Məhkəmə qərarları › İş №2(110)-94/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-94/2021

22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-94/2021 22.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X3 vurulmuş 26000 manat maddi və 35000 manat mənəvi zərərin-ümumilikdə 61000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia tələbində cavabdeh qismində göstərdiyi Şərur Şəhər Əfsanə Özəl Müalicə və Diaqnostika Müəssisəsinin adının səhv olduğunu, əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş, ərizəsi məhkəmə tərəfindən qəbul edilmiş və iş üzrə cavabdeh qismində Cavabdeh cəlb edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi uşağı X2 qeysəriyyə əməliyyatı nəticəsində doğulduğunu, doğuş zamanı həkim səhvi ucbatından alın nahiyyəsində deformasiyanın yarandığını, uşağın xəstəliyi barədə sonradan məlumatlarının olduğunu, Neyrocərrahlıq xəstəxanasında uşaq doğulduğu an alın nahiyyəsində deformasiya yarandığının qeyd olunduğunu, uşağın müalicəsi üçün lazımi imkanlardan istifadə etdiyini, ümumi 26000 manat pul xərclədiyini bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi iştirak etməmiş, məhkəmə tərəfindən məhkəmə tibb ekspertizası təyin edilərək müvafiq rəy alınmış, xx.xx.2021-ci il tarixlərdə keçirilmiş məhkəmə iclasında isə X1 təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, buna görə də işə iddiaçının iştirakı ilə baxılmış, iddiaçının xahişi əsasında əlavə sübutların təqdim edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmışdır. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində X4 nümayəndə səlahiyyətlərinin araşdırılması zamanı, Cavabdeh hüquqi şəxs kimi vergi qeydiyyatından keçmədiyi, belə bir mülki hüquq subyektinin olmadığı, X4 fiziki şəxs kimi vergi qeydiyyatından keçərək fərdi sahibkar kimi fəaliyyət göstərdiyi, tibb xidmətinin göstərilməsi üçün lisenziyanı da fərdi sahibkar statusu ilə əldə etdiyi müəyyən olunmuşdur. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçının fikri soruşulmuş, iddiaçı əsl olmayan cavabdehin əvəz edilməsinə razı olmadığından işə irəli sürülmüş tələb üzrə baxılmışdır. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı izahatında və iddia ərizəsində xx.xx.2015-ci il tarixdə uşağı X2 Cavabdehndə doğulduğunu, doğuşun qeysəriyyə əməliyyatı nəticəsində baş verdiyini, uşaq doğulduqdan sonra həmin müalicə müəssisəsinin uşağın alın nahiyəsində deformasiya olması barədə onlara heç bir məlumat verilmədiyini, buna görə müalicə aparılmadığını, evə buraxıldıqdan sonra uşaqda narahatlıq yarandığını, həkimə müraciət edən zaman həkimlərin uşağın doğuş zamanı alın nahiyyəsində deformasiya olduğuna görə və vaxtında müalicə aparılmadığı üçün uşaqda bu cür fəsadların olduğunu bildirdiyini, iddiaçının bundan sonra uşağın müalicəsi üçün lazımi imkanlardan istifadə etdiyini, uşağın vəziyyətinin pisləşdiyini görüb onu Bakı şəhərinə Neyrocərrahlıq xəstəxanasına apardığını, orada 12000 manat ödəyərək əməliyyat etdirdiyini, 2 aydan sonra yenidən əməliyyat olunması lazım olduğunu, bunun üçün 8000 manat əlavə pul ödədiyini, oğlunun 6 yaşı olduğunu, Şərur rayon ƏSMM-dən ona 18 yaşınadək uşaq kimi sosial müavinət verildiyini, Cavabdeh həkimlərinin etdikləri səhvdən sonra bir dəfə də olsun uşaqla maraqlanmadıqlarını, onun müalicəsi üçün heç bir köməklik etmədiklərini, bütün xərclərini özünün çəkdiyini, bu müddət ərzində ona 26000 manat miqdarında maddi zərər dəydiyini, ekspert rəyinə etiraz edərək uşağı X2 Türkiyə Respublikasında da müayinəsinin aparıldığını, müayinə zamanı uşağın alın nahiyəsindəki deformasiyanın qeysəriyyə əməliyyatı zamanı yarandığını bildirdiklərini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014cü il tarixli AZ-İ № 785197 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 xx.xx.2014-cü il tarixdə nikaha daxil olublar. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli AZ-İİİ № 533331 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində doğulmuş X2 atasıdır. İş materiallarında olan Şərur Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 062550 №-li əlillik vəsiqənin sürətindən görünür ki, X5 əlildir. İş materiallarında olan Naxçıvan MR-nın ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli, 464 №-li müayinə qərarından görünür ki, X5 “kəllə sümüyünün genişölçülü sümük defekti” meyarı əsasında sağlamlıq imkanı məhdud hesab olunmuşdur. Ekspert rəyi: Naxçıvan MR-nın Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, 01M №-li rəyindən görünür ki, kəllə sümüklərinin deformasiyasının əmələ gəlməsi, uşağın doğulduğu tarixə uyğun gəlmir. Hamiləlik dövrünün son aylarında uşağın kəllə tikişlərinin vaxtından tez bərkiməsi nəticəsində kəllə sümüklərinin inkişafının çətinləşməsi uşaq doğulduqdan sonrakı dövrlərdə kəllə sümüklərinin deformasiyasına səbəb olmuşdur. Kəllə sümüklərinin deformasiyası yanlış və vaxtından gec aparılan qeysəriyyə əməliyyatının nəticəsi deyildir. Çünki xəstədə müşahidə olunan kəllə sümüklərinin deformasiyası hamiləlik dövründə yaranmış kraniosinestozun (kəllə tikişlərinin bərkiməsi) nəticəsi olaraq yaranmışdır ki, uşaq doğulduqdan sonrakı inkişaf mərhələlərində bu vəziyyət xəstədə ll-li mikrosefaliyanın yaranmasına gətirib çıxarmışdır. Hamilədə ən çox rast gəlinin sitomeqalovirus infeksiyasıdır ki, araşdırılan xəstənin bətndaxili inkişafının 1-ci trimestrində aparılan labarator analizdə həmin virusun yüksək titri (normadan 5 dəfə artıq) aşkarlanmışdır. Novruzova Sahilənin xx.xx.2014-cü il tarixli müayinəsi nəticəsində Cytomeqalovirus İg G-51 (pozitiv), norma 9 NU (neqativdir) infeksiyası aşkarlanmışdır. Bu göstərici hamiləliyin ilkin dövründə anada sitomeqalovirus infeksiyasının olmasını göstərir. Həmin dövrdə virusun plasenta yolu ilə dölə keçmə ehtimalı yüksəkdir. Bu da ilk növbədə dölün bətndaxili dövründə beyin toxumalarının virus tərəfindən zədələnməsi, kraniositenoz, daha sonra pataloji proseslərin nəticəsi olaraq uşaq doğulduqdan sonra inkişafının sonrakı dövrlərində ll-li mikrosefaliyanın əmələ gəlməsinə, bu da öz növbəsində yuxarıda qeyd olunan diaqnozların meydana çıxmasına səbəb olmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı Şərur Şəhər Əfsanə Özəl Müalicə və Diaqnostika Müəssisəsinə qarşı iddia qaldırmışdır. Əsl olmayan tərəf Cavabdeh ilə əvəz olunmuşdur. Məhkəmə araşdırması zamanı “Cavabdeh” adlı hüquqi şəxsin mövcud olmadığı, X4 fiziki şəxs kimi qeydiyyatdan keçərək fərdi sahibkar kimi tibb sahəsində fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Əsl olmayan tərəfin əvəz edilməsi iddiaçıya təklif olunmuş, iddiaçı isə bununla razılaşmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikası MPM-in 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Buna görə də məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.1-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Mülki iş üzrə isə müəyyən olunur ki, iddiaçının tələb irəli sürdüyü cavabdeh hüquqi şəxs mövcud deyil. Buna görə də iddia mövcud olmayan mülki hüquq subyektinə qarşı qaldırıldığından iddia öz-özlüyündə əsassızdır və rədd olunmlalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar