Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-819/2024 11.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18350 (on səkkiz min üç yüz əlli) manat pulun, həmçinin ödədiyi 146 (bir yüz qırx altı) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 20 avqust 2018-ci il tarixdə Cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsi ilə cavabdehə 20000 (iyirmi min) manat borc verdiyini, əvvəllər onun vicdanlı davrandığına inansa da artıq bu inamın sarsıldığını, həmin puldan ona müxtəlif vaxtlarda 2 dəfə 500 (beş yüz) manat 1 dəfə isə (dörd yüz) manat, bir dəfə isə 250 (iki yüz əlli) manat, ümumilikdə 1650 (bir min altı yüz əlli) manat geri qaytardığını, qalan borcu qaytaracağına dair çoxsaylı vədlər versə də, borcu qaytarmaqla bağlı heç bir adım atmadığını, beləliklə məhkəməyə müraciət etmək məcburiyətində qaldığını bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq keçirilən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddiasını müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının iddia ərizəsində qeyd etdiklərini və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Kredit müqavilənin 1-ci bəndindən görünür ki, “Borcverən” “Borcalan”a 20000 (iyirmi min) manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borcalan krediti xx.xx.2018-ci il tarixinədək “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq mümkün olmadıqda isə məhkəmə qaydasında həll olunur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 4942 nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən "xxxx" ASC-nin ADM Baş ofisi vasitəsilə dövlət büdcəsinə 146 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, bir tərəfdən Borcverən İddiaçı digər tərəfdən isə Borcalan Cavabdeh olmaqla xx.xx.2018-ci il tarixdə notarial qaydada tədiqlənmiş Kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Borcverən müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək Borcalana 20000 (iyirmi min) manat məbləğində pulun verilməsini təmin etsədə, iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən Borcalan müxtəlif vaxtlarda 2 dəfə 500 (beş yüz) manat 1 dəfə isə (dörd yüz) manat, bir dəfə isə 250 (iki yüz əlli) manat, ümumilikdə 1650 (bir min altı yüz əlli) manat geri qaytarmış, qalan borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 18350 (on səkkiz min üç yüz əlli) manat borcu qalmışdır. Ona görə də cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ödənilməmiş borcun cavabdehdən alınaraq ona ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 89.1-ci maddəsinə əsasən yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 18350 (on səkkiz min üç yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tələb etdiyindən iddiaçı tərəfindən ödənilmiş 146 (bir yüz qırx altı) manatı məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 18350 (on səkkiz min üç yüz əlli) manat məbləğində pul və 146 (bir yüz qırx altı) manat dövlət rüsumu olmaqla, ümumilikdə 18496 (on səkkiz min dörd yüz doxsan altı) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-819/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-819/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver