Məhkəmə qərarları › İş №2(110)-798/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-798/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-798/2021 23.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2480,62 manat məbləğində kredit borcu, 426,99 manat məbləğində faiz borcu və 1169,33 manat məbləğində cərimə borcu olmaqla cəmi 4076,94 manat (dörd min yetmiş altı manat doxsan dörd qəpik) borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınıb bankın xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh ilə aralarında bağlanmış 22.01.2020-ci il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,9167% olmaqla 18 ay müddətinə kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə müəyyən olnumuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 manat məbləğində kredit götürdüyünü, kredit borcundan 1019,38 manat ödəniş etdiyini, onun iddiaçıya 2480,62 manat kredit borcu qaldığını, 24.09.2021-ci il tarixə 429 gün hesablanmış faiz borcunun 426,99 manat, cərimə borcunun 1169,33 manat təşkil etdiyini bildirmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdehə 04.11.2021-ci il tarixdə telefonoqram göndərilmiş, cavabdeh məhkəmə iclası barədə məlumatlı olduğunu, iddianı qismən qəbul etdiyini, cərimə məbləğinin artıq olduğunu, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İddiaçının nümayəndəsi 19.11.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasının iştirakı olmadan keçirilib qətnamə qəbul edilməsini xahiş etmişdir. Yazılı sübutlar İş materiallarında olan 22.01.2020-ci il tarixli 021A********** saylı müqavilədən görünür ki, Cavabdeh istehlak yönümlü aylıq faiz dərəcəsi 1,9167% olmaqla 18 ay müddətinə 3500 manat kredit verilmişdir. İş materiallarında olan 22.01.2020-ci il tarixli kreditin verilməsi barədə qəbzdən görünür ki, Cavabdeh hesabına 3500 manat kredit köçürülmüşdür. İş materiallarında olan 30.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 2480,62 manat əsas borc, 426,99 manat faiz borcu, 1169,33 manat cərimə borcu olmaqla cəmi 4076,94 manat borcu var. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, qəbz, maliyyə arayışı və.s) sübuta yetirmişdir. Kredit müqaviləsinin 4.2.3-cü maddəsinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə dəbbə pulu (cərimə) borcu ilə bağlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu ödəyə bilməməsini, onun üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2480,62 manat əsas borca münasibətdə 1169,33 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 2480,62 manat əsas borca mütanasib olaraq 248 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayonu Cəlilkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 2480,62 manat (iki min dörd yüz səksən manat altmış iki qəpik) əsas borc, 426,99 manat (dörd yüz iyirmi altı manat doxsan doqquz qəpik) faiz borcu, 248 (iki yüz qırx səkkiz) manat cərimə borcu olmaqla, cəmi 3155,61 manat (üç min yüz əlli beş manat altmış bir qəpik) borc və 23 (iyirmi üç) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar