Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-836/2025 19.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X6 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və onun nümayəndəsi-Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Yengicə kənd sakini Cavabdeh maşın almaq üçün ondan aldığı 4850 (dör min səkkiz yüz əlli) manat, dövlət rüsumu olaraq ödədiyi 68.50 (altmiş səkkiz manat əlli qəpik) manat və vəkil qonararı olaraq ödədiyi 400 (dörd yüz) manat olmaqla cəmi 5318.50 (büş min üç yüz on səkkiz manat əlli qəpik) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh bir qonşu kəndli kimi əri X2 ilə onlara gələrkən tanış olmuş, onunla aralarında hər hansı bir ədavəti və ya düşmənçiliyi olmayıb, əksinə aralarında münasibət yaranmış və dəfələrlə onlara gəlib getmişlər. Bir gün Miyusif Seyiov onlarda olarkən söhbət əsnasında oğlu X3 heç bir yerdə işləmədiyini, ona bir maşın almaq istədiklərini bildirmişlər. Miryusif maşın alqı-satqısı ilə məşğul olduğunu və onlara ucuz qiymətə Bakıdan “Mersedes” markalı maşın almağa köməklik edə biləcəyini bildirmiş. Həmin vaxt əllərində pul olmadığından xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin Şərur rayon Filialına müraciət edərək 5000 (beş min) manat kredit götürub Bakı şəhərindən onlara “Mersedes” markalı nəqliyyat vasitəsi alması üçün xx.xx.2025-ci il tarixdə əri Xəlil Tahirbəyli ilə birlikdə Cavabdeh ilkin olaraq 850 (səkkiz yüz əlli) manat, daha sonra Cavabdeh evlərində əlavə olaraq 3620 (üç min altı yüz iyirmi manat) manat pul vermiş və Miryusif bildirib ki, “maşını almışam, gedirəm Bakı şəhərinə maşını vuram tıra gəlsin”. xx.xx.2025-ci il tarixdə isə Miryusif yenə də Şərur rayon Axamət kəndinə gəlib əlavə olaraq 400 (dörd yüz) manat pul alaraq bir saata maşını gətirəcəyini bildirdi. Beləliklə maşın almaq üçün Cavabdeh çəmi 4870 (dörd min səkkiz yüz yetmiş) manat pul vermiş. Bu müddət ərzində dəfələrlə Cavabdeh nə vaxt maşın gətirəcəyini soruşduqda bir gün maşının Biləsuvarda Gömrükdə olduğunu, bir neçə gün sonra Cülfa Gömrüyündə olduğunu, bu günə sabaha burada olacağını bildirirdi. xx.xx.2025-ci il tarixdə isə Miryusif onlara ** BG *** dövlət nömrə nişanlı bir köhnə “Mersedes” markalı maşın gətirmiş və maşın köhnə olduğunu, bu maşını Bakı şəhərindən gətirmədiyini və o pula dəymədiyi deyərək bu maşını istəmədiklərini bildirmiş və Miryusif maşını götürüb apardı. Sonra onun yalan danışdığını, Bakı şəhərindən heç bir maşın almadığını, gətirdiyi maşını da eşitdiyinə görə ucuz qiymətə Şərur rayonunda kimdənsə aldığını öyrənmiş və ona görə dəCavabdeh maşın almaq üçün ona verdiyi pulu qaytarmasını tələb etdi. Miryusif onlara qaytarmağa pulu omadığını, pulu verib bu maşını aldığını və maşını satdıqdan sonra onların pulunu verəcəyini bildirdi. Ona görə də mən Şərur rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Cavabdeh maşın almaq üçün ona verdiyimiz 4870 manat pulu 4850 (dörd min səkkiz yüz əlli) manatının alnıb ona qaytarılmasına köməklik göstərilməsini xahiş etdim. Şərur rayon Polis İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda iş üzrə toplanmış material üzrə Cavabdeh əməlində cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasından rədd edilərək mülki qaydada məhkəməyə müraciət etmək hüququm ona izah edilmişdir. Ona görə də müvafiq iddia tələbi ilə Məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, oğlu ayrıldığından cavabdehin onlara “baxıcı” tapa biləcəyini dediyini və onları baxıcıya apardığını, falçının “qurd yağı” istədiyini, bu yağı almaq üçün cavabdehə 800 manat, o cümlədən 50 manat da yol pulu (salyarka üçün) verdiklərini, cavabdehin “qurd yağı”nı gətirmədiyini, bundan bir neçə gün sonra isə maşın almaq üçün 3620 manat pul verdiklərini, bu pulun 120 manatının təyyarə bileti üçün olduğunu, 10-15 gün sonra cavabdehdən maşını soruşduqda onlara hərdən bir cavab vermiş, təqribən 25-26 may 2025-ci il tarixdə cavabdeh evlərinə gələrək onlardan yenidən 400 manat pul istədiyini bildirmiş, bu pulu verdikləri təqdirdə maşını gətirəcəyini bilirmiş, onlar bu pulu da ona vermiş, bir neçə gün sonra cavabdeh onlara şərur rayonundan alınmış nasaz vəziyyətdə, şüşəsi qırıq, akumluyatoru olmayan bir köhnə maşın gətirmiş, maşın yararsız olduğundan özləri bu maşını qəbul etməmiş, həmin vaxt cavabdehin arvadı onlara zəng vuraraq, maşını qəbul etmələrini, əks təqdirdə Seyiddən onların pullarını ala bilməyəcəklərini bildirmiş, bundan sonra dəfələrlə cavabdehdən pullarını istəsələr də, o pulllarını geri ödəməmiş, sadəcə iyun ayında götürdükləri kreditin 1 ayını, yəni 222 manatını onların adından banka ödəyərək, çeki gətirib onlara vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil izahatında cavabdehin polis idarəsində izahatının alındığını və iş materiallarına əlavə olunduğunu bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixlərdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, iddiaçının yalan danışdığını, iddiaçının ona oğlunun boşandığını və onu fala baxana aparmağını istədiyini bildirdiyini, özünün taksi şöfiri olduğunu və onları fala baxana apardığını, falçının onlara qurd yağı almalarını dediyini və onlardan 850 manat pul istədiyini, iddiaçı ona qurd yağı almaq üçün 800 manat və 50 manat taksi pulu verdiyini, pulu iddiaçıdan aldığını, lakin sonradan davaları çıxdığı üçün baxıcıya pulu vermədiyini, həmin pulun onda qaldığını, sonra onlar oğullarına maşın almaq istədiklərini demiş, bu məqsədlə özü Bakıya gedərək maşını aldığını, lakin maşının bir az gec Naxçıvana gəldiyini, motoru dəyişildiyi üçün nömrəsi yazılmadığından onu Bakıya geri qaytardığını və həmin adamdan pulu aldığını, sonra maşın almaq üçün Çomaxtur kənd sakini Yumru adında şəxslə 2500 manata razılaşdığını, maşının qayının həyətində olduğunu, onun cəriməsi ödədikdən və motorundakı nasazlıq aradan qalxdıqdan sonra 3780 manata başa gəldiyini, həmin maşını onlara verdiyini, lakin onların maşını bəyənmədiklərini, bir müddət onda qaldığını, nağd pulum olmadığı üçün onların pulunu qaytara bilmədiyini, onların kreditinin bir ayı olan 222 manatı ödədiyini, onların kreditini hər ay ödəyəcəyəni bildirdiyini, lakin onlar onun dediyini qəbul etmədiyini, maşının motoru bağlandığı üçün maşını satdığını, onun hal-hazırda onların pulunu hamısını ödəməyə imkanının olmadığını bildirmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavadehin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Yazılı sübutlar: İş materiallarında olan 15 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Şərur rayon polis İdarəsinə müraciət edərək cavabdeh Şərur rayon Yengicə kənd sakini Cavabdeh onun etibarından istifadə edərək onun 3620 manat bir, 800 manat bir, 400 manat da bir olmaqla, ümumilikdə 4820 manat pulunu mənimsəməsini bildirmiş və İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materillarında olan Cavabdeh Şərur Rayon Polis İdarəsində verdiyi izahatından görünür ki, o, iddiaçıdan ümumilikdə 4800 mant pul aldığını etiraf etmişdir. İş materiallarında olan DVD-diskdə olan səs yazılarından belə görünür ki, iddiaçı və həyat yoldaşı cavabdehlə telefon danışı zamanı ona verdikləri pulları (3620 manat bir, 400 manat bir, 850 manat bir) ondan tələb edirlər, telefon danışığı zamanı cavabdeh iddiaçıdan aldığı pulun məbləğini etiraf edir və onlardan aldığı pulları hissə-hissə ödəməyi təklif edir. Məhkəmənin əsaslandırması: Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, belə münasibətlərin mövcud olduğu halda isə bu öhdəliklərin pozulub-pozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı əsassız varlanma obyekti olan pul məbləğinin geri qaytarılması ilə bağlı tələb hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında şifahi formada bağlanmış tapşırıq müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İş materiallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında yazılı müqavilə bağlanmamış olsa da, cavabdehin iddiaçıdan pul vəsaitlərini qəbul etməsi, həmin vəsaitlərin konkret tapşırıqların icrası üçün verilməsi, cavabdehin isə bu tapşırıqları qəbul edərək icra etməyi üzərinə götürməsi tərəflər arasında şifahi formada tapşırıq müqaviləsinin bağlandığını təsdiq edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsinin məqsədləri bir neçə mərhələli və faktiki olaraq bir-biri ilə əlaqəli olmuşdur. Belə ki, işin hallarından və tərəflərin izahatlarından görünür ki, ilkin mərhələdə iddiaçı ailəvi problemlərlə bağlı cavabdehin təklifi və vasitəçiliyi ilə fala baxan şəxsə müraciət edilməsi, həmin falçı tərəfindən tələb edildiyi iddia olunan “qurd yağı”nın alınması, sonrakı mərhələdə isə iddiaçının oğluna Bakı şəhərindən nəqliyyat vasitəsinin alınması tapşırıq müqaviləsinin vahid öhdəlik münasibətləri çərçivəsində məqsədlərini təşkil etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı 850 manat (800 manat “qurd yağı” üçün, 50 manat yol xərci), habelə sonradan aldığı 3620 manat və 400 manat məbləğində pulları müxtəlif adlar altında, lakin eyni tapşırıq münasibətləri çərçivəsində qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən isə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdehin pul vəsaitlərini qəbul etməsi və tapşırıqların icrasına dair vədlər verməsi onun tapşırığı qəbul etdiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Lakin cavabdeh nə fala baxan şəxsə pulun verilməsini, nə “qurd yağı”nın alınmasını, nə də Bakı şəhərindən razılaşdırılmış nəqliyyat vasitəsinin alınmasını sübut edə bilmişdir. Əksinə, iş materiallarında olan cavabdehin polis orqanında və məhkəmə hazırlıq iclasında verdiyi izahatlarından və DVD-diskdə olan səs yazılarından görünür ki, cavabdeh iddiaçıdan aldığı pul vəsaitlərinin məbləğini etiraf etmiş, həmin vəsaitləri geri qaytara bilmədiyini bildirmiş və borcun hissə-hissə ödənilməsini təklif etmişdir. Bu hal cavabdehin tapşırıq müqaviləsindən irəli gələn öhdəlikləri icra etmədiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. İş materiallarından belə görünür ki, cavabdeh tapşırığın nəticəsini iddiaçıya təqdim etməmiş, eyni zamanda aldığı pul vəsaitlərini də iddiaçıya qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına varlanmışdır və varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmağa borcludur. Belə ki, hazırkı halda cavabdehin iddiaçıdan aldığı pul vəsaitlərini özündə saxlaması ilkin olaraq tapşırıq müqaviləsinə əsaslansa da, həmin müqavilə icra edilmədiyindən cavabdehin bu vəsaitləri özündə saxlaması üçün hüquqi əsas yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, cavabdeh tərəfindən pul vəsaitlərinin qaytarılmaması əsassız varlanma təşkil edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091–1092-ci maddələrinə uyğun olaraq cavabdeh həmin vəsaitləri iddiaçıya qaytarmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehə tərəflər arasında şifahi şəkildə bağlanılmış tapşırıq müqaviləsi çərçivəsində müvafiq işlərin görülməsi məqəsədilə ümumilikdə 4850 manat pul ödənildiyini qeyd etsə də, o, Şərur rayon polis İdarəsidə verdiyi izahatında bu məbləğin 4820 manat olduğunu bildirmiş, məhkəmə içlaslarında verdiyi izahatında isə cavabdehə verdiyi 4850 manat pulun 50 manatının falçıya getmək üçün cavabdehə verilən yol pulu (yanacaq xərci) olduğunu bildirmiş, iddiaçı qeyd olunan pulların hansı məbləğdə və hansı məqsədlə cavabdehə ödənilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materillarında olan Cavabdeh Şərur Rayon Polis İdarəsində verdiyi izahatından görünür ki, o, iddiaçıdan ümumilikdə 4800 mant pul aldığını etiraf etmişdir. Bu səbəbdən də məhkəmə iş üzrə yekun qərara gələrkən iddianı cavabdehin təsdiq etdiyi hissədə əsaslı hesab etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin tərəfindən etiraf olunan faktlar işin həqiqi hаllаrına və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun olduğundan, bu etiraf qəbul edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının adından banka 222 manat kredit ödənişi etmişdir. Bu hal öhdəliyin qismən icrası kimi qiymətləndirilir və qaytarılmalı olan ümumi məbləğdən çıxılmalıdır. Həmçinin məhkəm belə hesab edir ki, iddiaçı tələbində vəkil qonararı olaraq ödədiyi 400 (dörd yüz) manat pulun da cavabdehdən alınaraq, ona ödənilməsini tələb etsə də, həmin xərcin faktiki olaraq ödənildiyini təsdiq edən hər hansı yazılı sübutu – o cümlədən qəbz, ödəniş sənədi, müqavilə və ya bu xərci təsbit edən digər rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, tərəflər iddia və ya etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməyə borcludurlar. Həmçinin MPM-in 88-ci maddəsinə görə, məhkəmə yalnız iş materiallarında mövcud olan və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək qərar qəbul edir. Bu iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin tərtibi ilə bağlı xərcin çəkildiyini göstərən sübutlar təqdim edilmədiyindən, həmin xərcin mövcudluğu və məbləği məhkəmə tərəfindən müəyyən edilə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın həmin hissəsi sübut olunmamış hesab edilir və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsinin şərtləri baxımından, cavabdeh həmin müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinin tələbinə görə məhkəmələrə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də baş vermiş qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan aydın olur ki, Cavabdeh müharibə veteranıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 68,50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli; -Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli; -İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 68,50 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 68,50 manat (altmış səkkiz manat əlli qəpik) məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-836/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-836/2025
19.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver