Məhkəmə qərarları › İş №2(110)-92/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-92/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-92/2025 04.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən törədilmiş avto qəza nəticəsində mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş 1878 manat maddi zərərin və dövlət rüsumu olaraq ödədiyi 38,80 manat pulun, cəmi 1916,80 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Alışar kənd sakini Cavabdeh xx.xx.2024-cü il tarixdə qəza törətdikdən sonra tanıdığını, onunla əvvəllər hər hansı bir ədavətinin olmadığını, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi Peugeot F Minik markalı, ** BF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Sədərək-Naxçıvan magistral yolunun Mahmudkənd-Yuxarı Daşarx istiqamətində hərəkət edərkən qarşı tərəfdən əks istiqamətdə hərəkət edən ağ rəngli, NAZLİFAN LF7162E-620 MİNİK markalı, ** BG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə, yolayrıcını keçmə qaydalarını pozaraq Şərur şəhər istiqamətinə çönərək qəza şəraitini yaratdığını, nəticədə idarə etdiyi nəqliyyat vasitəsinin qabaq ön hissəsinə və Şərur şəhər istiqamətindən magistral yola çıxışda, durma işarəsində yolun boşalmasını gözləyən Vaz-2106 minik markalı nəqliyyat vasitəsinə dəyməsi nəticəsində hər üç nəqliyyat vasitəsinə maddi zərər yetirdiyini, hadisədən sonra DYPİ-in əməkdaşlarının hadisə yerinə gələrək müvafiq sənədləşmə işlərini apardığını və NAZLİFAN LF7162E-620 MİNİK nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh qəza törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edildiyini, hadisə ilə əlaqədar Naxçıvan MR DİN-in DYPİ-də cavabdeh nəqliyyat vasitələrinə dəyən zərəri qarşılayacağını bildirdiyini, ondan şikayətçi olmamağını xahiş etdiyini, etibarnamə ilə idarə etdiyi PEUGEOT F MİNİK markalı, ** BF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin hesablanması məqsədi ilə Naxçıvan Motors MMC-yə müraciət edərək nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilərək müayinə aktı verilməsini xahiş etdiyini və Naxçıvan Motors MMC-dən idarə etdiyi nəqliyyat vasitəsinə dəymiş zərərin 1878 manat təşkil etdiyini bildirilərək müvafiq müayinə aktını verdiyini, cavabdehə idarə etdiyi nəqliyyat vasitəsinə dəymiş 1878 manat maddi zərəri qarşılamasını xahiş etdiyini, cavabdeh isə pulunun olmadığını və nəqliyyat vasitəsinə dəymiş zərəri qarşılaya bilməyəcəyini bildirdiyini, bu müddət ərzində dəfələrlə ona dəymiş zərəri qarşılamasını bildirsə də cavabdeh hər dəfə pulu olmadığını bildirərək dəymiş zərəri qarşılanmasından yayındığını, mülkiyyətində olan nəqliyyat vasitəsinə cavabdeh tərəfindən törədilmiş avto qəza nəticəsində maddi zərər dəydiyini və dəymiş zərəri qarşılamadığını, ona görə də cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək zərurətinin yarandığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddianı müdafiə etdiyini, avtomobilin yarasız vəziyyətdə qaldığını, yenidən təmir etməsi üçün imkanının olmadığını, "xxxx" MMC-yə müraciət edərək avtomobilə dəymiş zərərin müəyyən olunması ilə bağlı əldə etdiyi arayışı iş materiallarına əlavə etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışı iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etdiyini, avtomobilin bütün zəruri hissələrini İrandan aldığını və avtomobilin təmir edilməsi ilə bağlı usta ilə razılaşdığını, lakin iddiaçının onun təklifini qəbul etmədiyini, buna görə aldıqlarını geri qaytardığını, avtomobilin istədiyi yerdə yığılmasını istədiyini, iddiaçının qeyd etdiyi avtomobillin hissələrini alıb verməyə və onun istədiyi yerdə avtomobilinin təmir edilməsinə hazır olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən X1 327.2-ci maddəsi ilə inzibati xəta törətmiş və ona 80 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(110)- 198/2024 nömrəli qərarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilmiş və şikayət əsassız olduğundan təmin edilməmişdir. Ekspert rəyi: İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2025-ci il tarixli 66 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materillarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə qiymətləndirmə aktında qeyd oluna cədvəldən göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1991-ci il buraxılışlı “Peugeot minik” markalı sedan tipli, tünd-yaşıl rəngli, mühərrikin həcmi 1997 sm olan **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 882 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsini törətmişdir. Həmin hadisə zamanı İddiaçı məxsus Peugeot F Minik markalı, ** BF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Zərər cavabdeh tərəfindən qarşılanmamışdır. İş üzrə məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilmişdir. Ekspertin rəyinə əsasən avtomobilə dəymiş zərər 882 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə işin hallarını, tərəflərin izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmlakına zərər vurulduğundan və ekspert rəyi əsasında hesablanmış zərərin məbləği iddiaçının tələb etdiyi məbləğdən az olduğundan, buna görə də iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, cavabdehdən maddi zərərin qarşılığı olaraq 882 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddianın təmin olunan hissəsinə nisbətdə 18,22 (on səkkiz manat iyirmi iki qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 (əlli) manat pul vəsaitinin iddianın təmin olunmuş hissəsinə mütənaasib olaraq 23,48 manatı (iyirmi üç manat qırx səkkiz qəpik) Cavabdeh, qalan 26,52 manat (iyirmi altı manat əlli iki qəpik) isə İddiaçı alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödəniməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Alışar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 882 manat və iddianın təmin edilmiş hissəsinə münasib olaraq 18,22 manat dövlət rüsumu olmaqla, ümumilikdə 900,22 manat (doqquz yüz manat iyirmi iki qəpik) alınaraq Şərur rayon Yuxarı Daşarx kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 (əlli) manat pul vəsaitinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 23,48 manatı (iyirmi üç manat qırx səkkiz qəpik) Cavabdeh, 26,52 manatı (iyirmi altı manat əlli iki qəpik) isə İddiaçı alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar