**-**) təhvil verildiyini, bu günə kimi Cavabdeh ondan alığı kartofun pulunun qalan 11000 (on bir min) manatını hələdə qaytarmadığını, o bu müddət ərzində dəfələrlə Cavabdeh ona olan 11000 (on bir min) manat borcunu qaytarmasını bildirsə də hər dəfə Cavabdeh mənə pulu olmadığını, ona bir az vaxt verməyini bildirərək ondan aldığı kartofun pulunu qaytarmaqdan yayındığını, bu gün onun həmin pula çox ehtiyacı olduğunu, lakin Cavabdeh ona olan borcunu qaytarmaqdan yayındığından ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, o Cavabdeh məndən aldığı kartofun pulunun qalanını, 11000 (on bir min) manat və dövlət rüsumu olaraq ödədiyin 123 (bir yüz iyirmi üç) manat, cəmi 11123 (on bir min bir yüz iyirmi üç) manat pulun alınaraq ona ödənilməsini istədiyini bildirişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X8 ifadəsində Asiman onun xalasının əri olduğunu, o Bakı şəhərində yaşadığını, tarixini xatırlamadığı vaxtda Asiman ona zəng edib dediyini ki, Araz adlı şəxslə danış, mənim kartofumu tırla gətiriblər "xxxx" MMC-nin yaxınlığına, Araz bəyənsə kartofu alacaq. O Arazla danışıb həmin yerə getdiyini, Araz dayısı Qənimətlə birlikdə gəldiyini, Araz kartofa baxdığını, Asimanla danışıb qiyməti barədə razılaşdıqlarını, 1 kilosunu 50 qəpiyə razılaşdıqlarını, sonra Arazla birlikdə restorana gedib yemək yediklərini, daha sonra Araz 3 nəfər işçi götürdüyünü, gedib kartofu sayaraq onlara təhvil verdiyini, Asimana zəng edib dediyini ki, kartofun pulunu vermədiklərini, Asiman dediyini ki, razılaşmışıq 3-4 gün ərzində pulu verəcək. Təxminən 2-3 gün sonra Araz ona 500 manat verdiyini ki, Asimana göndərsin, 500 manat da tır şoferinə verdiyini dediyini, daha sonra Asiman ona dediyi üçün bir neçə dəfə Arazdan pulu istəməyə getdiyini, o da bu gün-sabah verəcəyini dediyini, Asimanın dediyinə görə pulunu hələ də ödəmədiyini qeyd etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X5 ifadəsində Asiman ona zəng edib dediyini ki, “gəl anbara, tıra kartof yığacağıq”, o də oğlu Nərimanla birlikdə Aralıq kəndində yerləşən anbara getdiklərini, orada Ənvər, Nuhun o və oğlu Nəriman birlikdə kartofu tıra yüklədiklərini, Asimandan pullarını alıb getdiklərini bildirmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X14 ifadəsində Asimanın onun bibimsinin əri olduğunu, Asiman gəlib onu evdən götürdüyünü, birlikdə Qıvraq qəsəbəsində yerləşən anbara getdiklərini, orada Fərdi və Nuhunla birlikdə tıra kartof yüklədiklərini bildirmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X7 ifadəsində Asiman əminin atasına zəng edib tıra karof yükləmək lazım olduğunu dediyini, atası, İbrahim, Nuhun və Ənvərlə birlikdə Aşağı .Aralıq kəndində anbarda tıra kartof yüklədiklərini, kartofu Bakıya göndərəcəyini bildiyini, lakin kimə göndərəcəyini bilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin 123 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı Şərur rayon Zeyvə kənd sakini Cavabdeh Şərur rayon Aşağı Aralıq kənd sakini İddiaçı məxsus 24000 kiloqram kartofu 1 kiloqramı 0.50 manata razılaşaraq nisyə alması, nəticədə onun iddiaçıya ümumilikdə 12000 manat borcunun yaranması iddiaçının və şahid ifadələri ilə öz tədiqini tapmışdır. İddiaçının izahatından görünür ki, cavabdehdən borcundan 1000 manatını qaytarsada, nisyə aldığı kartofun 11000 manatını iddiaçıya ödəməmişdir. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqıya görə borcun qaytarılması tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında şifahi formada nisyə alqı-satqıya dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş kartofu cavabdehə nisyə vermiş, cavabdeh isə aldığı kartofun dəyərini tam olaraq geri qaytarmamış, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür; - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.Göründüyü kimi iddiaçı iddia tələbinin əsaslı olmasını məhkəmədə sübut etmiş, cavabdeh isə məhkəməmə iclasında iştirak etməkdən yayınmış, eyni zamanda iddia tələbini təkzib edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin; - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə qeyd edirki, iddia təmin olunaraq Şərur rayon Zeyvə kəndində qeydiyyatda olan Cavabdeh 11000 (on bir min) manat borc və ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 11123 (on bir min yüz iyirmi üç) manat məbləğində pul alınaraq Şərur rayon Aşağı Aralıq kəndində qeydiyyatda olan İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır...; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Zeyvə kəndində qeydiyyatda olan Cavabdeh 11000 (on bir min) manat borc və ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 11123 (on bir min yüz iyirmi üç) manat məbləğində pul alınaraq Şərur rayon Aşağı Aralıq kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar