Məhkəmə qərarları › İş №2(110)-81/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-81/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-81/2025 28.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Muğanlı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 2073,02 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 40,73 manat pulun, cəmi 2113,75 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2023-cü ilin fevral ayında Şərur rayon Muğanlı kənd sakini Cavabdeh ilə qeyri-rəsmi olaraq ailə qurduqlarını, 2023-cü ilin avqust ayına kimi bir yerdə yaşadıqlarını, 2023-cü ilin avqust ayının 18-də cavabdehin ona başqa şəxslərə borcu olduğunu və avtomobilinin mühərrikinin təmirə ehtiyacı olduğunu bildirərək, ondan birlikdə bankya getmələrini və onun adına kredit götürməyi tələb etdiyini, həmin gün Kapital Bankdan 4030 manat məbləğində kredit müqaviləsi onun adına rəsmiləşdirilməklə cavabdeh tərəfindən pul götürüldüyünü, pulu götürdükdən sonra həmin gün onu Şərur rayon Çərçiboğan kəndinə apararaq ondan ayrıldığını, götürülmüş məbləğin bir hissəsi cavabdeh tərəfindən ödənilsə də, xx.xx.2024-cü il tarixə 2073,02 manat kredit borcunun qaldığını, cavabdehdən götürdüyü pulları bankaya ödəməsini tələb etsə də, hər dəfəsində müəyyən bəhanələrlə yayındığını, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X2 izahatında və verilmiş suallara cavabında 2023-cü ilinin fevral ayında onlara getdiyini, sonra isə cavabdehin onun adına kredit götürməyini istədiyini, onunla bərabər banka getdiklərini və aldığı pulun hamısını cavabdehə verdiyini, o puldan bir manat belə olsa götürmədiyini, ona isə 250 manat pul verdiyini və onu qardaşının evinə apardığını, sonra isə onun arxasıca gəlmədiklərini, başqa gəlirinin olmadığını, onun ilk iddiası üzrə 2500 manat təmin olunduğunu, cavabdehin iki dəfə 200 manat ödədiyini, buna görə də cavabdehin götürdüyü krediti ödəmədiyini, kreditə görə 658 manat pensiyasından çıxdığını, pis vəziyyətdə yaşadığını, krediti ödəyə bilmədiyini bildirib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, kredit götürüb maşınını düzəltdirmək istədiyini, lakin yaşına görə ona kredit vermədiklərini, iddiaçının bacısının yoldaşı Müzəffər adlı şəxsə borcu olduğu və kredit götürmək istədiyini bildirdiyini, iddiaçıya onun özünə də pul lazım olduğunu bildirdiyini, onun adına kredit götürüb pulun yarısı özünün, yarısını da iddiaçının götürməsini təklif etdiyini, razılaşıb kredit götürdüklərini, evə gəldikdən sonra 2000 manatı özünün, 2000 manatını da iddiaçının götürdüyünü, pulu götürən günü Küşvərin evdən getdiyini, ona gedən zaman 250 manat pul və telefon verdiyini, özünə aid olan krediti ödəyib bitirdiyini, yerdə qalan borcun isə iddiaçının özünə aid olduğunu, evdən gedən zaman evdəki bütün əşyaları oğurlayıb getdiyini bildirərək iddianın rədd olunmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında özünün hal-hazırda Çərçiboğan kəndində yaşadığını, anası vəfat edəndən sonra atasının tək qaldığını, Küşvər xalanın də tək-tənha Çərçiboğan kəndində yaşadığını, buna görə Küşvər ilə atasının birlikdə yaşamasını istədiyini və gedib ona atası ilə bərabər yaşamasını təklif etdiyini, sonra iddiaçı qayınanasından gəlib onu aparmağını istədiyini, onu çox yaxşı qarşıladıqlarını, onu görmədiyi yerlərə apardıqlarını, hər gün onun borcu olduğunu və stresə düşdüyünü dediyini, buna görə də öz adına kredit götürmək istədiyini, atası ilə gedib 4000 manat kredit götürdüklərini, onun iki min manatını atasına verdiyini, qalan iki min manat özündə qaldığını, atasının özünə aid olan hissəsini ödədiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 180 nömrəli "xxxx" ASC-nin Şərur filialının arayışından görünür ki, X1 adına xx.xx.2023-cü il tarixli GTKR3087960B133 nömrəli kredit müqaviləsi üzrə 4030 manat kredit rəsmiləşdirilmiş, xx.xx.2024-cü il tarixə banka 2073,02 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 12 nömrəli "xxxx" ASC-nin Şərur filialının məktubundan görünür ki, video müşahidə sisteminin serverləri videoyazıları 2 ay saxladığından müşahidə kameralarında xx.xx.2023-cü il tarixdə qeydə alınmış videogörüntülər mövcüd deyildir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərin surətindən görünür ki, GTKR3087960B133 nömrəli kredit müqaviləsi üzrə 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayı da daxil olmaqla 13 ay, hər ay 201 manat kredit ödənişi həyata keçirilmişdir. Həmin kredit ödənişinin cavabdeh tərəfindən edilməsi işin mübahisəsiz halıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı iddia edir ki, xx.xx.2023-cü il tarixdə Kapital Bankdan onun adına rəsmiləşmiş 4030 manat məbləğində krediti faktiki olaraq cavabdeh götürmüş, kreditin bir qismini ödədikdən sonra qalan məbləği (2073 manat) ödəməkdən imtina etmişdir. Cavabdeh isə bildirir ki, iddiaçı tərəfindən götürülmüş kreditin yalnız yarısı - 2000 manat ona verilmiş, qalan yarısını isə iddiaçının özü götürmüşdür. O, öz payına düşən krediti faziləri ilə birlikdə ödəmiş olduğunu, yerdə qalan borcun isə iddiaçının öhdəliyi sayıldığını müdafiə edir. Tərəflər arasında yazılı formada “borc” müqaviləsi tərtib edilməmişdir. Yeganə yazılı sənəd Kapital Bank ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsidir ki, o da bankla iddiaçı arasında münasibətləri tənzimləyir. Video materialların bankda saxlanma müddəti bitdiyindən xx.xx.2023-cü il tarixdə bankda pul vəsaitinin kimə təhvil verildiyi barədə video görüntü məhkəməyə təqdim oluna bilməmişdir. Kredit müqaviləsi iddiaçı ilə bağlanıldığı üçün pul vəsaitinin ona deyil, cavabdehə təhvil verildiyini sübut etmək yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı isə bu hala dair sübut təqdim etməmişdir. Cavabdeh isə 2000 manat pul aldığını və iddiaçının banka olan kredit borcundan ona aid olan hissəni 13 ay, hər ay 201 manat olmaqla 2613 manatını ödədiyinə dair qəbzləri məhkəməyə təqdim etmişdir. İddiaçının özü də cavabdehin onun adına olan kredit borcunun yarısını faizli ilə birlikdə ödədiyini təsdiq etmişdir. İşin mübahisə tələb olunan pul məbləği ilə bağlıdır ki, bu halı iddiaçı sübut edə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən pul tələbinin qanuni əsası “şifahi borc müqaviləsi” və ya “əsasız varlanma” ilə bağlı normalar ola bilərdi. Lakin bankdan iddiaçıya verilən kreditin faktiki cavabdeh tərəfindən götürülməsini (əsassız varlanmanı) və ya iddiaçı tərəfindən cavabdehə 4030 manat pulun borc verilməsini (şifahi borcu) təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə buna görə də iddianın əsassız olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar