Məhkəmə qərarları › İş №2(110)-945/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-945/2024

12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-945/2024 12.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi barədə” mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aliment məbləğinin dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq Babayeva (Ağayeva) Zəhra Sabir qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən məlumat iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarilmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 149.2.4-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir; - 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır; - 150.0.8.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -3.1-ci maddəsinin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir; - 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr - nikahın davam etdirilməsi şərtləri; valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; uşağın yaşayış yerinin müəyyən edilməsi; uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər; - 28.1.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər; - 29.3.-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinə mediasiya prosesində iştirak etməsinə dair sənəd əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin iddiaçı iddia ərizəsinə öz tələblərinin əsası kimi istinad etdiyi faktları və halları təsdiq edən sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4 - cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən məlumat iddia ərizəsinə əlavə edilməklə yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi barədə” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar