Məhkəmə qərarları › İş №2(110)-880/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-880/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-880/2021 03.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 10.11.2020-ci il tarixli və 28.10.2020-ci il tarixli müqavilələr üzrə 1382 (bir min üç yüz səksən iki) manat məbləğində borcun və ödənilmiş 33,82 (otuz üç manat səksən iki qəpik) manat miqdarında dövlət rüsumunun alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, iddia ərizəsi MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun olaraq tərtib edilməmiş, iddia ərizəsində cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları, iddianın qiyməti, sübutların siyahısı qeyd edilməmiş və cavabdehə təqdim etmək üçün sübutların siyahısının surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmənin əsaslandırması: 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəllənin 150.1.5-ci maddəsinə görə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. Mülki Prosessual Məcəllənin 150.3-cü maddəsinə görə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan əlavə iddia ərizəsinə əlavə olunmuş alqı-satqı müqaviləsinin 2.5-ci bəndinə görə müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin 3.1-ci bəndinə görə müştəri müqavilənin şərtlərini pozduğu halda malı "xxxx" MMC-nin tələbi ilə ona geri qaytarmalıdır. Müqavilənin 3.2-ci bəndinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib müştərinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Müqavilənin 4.2-ci bəndinə görə müştəri müqavilənin şərtlərini pozduğu təqdirdə "xxxx" MMC onun borcunun ödənilməsinə imkan verən əmlakın müəyyən edilməsi məqsədilə (məhkəmədən əvvəl) və məhkəmə qətnaməsinin icrasına köməklik göstərilməsi üçün baxış keçirir və bu barədə şahidlərin iştirakı ilə akt tərtib edir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavənin 2-5-ci bəndlərində görə ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür. Müştəri ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır, bu zaman mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özü və ya onun müəyyənləşdiriyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. Müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə borclunun öz öhdəliyini icra etməməsini əsas gətirərək, cavabdehdən həmin müqavilə üzrə yaranmış borcun, yəni əmlakın dəyərinin tam ödənilməsini tələb etsə də, cavabdehdən müqavilə üzrə ona verilmiş malların geri qaytarılması tələb etməsi və malların geri qaytarılmasının mümkünsüzlüyünü təsdiq edəcək sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, iddia ərizəsi geri qaytarılarkən Azərbaycam Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 18 noyabr 2021-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 33,82 (otuz üç manat səksən iki qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçı “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. X2 X1 hesabına 18.11.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənmiş 33,82 manat (otuz üç manat səksən iki qəpik) miqdarında dövlət rüsumu “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar