Məhkəmə qərarları › İş №2(110)-830/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-830/2024

25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-830/2024 25.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladımız xx.xx.2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Şərur rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-43/2020 saylı Qətnaməsi ilə müəyyən edilmiş cavabdehin aylıq qazancına və digər gəlirlərinə olan münasibətdən sabit pul məbləğində tutulmasına dəyişdirilməsi və hər ay 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-43/2020 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə aralarında bağlanmış 02 nömrəli nikah qeydinin pozulduğunu, bu nikahdan doğulmuş azyaşlı övladları xx.xx.2016-ci il təvəllüdlü X6 yaşayış yerinin onun yanında qalmasının müəyyən edildiyini və azyaşlı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsinin qət edildiyini, ilk vaxtlar Cavabdeh müəyyən olunmuş alimenti vaxtlı-vaxtında ödəsə də, son vaxtlar alimenti vaxtlı-vaxtında və tam ödəmədiyini, uşağın bütün qayğısını, ehtiyacını onun özünün çəkdiyini, böyüdükcə uşağın atasına qarşı ehtiyacı və tələbatı artsa da cavabdehin onlara qarşı heç bir diqqət və qayğı göstərmədiyini, o cümlədən Cavabdeh aylıq qazancı (başqa gəlirləri) barədə dəqiq məlumat əldə etməyin onun imkanı xaricində olduğunu, Məhkəmə tərəfindən müəyyən olunmuş alimentin məbləğinin isə 2024-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğindən çox aşağı olduğunu və uşağın gündəlik zəruri tələbatının ödənilməsinə yetmədiyini, övladının isə artıq böyüdüyünü, onun 8 yaşı olduğunu və gündəlik zəruri təlabatının da artdığını, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətin olduğunu, ona görə alimentin cavabdehin aylıq qazancına münasibətdən sabit pul məbləğinə dəyişdirilməsi daha məqsədə müvafiq olduğunu hesab etdiyini, onun aralarında olan ailə münasibətlərindən irəli gələn alimentin artırılması tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Mediasiya Təşkilatına müraciət etdiyini, İlkin mediasiya sessiyasının yeri və vaxtı Cavabdeh bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞN/24-B-00938 saylı arayış verildiyini bildirmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilsədə o, məhkəmə baxışı iclasına gəlməmiş lakin nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında cavabdehin hər ay yüz manat aliment ödədiyini, bundan başqa uşağın heç bir problemi ilə maraqlanmadığını, uşağın bütün tələbatlarının ödənilməsi yükünün iddiaçının üzərinə düşdüyünü, həmçinin həmin pulun yaşayış minimumu məbləğindən çox aşağı olduğunu və uşağın gündəlik zəruri tələbatının ödənilməsinə yetmədiyini qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərdiyi iddia tələbinə qarşı etiraz ərizəsində bildirmişdir ki, 2(110)-830/2024 saylı mülki iş üzrə İddiaçı Nurədin qızı mənə qarşı iddia qaldıraraq bir uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının tələbi əsassızdır. Belə ki, mən və Jalə 2016-cı ilin may ayında rəsmi qaydada nikah bağlayaraq ailə həyatı qurmuşuq. Biz ilk zamanlar mehriban yaşasaq da sonradan münasibətimiz korlanmışdır. Sonra İddiaçı məndən ayrılaraq valideynlərinin yanına getmişdir. Şərur rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-43/2020 saylı qətnaməsi ilə aramızdakı nikah pozulmuşdur. xx.xx.2016-cı il təəllüdlü X6 yaşayı yeri anasının yanında müəyyən olunaraq azyaşlının saxlanılması üçün naylıq qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Mən hər ay 100 manat olmaqla aliment ödəmişəm. Onuda qeyd etmək istəyirəm ki, mən Jalədən ayrıldıqdan sonra ailə qurmuşam və ikinci evliliyimdən bir övladım var. Həmçinin həyat yoldaşım ikinci uşağa hamilədir. Anam şəkər xəstəsidir, özünün gəliri yoxdur. Onun dərmanlarının alınmasına mən köməklik edirəm. mən hazırda işsizəm. Ailənin tələbatını çətinliklə ödəyirəm. İddiaçı bir uşağın saxlanması üçün hər ay 235 manat olmaqla alimentin sabit pul məbləğində tutulması tələbi əsassıdır. Mənim aylıq gəlirlərim ailənin dolanışığı üçün yetərli olmadığı halda sabit pul məbləğində alimentin məndən tələb olunması ədalətsizlikdir. Uşağın saxlanmasında hər iki valideynin bərabər şəkildə vəzifələri vardır. Mənim tərəfimdən hər ay 150 manat tutulması ədalətli olardı. İddiaçı tərəfindən iddianın bu şəkildə qaldırıması məhkəmənin vaxtını almaqdan və qarşı tərəf maddi və mənəvi ziyan vurmaqdan ibarətdir. Qeyd etdiklərimə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə, iddiaçının nümayəndəsinin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmiş və nikahın pozulması haqqında akt qeydi kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Bayramova” soyadı verilmişdir; - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV № 631141 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2016-ci il təvəllüdlü X6 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-43/2020 saylım məhkəmə qətnaməsindən görünür ki, iddia təmin edilməklə iddiaçı Cavabdeh ilə cavabdeh X8 arasındakı 04 may 2016-cı il tarixli 02 saylı nikah pozulmuş, nikahın pozulmasından sonra xx.xx.2016-ci il təvəllüdlü X6 anası X3 yanında qalması müəyyən edilmiş, Şərur rayon Püsyan kəndində qeydiyyatda olan Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə biri miqdarında aliment alınaraq xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün anası Şərur rayon Püsyan kəndində qeydiyyatda olan X5 verilməsi qət edilmişdir; - 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 509814 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X10 arasında xx.xx.2022-ci il tarixdə 64 saylı akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Zeynalı” soyadı verilmişdir; - 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 732607 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 valideyinləridir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-43/2020 saylı qətnaməsi ilə xx.xx.2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment xx.xx.2020-ci il tarixdən hesablanaraq Şərur rayon Püsyan kəndində qeydiyyatda duran İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək məhkəmə tərəfindən müəyyən olunmuş alimentin məbləğinin isə 2024-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğindən çox aşağı olduğunu və uşağın gündəlik zəruri tələbatının ödənilməsinə yetmədiyini, övladının isə artıq böyüdüyünü, onun 8 yaşı olduğunu və gündəlik zəruri təlabatının da artdığını, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətin olduğunu, ona görə alimentin cavabdehin aylıq qazancına münasibətdən sabit pul məbləğinə dəyişdirilməsi daha məqsədə müvafiq olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, cavabdehin ikinci evliliyindən də bir uşağının olmasını, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını, azyaşlı uşağın daha üstün mənafeyinin təmin edilməsi, onun gündəlik zəruri tələbatının yaşayış minumumuna yaxın bir məbləğdə müəyyən edilməsini təmin etmək üçün hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-43/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X9 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın məbləği 80 manatdır ki, bu da il ərzində 960 manat (80) təşkil etdiyindən və hazırki iddia qiyməti 1.000 manatadək olduğundan, artıma müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-43/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2016-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar