Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-941/2021 22.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 12.08.2020-ci il tarixli müqavilə üzrə 1159 (bir min yüz əlli doqquz) manat məbləğində borcun və ödənilmiş 31,59 manat (otuz bir manat əlli doqquz qəpik) miqdarında dövlət rüsumunun alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmənin əsaslandırması: Bundan əlavə iddia ərizəsinə əlavə olunmuş alqı-satqı müqaviləsinin 2.5-ci bəndinə görə müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin 3.1-ci bəndinə görə müştəri müqavilənin şərtlərini pozduğu halda malı "xxxx" MMC-nin tələbi ilə ona geri qaytarmalıdır. Müqavilənin 3.2-ci bəndinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib müştərinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Müqavilənin 4.2-ci bəndinə görə müştəri müqavilənin şərtlərini pozduğu təqdirdə "xxxx" MMC onun borcunun ödənilməsinə imkan verən əmlakın müəyyən edilməsi məqsədilə (məhkəmədən əvvəl) və məhkəmə qətnaməsinin icrasına köməklik göstərilməsi üçün baxış keçirir və bu barədə şahidlərin iştirakı ilə akt tərtib edir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavənin 2-5-ci bəndlərində görə ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməyi öhdəsinə götürür. Müştəri ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır, bu zaman mal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özü və ya onun müəyyənləşdiriyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır. Müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə borclunun öz öhdəliyini icra etməməsini əsas gətirərək, cavabdehdən həmin müqavilə üzrə yaranmış borcun, yəni əmlakın dəyərinin tam ödənilməsini tələb etsə də, cavabdehdən müqavilə üzrə ona verilmiş malların geri qaytarılması tələb etməsi və malların geri qaytarılmasının mümkünsüzlüyünü təsdiq edəcək sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iddiaçının nəzərinə çatdırılır ki, 01.10.2021-ci il tarixdən qüvvədə olan MPM-nin tələblərinə uyğun olaraq iddia ərizəsində cavabdehin şəxsi məlumatları (olduğu halda) və sübutların siyahısı qeyd olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, iddia ərizəsi geri qaytarılarkən Azərbaycam Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, “ABC Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 24.09.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənmiş 20 manat və 02.12.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənmiş 11,59 manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. X2 X1 hesabına 24.09.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənmiş 20 manat və 02.12.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənmiş 11,59 manat miqdarında dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-941/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-941/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver