Məhkəmə qərarları › İş №2(110)-940/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-940/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-940/2023 17.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurulmuş ziyanın əvəzi olaraq 33000 manat pulun, ödənilmiş dövlət rüsumunun və eyni zamanda şərikli aldıqları dükandan ona çatası payın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəflərlə işin vəziyyətini müzakirə edilən zaman mübahisənin tərəflərin birgə sahibkarlıq fəaliyyətini həyata keçirilməsi nəticəsində yarandığı aşkar olunmuşdur. Həmçinin bununla bağlı elektron məhkəmə informasiya sisteminə sorğu verilən tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları və onların vergi ödəyicisi kimi qeydiyyatda durduqları, Cavabdeh2 isə fəaliyyətini müvəqqəti dayandırdığı müəyyən olunmuşdur. Məhkəmənin əsaslandırması Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mübahisə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxslər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına 19 dekabr 2022-ci il tarixli 6 nömrəli Plenum qərarı ilə əlavə edilmiş 28-ci bəndə görə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikasının MPM-nin 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar