Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-909/2025 30.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X9 Elmar oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı X2, Cavabdeh qanuni nümayəndəsi Nümayəndə Pərviz oğlunun iştirakları ilə İddiaçı X2 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş azyaşlı övladı-29 dekabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-1093/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 110 manat miqdarında sabit pul məbləğində alimentin artırılmasını, bu məbləğin 246 manat miqdarında müəyyən edilərək Cavabdeh tutulmaqla onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-1093/2023 saylı qətnaməsinə əsasən, onun Cavabdeh ilə birgə nikahından doğulmuş azyaşlı övladı-29 dekabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 110 manat məbləğində sabit pul formasında aliment tutulması müəyyən edilmişdir. Cavabdeh İ qrup əlil olub, hər ay 600 manat məbləğində əlillik təqaüdü alır. O, aliment ödəməkdən başqa, övladının digər zəruri tələbatları ilə maraqlanmır. Mövcud aliment məbləği isə uşağın gündəlik və artan ehtiyaclarını qarşılamağa kifayət etmir. Övladı hazırda 12 yaşındadır və yaşının artması ilə əlaqədar geyim, qidalanma, təhsil və digər gündəlik xərcləri də çoxalmışdır. Bu səbəbdən azyaşlının saxlanılması ilə bağlı məsuliyyətin təkbaşına onun üzərinə düşməsi maddi baxımdan çətinlik yaradır. İddiaçı bu halları nəzərə alaraq, cavabdehdən tutulmalı aliment məbləğinin artırılmasını və azyaşlı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı X7 ərizəsini müdafiə edərək, cavabdehlə 2009-cu ildə evləndiklərini, 2014-cü ildə nikahda daxil olduqlarını, həmin nikahdan bir uşağının doğulduğnu, qızının böyüdüyünü, 8-ci sinifdə oxuduğunu, hazırlıqlara getdiyini, qızı ilə birlikdə Şərur rayonunun Yengicə kəndində kirayədə yaşadığını, aylıq 100 manat kirayə ödədiyini, özünün Şərur şəhərində yerləşən “Vağzalı” restoranında xadimə işlədiyini, rəsmi əməkhaqqısı 400 manat olsa da, həmin məbləği almadığını, toy olandan olana 30 manat aldığını, uşaq üçün 110 manat aliment aldığını, bundan başqa Şərur şəhərində yerləşən bazarda mağaza kirayələdiyini, həmin mağazadan gündəlik çörək pulu çıxartdığını, aylıq təxminən 200 manat qazanc əldə etdiyini, bundan əlavə isə Şərur şəhərində yerləşən “Hacıoğlu“ inşaatda işlədiyi üçün isə aylıq 120 manat aldığını bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh qanuni nümayəndəsi Nümayəndə izahatında və verilən sualları cavablandırarkən iddianı qəbul etmədiyini, əmisinin xəstə olduğunu, özünün onun üzərində qəyyum təyin olunduğunu, iddiaçının qazancının yaxşı olduğunu, Şərur şəhərində yerləşən bazarda mağazasının olduğunu, həmçinin Vağzalı” restoranında və “Hacıoğlu“ inşaatda işlədiyini, əmisinin gözünün xəstə olduğunu, aylıq göz damcısı dərmanına 112 manat verdiyini, həmçinin yeməyi və geyimi üçün də pul xərcləndiyini, cavabdeh tərəf olaraq iddia tələbi ilə bağlı aylıq 160 manat ödəyə biləcəklərini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Yengicə kənd İƏDN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ № 854111 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X5 atası Cavabdeh, anası İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-1093/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 29 dekabr 2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmçinin həmin qətnamədən görünür ki, həmin dövrdə Cavabdeh İİ qrup əlil kimi 220 manat pensiya almışdır. İş materiallarında olan X1 xx.xx.2025-ci il tarixli, MŞN/25-Q-01032 nömrəli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbi ilə mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh prosesdə iştirak etmədiyi üçün mediasiya baş tutmamışdır. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 116 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildiyindən Nümayəndə onun üzərinə qəyyum təyin edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, iddiaçı X7 xadimə işləyir və 400 manat əmək haqqı alır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 650 manat pensiya alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixi ərizədən görünür ki, X7 həmin gün üçün təklif olunmuş 160 manat məbləğində aliment ödənilməsi ilə bağlı cavabdehin qanuni nümayəndəsinin təklifini qəbul etmişdir. Beləliklə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X5 atası Cavabdeh, anası isə İddiaçıdır, uşaq hazırda anasının yanında yaşayır və məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına yatanadək saxlanılması üçün Cavabdeh hər ay 110 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-1093/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin dəyişdirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi yalnız qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş üzrə Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-1093/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildikdən indiyə qədər tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.4-1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. Minimum əmək haqqı 2025-ci ildə ölkə üzrə 400 manat təşkil etdiyindən bir uşaq üçün alimentin miqdarı minimum əmək haqqının 0,4 misli həddində (160 manat : 400 manat = 0,4) müəyyən edilməli və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqı həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalıdır Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Şərur Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(110)-1093/2023 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 110 manat miqdarında aliment müəyyən edilən zaman cavabdeh 220 manat pensiya alırdı. Lakin hal-hazırda onun pensiya məbləği Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, 650 manatdır. Sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, uşaqlar üçün yaşayış minimumunun artmasını, bu müddət ərzində cavabdehin bir uşaq üçün ödədiyi 110 manatdan başqa iddiaçıya uşağın tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, iddiaçının gəlirləri nəzərə alınmalıdır. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini, iddiaçının 160 manat aliment ödənilməsinə razı olduğunu nəzərə alaraq bir uşaq üçün 160 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 23,24 manat (iyirmi üç manat iyirmi dörd qəpik) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, - iddia qismən təmin olunmalı; - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-1093/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli; - iddiaçı X2 yanında saxlanılan xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı X3 ödənilməli; - Aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 23,24 manat (iyirmi üç manat iyimi dörd qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməli; - İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-1093/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. İddiaçı X2 yanında saxlanılan xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı X3 ödənilsin. Alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 23,24 manat (iyirmi üç manat iyirmi dörd üç qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-909/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-909/2025
30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver