Məhkəmə qərarları › İş №2(110)-805/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-805/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-805/2022 15.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Yuxarı Aralıq kənd sakini Cavabdeh ona verdiyi 1000 (bir min) manat məbləğində pulun, 500 (beş yüz) manat məbləğində mənəvi zərərin və və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1530 (min beş yüz otuz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Yuxarı Aralıq kənd sakini Cavabdeh ilə bir yerdə işlədiyini, uzun müddət bir yerdə işlədiklərindən bir-birilərini tanıdıqlarından borc pul istədiyini, qızının xəstə olduğunu dediyini, dar günü üçün saxladığı 1000 manat pulunu ona verdiyini, Qətibənin evinin sənədini verərək özündə qalmasını istədiyini, həmin borcu Qətibənin ona hər ay hissə-hissə ödəyəcəyini, aradan bir müddət keçdikdən sonra Qətibədən pulu nə səbəbdən ödəmədiyini soruşduğunu, ona bir az vaxt verməyini istədiyini, aradan 5-6 ay keçdikdən sonra Qətibədən yenə xəbər çıxmadığını, hər dəfə ona zəng vuranda vaxt istədiyini, sonradan onun telefonunu açmadığından evlərinə gedərək pulunu tələb etdiyini, Qətibənin yenə ondan vaxt istəyərək kartof əkdiyini çıxardıqdan sonra satıb onun pulunu verəcəyini dediyini, kartofu çıxardıqdan sonra da ziyana getdiyini deyərək yenə pulunu vermədiyini, məcbur qalıb aidiyyatı orqanlara şikayət etdiyini, şikayətinə görə Qətibə iltizam verərərək həqiqətən ondan borc aldığını etiraf etdiyini, güya ona hər ay 80 manat olmaqla pul verdiyini yazdığını, Qətibənin ona heç bir ödəmə etmədiyini, müxtəlif bəhanələrlə bundan imtina etdiyini, göstərilən səbəbdən ağır maddi vəziyyətə düşdüyünü, ona ağır mənəvi zərər dəydiyini, bu yaşında aldatdığı üçün iztirab keçirdiyini bildirərək məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavaından iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq Cavabdeh 2022-ci ilin yanvar ayında ondan 1000 manat aldığını, aldığı məbləğdən 1 manat olsa belə pul qaytarmadığını, zəng edib borcunu tələb edəndə hər dəfə vaxt istədiyini, sonradan onun telefonunu açmadığından evlərinə gedərək pulunu tələb etmək istədiyini, ona verdiyi ünvana bir neçə dəfə getdiyini, lakin həmin ünvanda yaşamadığını, ünvanını qəsdən səhv dediyinin ona sonradan məlum olduğunu, Qətibənin ünvanını tapıb evlərinə getdikdə yenə vaxt istədiyini, lakin borcunu ödəmədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmişdir. Cavabdeh ona göndərilən məhkəmə sənədlərini şəxsən qəbul etmiş, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli iltizamdam görünür ki, Cavabdeh İddiaçı 1000 manat məbləğində borc pul aldığını, 2022-ci ilin avqust ayına kimi ayda 80 manat olmaqla 640 manat ödədiyini, qalan 360 manatı isə 2023-cü ilin mart ayına kimi ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi olaraq borc müqaviləsi bağlanmış və iddiaçı 1000 manat məbləğində olan pulu cavabdehə borc olaraq vermişdir. Cavabdeh razılaşdırılmış vaxt ərzində iddiaçıya olan borcunu qaytarmamışdır. Cavabdeh 1000 manat borc aldığını etiraf etmiş, iddiaçıya olan borcundan 640 manatını qaytardığını bildirsə də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh məhkəmə bildirişərini şəxsən almağına baxmayaraq məhkəmədə iclaslarında iştirak etməkdən yayınmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə iddianın əsaslı olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İş üzrə bu halların mövcudluğu sübut olunmadığından məhkəmə iddianı həmin hissədə əsassız hesab edir. Belə ki, iş üzrə iddiaçı ona mənəvi zərər vurulduğunu qeyd etsə də, onun nədə ifadə olunmasını sübut edə bilməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 1000 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 23,30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Yuxarı Aralıq kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1000 (bir min) manat pul vəsaiti və 23,30 manat (iyirmi üç manat otuz qəpik) dövlət rüsumu alınaraq Şərur rayonu Çərçiboğan kəndində yaşayan İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar