Məhkəmə qərarları › İş №2(110)-93/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-93/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-93/2021 11.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və mütəxəssis X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 3950 (üç min doqquz yüz əlli) manatın alınıb mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “pul tələbi barədə” iddia qaldırdığını, cavabdehin ona olan pul borcunun bir hissəsini ödədiyini, ona görə də hazırda iddia tələbini azaldaraq Cavabdeh ona borclu olduğu 900 (doqquz yüz) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə 2(110)-93/2021 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadla mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında Cavabdeh uzun müddətdir ki tanıdığını, cavabdeh azyaşlı uşağının ağır xəstə olduğunu, onun təcili olaraq müalicəyə ehtiyacı olduğunu və müalicə üçün maddi imkanının olmadığını bildirdiyini, buna görə də Cavabdeh 2019-cu ilin ortalarında ondan birinci dəfə 2500 (iki min beş yüz) manat, iki ay sonra 900 (doqquz yüz) manat, bir həftə sonra 300 (üç yüz) manat, 2020-ci ilin sentyabr ayında isə 250 (iki yüz əlli) manat borc pul aldığını, cavabdehin götürdüyü pulların qaytarılmasına təminat olaraq özünə məxsus evin sənədlərini və özünün şəxsiyyət vəsiqəsini ona verdiyini, lakin sonradan cavabdehin onu aldadaraq borcunu ödəmək üçün bankdan kredit götürəcəyini bəhanə edərək ona verdiyi sənədləri geri götürdüyünü, o cavabdehdən pullarını tələb etsə də, müxtəlif bəhanələrlə onun pulunu qaytarmadığını, 2020-ci ilin noyayabr ayında ondan əlavə pul istədiyini, o da əvvəlcə ona olan borcunu etiraf etməsini istədiyini, Kəminənin onunla razılaşdığını, ona borclu olmasını etiraf etməsini qızı tərəfindən telefonla videoya çəkdiyini, Kəminənin ona olan borcunu 2020-ci ilin noyabr ayının 25-dək qaytaracağına söz verdiyini, dediyi vaxtda da borcunu qaytarmadığını, məcbur qalıb məhkəməyə müraciət etdiyini, cavabdehin ona borclu olduğu pulun bir qismini qaytardığını, ona görədə iddia tələbini azaldaraq Cavabdeh ümumilikdə 900 (doqquz yüz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında ona pul lazım olduğu üçün ilk dəfə Gülsüm xalası ilə Elmiragilə getdiklərini və ondan 2500 manat borc pul istədiyini, lakin Elmiranın pulu vermədiyini, bir müddət sonra iddiaçı ilə yolda rastlaşdıqlarını, ona pul var lazım olsa gəlib götürərsən dediyini, o da pulu götürmək üçün onlara getdiyini, iddiaçının ona “video çəkəcəklərini, sabah gəlib pulu götürərsən” dediyini, videonu çəkdiklərini, səhəri gün pulu götürmək üçün iddiaçının evinə getdiyini, lakin o pulun verilməsindən imtina etdiyini, 2020-ci ilin sentyabr ayında Elmiradan 250 manat aldığını, həmin pulu da da qaytardığını, hal-hazırda Elmiraya heç bir borcunun olmadığını, həmin video ilə onu şantaj edərək ona özləri üçün müxtəlif vaxtlarda əşyalar aldırdıqlarını, ümumiyyətlə iddiaçıya heç bir borcunun olmadığını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında mütəxəssis qismində iştirak edən X4 iş materialarında olan CD diskdə olan video çəkilişin nə vaxt çəkilməsi və CD diskə köçürülməsi ilə bağlı bildirir ki, CD diskə köçürülmüş video çəkiliş xx xxxxxx 2020-ci il tarixdə saat 10:54- də qeydə alınmış və xx xxxxxx 2020- ci il tarixdə, saat 09:08-də CD diskə köçürülmüşdür. Məhkəmə iş üzrə tərəflərin izahatlarına və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, təqdim edilmiş CD diskə köçürülmüş video çəkilişdən görünür ki, cavabdeh Hüseynova X1 və onun qızı Əfsanədən iki ildir borc aldığını, Əfsanəyə 2500 (iki min beş yüz) manat, Elmiraya 900 (doqquz yüz) manat bir, 300 (üç yüz) manat bir, 140 (bir yüz qırx) manat da bir pul borclu olduğunu, ayın 25-dək qaytaracağını, qaytarmayacağı təqdirdə qanun qarşısında məsuliyyət daşiyacağını etiraf etmişdir. Məhkəmə baxışı iclasında CD disk mütəxəssisin iştirakı ilə tədqiq edilərkən diskdəki video çəkilişin xx xxxxxx 2020-ci il tarixdə qeydə alındığı müəyyən edilmişdir. Beləliklə də məhkəmə tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh xx xxxxxx 2020-ci il idə borcunun olduğunu etiraf etmiş və borcunu noyabr ayının 25-dək ödəyəcəyi vədini vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla aralarında şifahi borc müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, borcverən İddiaçı şifahi borc müqaviləsinə görə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, borcalan müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, borclu olduğu 1340 (bir min üç yüz qırx) manat pulun bir qismini geri qaytarsa da 900 manat pulu borcverənə qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı öz iddia tələbini sübut etmiş, cavabdeh isə iddiaya qarşı etirazını yalnız öz izahatı ilə əsaslandırmışdır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə 900 (doqquz yüz) manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən, 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar