Məhkəmə qərarları › İş №2(110)-877/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-877/2024

09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-877/2024 09.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-29/2020 saylı qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, 2 uşağa görə 220 (iki yüz iyirmi) manat müəyyən olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə 88 nömrə ilə bağlanmış nikah aktının Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-29/2020 saylı qətnaməsinə əsasən pozulduğunu, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 onun yanında qalmaları və ataları Cavabdeh bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, Cavabdeh ödədiyi alimentin miqdarının isə uşaqların gündəlik tələbatlarını ödəməyə yetmədiyini, bu müddət ərzində uşaqlarının böyüdüyünü, onların xərclərinin artdığını, tələbatlarının ödənilməsinin çətinləşdiyini, mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiklərini, Cavabdeh ilkin mediasiya sessiyasına iştirak etmədiyini və müvafiq arayışın alınaraq iddia ərizəsinə əlavə olunduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh həqiqətən də, iddiaçı ilə aralarında bağlanmış nikah qeydinin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(110)-29/2020 saylı saylı qətnaməsinə əsasən pozulduğunu, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 analarının yanında saxlanılması və birgə nikahdan doğulmuş azyaşlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçının xeyrinə ödənilməsinin müəyyən edildiyini, uşaqlarının aliment ödənişlərini vaxtı-vaxtında ödədiyini, əlavə olaraq uşaqlarının hazırlıq pullarının əksər aylarını ödədiyini, özünün müəllim işlədiyini, aylıq təminatının qənaətbəxş olmadığını, yenidən ailə qurduğunu, yaxın zamanlarda uşağının da doğulacağını, bütün bunlara baxmayaraq hər uşaq bir üçün 160 manat olmaqla, ümimilikdə iki uşaq üçün 320 manat aliment ödəyə biləcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasındakı nikah xx.xx.2020-ci il tarixdə pozulmuş, həmin tarixdə 36 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Vəliyeva” soyadı verilmişdir. - Şərur Rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2007-ci il təvəllüdlü X1 valideyinləridir; - Şərur Rayon Cəlilkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2011-ci il təvəllüdlü X2 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-29/2020 saylı saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X6 ilə Cavabdeh arasındakı 06 iyun 2007-ci il tarixli 88 nömrəli nikahın pozulması, Nikahın pozulmasından sonra xx.xx.2007-ci ildə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 anası X3 yanında qalmasının müəyyən edilməsi, Şərur rayon Cəlilkənd kəndində qeydiyyatda olan Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 110 (bir yüz on) manat, ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında aliment alınaraq xx.xx.2007-ci ildə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Şərur rayonu, Cəlilkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan X3 xeyrinə ödənilməsi qət edilmişdir; Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-29/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı alimenti vaxtında ödəsədə, onun ödədiyi alimentin miqdarının isə uşaqların gündəlik tələbatlarını ödəməyə yetmədiyi, artıq uşaqlarının böyüdüyü, gündəlik zəruri tələbatlarının da yetərincə artdığı, alimentin uşaqların normal qidalanmasına, istirahətinə təmin etməyə kifayət etmədiyi müəyyən olunmuşdur. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, hər uşaq üçün 160 manat olmaqla, ümimilikdə iki uşaq üçün 320 manat aliment ödəyə bilməsi barədə izahatını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-29/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X5 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 100 manatdır ki, bu da il ərzində 1200 manat (100x12) təşkil etdiyindən buna müvafiq olaraq da 32 (otuz iki) manat (30+200x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-29/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar