Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-841/2024 25.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6800 manat borc, 2000 manat vurulmuş əlavə ziyan və ödənilmiş 108 manat dövlət rüsumu olmaqla cəmi 8908 manat pulun Cavabdeh alınaraq ona iddiaçı X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun 1963-cü ildə Ermənistan Respublikasında doğulduğunu, sonradan məlum məsələlərlə əlaqədar Şərur rayonu Dərəkəndində məskunlaşdığını və burada böyüdüyünü, ailə qurduqdan sonra Qırğızıstan Respublikasına köçdüyünü və həmin ölkənin vətəndaşı olmaqla on ildən artıq orada yaşadığını, sonradan təkrar Şərur rayonuna qayıtsalar da dolanışıq səbəbindən Türkiyə Respublikasına getməli olduqlarını, hazırda da uzun müddətdir orada yaşadıqlarını, Türkiyə Respublikasında olarkən qızı Jalənin Şərur rayonu Oğuzkənd sakini Cavabdeh ilə tanış olduğunu və onların ailə qurmaq qərarına gəldiklərini, cavbdehin anası Fatmanın onunla əmiqızı olmaqla qohumluq münasibətlərinin olduğunu, bu səbəbdən də onun bu nikaha razı olduğunu və təqribən on il bundan qabaq onların qız toyunun İstanbul şəhərində, oğlan toyunun isə Şərur rayonu Oğuzkəndində baş tutduğunu, ailə qurduqdan sonra onların bir müddət burada yaşadıqlarını, sonradan cavabdehin eyni zamanda anası Fatmanın ona zəng edərək burada iş olmadığı üçün cavabdehin pula ehtiyacı olduğunu bildirərək bir az xərclik bir az da yol pulu etmək üçün borc pul istədiyini, həmin vaxt onun pulum olduğunu, onların ailəliklə Türkiyə Respublikasında yaşayıb işlədiklərini və ev almaq üçün pul yığırdıqlarını, bu pulu da saxlamaq üçün bacısının əri Şərur rayonu Mahmudkənd sakini X2 göndərdiyini, cavabdehin həm qohum həm də kürəkəni olduğu üçün onun bu istəyinə etiraz etmədiyini bacısının əri Məhərrəmə ona pul verməsini xahiş etdiyini, Məhərrəmində onun sözünə görə cavabdehə hissə-hissə hər dəfə 2000 ABŞ dolları olmaqla ümumilikdə 4000 ABŞ dolları məbləğində pul verdiyini, cavabdehin aldığı borcu buradakı borclarının ödəməsinə və yol pulu olaraqTürkiyə Respublikasına gələrək orada işləyib qaytaracağına söz verdiyini, lakin həmin tarixdən 5-6 il keçməsinə baxmayaraq cavabdehin aldığı borcu qaytarmadığını, ona edilmiş xəbərdarlıqlara məhəl qoymadığını, bundan sonra tərəfindən Şərur rayon Polis İdarəsinə müraciət edilsə də heç bir nəticə olmadığından onun məcbur qalıb məhkəməyə müraciət etdiyini, Cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanı ödəməli olduğunu hesab etdiyini, onun ondan aldığı borc pulu qaytarmaması nəticəsində ona əlavə olaraq 2000 manat məbləğində maddi ziyan vurulduğunu, buna görə də 4000 ABŞ dollarının bu günə olan məzənnəsi ilə 6800 manat borc pul həmçinin bu pulun qaytarılmamsı ilə əlaqədər mənə vurulmuş 2000 manat maddi ziyan olmaqla ümumilikdə 8800 manat pulun cavabdehdən alınaraq ona verilməsini tələb etdiyini, məhkəmənin iddia tələbinin təmin edilməsi barədə qanunauyğun qərar qəbul edəcəyinə ümid etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X4 ifadəsində onun Zeynfıranın bacısının əri olduğunu, Zenfıranın Türkiyə Respublikasında işlədiyini, aylıq qazandığı pulları saxlamaq üçün ona göndərdiyini, dəqiq vaxtı xatırlamasada təqribən 4-5 il bundan əvvəl Zenfıranın ona zəng edərək kürəkəni Aminin onlara gələcəyini, ona 2000 ABŞ dolları pul ver dediyini, Aminin gəldiyini, ona 2000 ABŞ dolları pul verdiyini, bir müddət sonra Zenfıranın yenə zəng edərək Aminə 2000 ABŞ dolları əlavə pul ver dediyini, Aminə 2000 ABŞ dollar da əlavə verdiyini, ümumilikdə Zenfıranın pulundan kürəkəni Aminə 4000 ABŞ dolları pul verdiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini qarşılıqlı qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı məhkəmə şahid ifadəsini mötəbər sübut kimi qiymətləndirərk belə qənaətə gəlir ki, həqiqətən də iddiaçının deməsinə müvafiq olaraq şahid X4 iddiaçının onda olan pulundan ayrı-ayrı vaxtlarda iki dəfə - hər dəfə 2000 (iki min) ABŞ dolları olmaqla, ümumilikdə cavabdehə 4000 (dörd min) ABŞ dolları məbləində cavabdehə pul verilmişdir. Cavabdehə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş və həmin pulu iddiaçıya qaytarmasına dair də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya olan borc ödənilmədiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Buna görə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, iddiaçının 4000 (dörd min) ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tələb etdiyi 6800 (altı min səkkiz yüz) manat məbləğində pulu iddiaçıya ödəməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən vurulmuş əlavə ziyana görə 2000 manat tələb etsədə, vurulmuş ziyanın nədən ibarət olmasına dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi həmin hisədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaşı tərəfindən cavabdehə borcun verilməsi öz təsdiqini tapmış, lakin cavabdeh borcun iddiaçıya qaytarılması öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının cavabdehə borc verdiyini şahid ifadəsi ilə sübut etmiş, cavabdehə isə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş və həmin pulu iddiaçıya qaytarmasına dair də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 108 manat dövlət rüsumunun 24.54 manatı iddiaçıya aid edilməli, 83.46 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində borc pul və ödənilmiş 108 manat dövlət rüsumuun 83.46 (səksən üç manat qırx altı qəpik) manatı olmaqla, ümumilikdə 6883.46 (altı min səkkiz yüz səksən üç manat qırx altı qəpik) məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6800 (altı min səkkiz yüz) manat məbləğində borc pul və ödənilmiş 108 manat dövlət rüsumuun 83.46 (səksən üç manat qırx altı qəpik) manatı olmaqla, ümumilikdə 6883.46 (altı min səkkiz yüz səksən üç manat qırx altı qəpik) məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-841/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-841/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver