Məhkəmə qərarları › İş №2(110)-800/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-800/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-800/2025 30.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələblərinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı1 borclu olduğu 4500 manatı və İddiaçı2 borclu olduğu 2000 manat pulu, 105 manat dövlət rüsumunun və 50 manat iddia ərizənin tərtibi ilə əlaqədar pulun alınıb onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdıqları və münasibətdə olduqları cavabdeh Ağalarova X3 rayonu, Bakıxanov qəsəbəsində yerləşən özəl uşaq bağçasında işləyirmiş. İyun ayının əvvəllərində cavabdeh onlarla əlaqə saxlayaraq anasının ağır xəstə olduğunu, müalicə üçün pula ehtiyac duyduğunu bildirmişdir. Aralarında olan münasibətə güvənərək onlar xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsində yerləşən 4 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığında cavabdehlə görüşmüşlər. Tərəflər arasında əldə olunmuş razılığa əsasən cavabdeh ona veriləcək vəsait müqabilində həmin gün 4 saylı “ASAN xidmət”də onlar ilə borc müqaviləsi bağlamalı, verilmiş 8000 manatın isə xx.xx.2024-cü il tarixinə qədər geri qaytarılmasını öhdəsinə götürməli idi. Həmin tarixdə borc müqaviləsi bağlanmış, İddiaçı1 cavabdehə 5000 manat, İddiaçı2 isə 3000 manat pul vermişdir. Müqavilə şərtlərinə əsasən borcun 14 dekabr 2024-cü il tarixinə qədər qaytarılması tələb olunmasına baxmayaraq, cavabdeh pulu hissə-hissə qaytaracağını bildirmiş, faktiki olaraq isə yalnız 14 iyul 2024-cü il tarixdə İddiaçı1 500 manat, İddiaçı2 isə 1000 manat ödəmişdir. Həmin tarixdən bu günə kimi qalan məbləğ qaytarılmamışdır. Nəticədə cavabdeh İddiaçı1 4500 manat, İddiaçı2 isə 2000 manat borclu qalmışdır. İddiaçılar bildirirlər ki, dəfələrlə cavabdehlə əlaqə saxlamalarına baxmayaraq, o borcu geri qaytarmamışdır. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia Sabunçu Rayon Məhkəməsinə təqdim edilsə də, məhkəmənin qərardadı ilə sənədlər geri qaytarılmış və iddianın cavabdehin qeydiyyatda olduğu yer üzrə verilməli olduğu tövsiyə edilmişdir. Bu səbəbdən onlar xx.xx.2025-ci il tarixdə iddianı Şərur Rayon Məhkəməsinə göndərmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Yalnız iddiaçılar İddiaçı1 və İddiaçı2 elektron qaydada ərizə göndərək məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçıların təqdim etdikləri sübutlar əsasında baxılmışdır. Yazılı sübutlar: İş materiallarında olan və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsindən və həmin tarixli, TT**********2945000 №-li ödəniş qəbzindən görünür ki, həmin tarixdə İddiaçı1 borc alana- Cavabdeh 5000 manat borc verilmiş, borc alan Cavabdeh isə həmin borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsindən və həmin tarixli, TT**********1716 №-li ödəniş qəbzindən görünür ki, həmin tarixdə İddiaçı2 borc alana-Cavabdeh 3000 manat borc vermiş, borc alan Cavabdeh isə həmin borcu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan pretenziya qaydadasında bildirişin surətindən görünür ki, iddiaçılar cavabdehə xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə yaranmış borcun qaytarmasını təklif etmişlər. Məhkəmənin əsaslandırması: Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçıların tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən iddiaçıların cavabdehə qarşı borcun geri qaytarılması ilə bağlı tələb hüquqları vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə tərəflər arasında notariat qaydada təsdiq edilmiş yazılı borc müqavilələri bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasındakı bağlanılmış etibarlı borc müqaviləsinin tələblərinə əsasən borcverənlər (iddiaçılar) öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirərək, müvafiq müqavilələrdə qeyd olunan pul vəsaitlərini 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X2 vasitəsilə borcalan (cavabdeh) Cavabdeh təhvil vermişlər və borcalan iddiaçılara həmin borcu məbləğlərini xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin sonradan borcalan- Cavabdeh müqavilələr üzrə müəyyən məbləğində ödəniş etmiş, müqavilələr üzrə qalan borcunu ödəməmiş, beləliklə də müqavilələr üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. İddiaçılar tərəfindən rəsmi bildiriş göndərilməsinə baxmayaraq borcun qaytarılması borcalan - Cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqavilələrinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə müvafiq borc məbləği borcverənlər tərəfindən borcalana verildiyi və borcalanın həmin məbləğlərə dair sərəncam hüququnun yarandığı andan, borcalan- Cavabdehnun borc müqavilələrinin predmeti olan pul vəsaitlərini müqavilədə qeyd olunan şərtlərlə borcverən- İddiaçı1 və İddiaçı2 ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat vermədiyindən, onun mövqeyinin və etirazlarının araşdırılması mümkün olmamışdır. Cavabdeh tərəfindən iddia tələblərinə dair təqdim edilə biləcək hər hansı izahat, müqavilə öhdəliklərinin icra edildiyini, borcun tam və ya qismən qaytarıldığını təsdiq edən sənəd, eləcə də iddiaçıların irəli sürdükləri tələblərin əsassız olduğunu göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəticədə, cavabdeh öz mövqeyini müdafiə etmək, iddiaçılar tərəfindən təqdim edilmiş sübutları təkzib etmək imkanından istifadə etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən sübutetmə yükü ona aid olan hallarda bu vəzifəni yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli; -xx.xx.2024-cü il tarixli borc müqavilələri üzrə Cavabdeh 4500 manat pul vəsaiti tutularaq İddiaçı1, 2000 manat pul vəsaiti isə tutularaq İddiaçı2 ödənilməli; -Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 65 manat dövlət rüsumu tutularaq İddiaçı1, 40 manat dövlət rüsumu isə tutularaq İddiaçı2 ödənilməli; -İddia qalan hissədə, yəni iddia ərizənin tərtibi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində pulun iddiaçıdan alınaraq, cavabdehlərə ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə bu hissədə iddia tələbinin rədd edilməsini onunla əsaslandırır ki, iddiaçılar iddia ərizəsinin tərtibi ilə əlaqədar 50 manat məbləğində xərc çəkildiyini bildirsələr də, həmin xərcin faktiki olaraq ödənildiyini təsdiq edən hər hansı yazılı sübutu – o cümlədən qəbz, ödəniş sənədi, müqavilə və ya bu xərci təsbit edən digər rəsmi sənədi məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, tərəflər iddia və ya etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməyə borcludurlar. Həmçinin MPM-in 88-ci maddəsinə görə, məhkəmə yalnız iş materiallarında mövcud olan və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək qərar qəbul edir. Bu iş üzrə iddiaçılar tərəfindən iddia ərizəsinin tərtibi ilə bağlı xərclərin çəkildiyini göstərən sübutlar təqdim edilmədiyindən, həmin xərcin mövcudluğu və məbləği məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir. Bu səbəbdən iddianın həmin hissəsi sübut olunmamış hesab edilir və təmin olunmamalıdır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli borc müqavilələri üzrə Cavabdeh 4500 manat pul vəsaiti tutularaq İddiaçı1, 2000 manat pul vəsaiti isə tutularaq İddiaçı2 ödənilsin. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 65 manat dövlət rüsumu tutularaq İddiaçı1, 40 manat dövlət rüsumu isə tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə, yəni iddia ərizənin tərtibi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində pulun iddiaçıdan alınaraq, cavabdehlərə ödənilməsi hissəsində rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar