Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-823/2021 25.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 26.06.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İMEİ kodu **********60624 olan Huawei P20 Lite markalı telefon üçün 311,5 manat ödənilməmiş hissə, 31 manat cərimə; 30.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********96766 olan X1 7 markalı telefon üçün 243,4 manat ödənilməmiş hissə, 24 manat cərimə; 28.01.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12740 olan Samsung Galaxy A6 Plus markalı telefon üçün 350,5 manat ödənilməmiş hissə, 35 manat cərimə; 06.08.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan üçün 993,5 manat ödənilməmiş hissə, 99,1 manat cərimə; 28.06.2019-cu il tarixli müqaviləsinə əsasən LG markalı qabyuyan üçün 1500 manat ödənilməmiş hissə,150 manat cərimə, ümumilikdə 3738 manat borc və 57,38 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə arasında bağlanmış 26.06.2019, 30.04.2019, 28.01.2019, 06.08.2019, 28.06.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********60624 olan Huawei P20 Lite markalı telefon, İMEİ kodu **********96766 olan X1 7 markalı telefon, İMEİ kodu **********12740 olan Samsung Galaxy A6 Plus markalı telefonlar, Samsung markalı paltaryuyan və LG markalı qabyuyan almış və nəticədə 3738 manat borc yaranmışdır. Cavabdeh cəmi 1854,1 manat məbləğində ödəniş etmiş, lakin qalan borcunu isə ödəməmişdir. Bununla da cavabdeh alqı-satqı müqavilələrinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Yazılı sübutlar: İş materiallarında olan 28.01.2019-cu il tarixli 00489317 nömrəli, 06.08.2019-cu il tarixli 00827157 nömrəli, 26.06.2019-cu il tarixli 00743703 nömrəli, 30.04.2019-cu il tarixli 00637481 nömrəli, 28.06.2019-cu il tarixli 00747759 nömrəli alqı-satqı müqavilələrindən görünür ki, cavabdehə 838 manat dəyərində İMEİ kodu **********12740 olan Samsung Galaxy A6 Plus markalı telefon, 1260 manat dəyərində Samsung markalı paltaryuyan, 624 manat dəyərində Huawei P20 Lite markalı telefon, 731 manat dəyərində İMEİ kodu **********96766 olan X1 7 markalı telefon, 1800 manat dəyərində LG markalı qabyuyan satılmış, borcalan isə hər ay alqı-satqı müqavilələri üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 28.01.2019, 06.08.2019, 26.06.2019, 30.04.2019, 28.06.2019-cu il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdehə İMEİ kodu **********12740 olan Samsung Galaxy A6 Plus markalı telefon, Samsung markalı paltaryuyan, Huawei P20 Lite markalı telefon, İMEİ kodu **********96766 olan X1 7 markalı telefon, LG markalı qabyuyan tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 08.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 3398,9 manat əsas, 339,1 manat cərimə olmaqla, cəmi 3738 manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında alqı-satqı müqavilələri bağlanmış və cavabdeh müqavilələrdən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya alqı-satqı müqavilələri üzrə cəmi 3398,9 manat əsas, 339,1 manat cərimə, ümumilikdə 3738 (üç min yeddi yüz otuz səkkiz) manat borcu yaranmışdır. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Alqı-satqı müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində cavabdeh mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şərur rayon İbadulla kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 3398,9 manat (üç min üç yüz doxsan səkkiz manat doxsan qəpik) əsas, 339,1 manat (üç yüz otuz doqquz manat on qəpik) cərimə, ümumilikdə 3738 (üç min yeddi yüz otuz səkkiz) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 57,38 manat (əlli yeddi manat otuz səkkiz qəpik) məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-823/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-823/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver